“Ermənistanın strateji önəmi artıq İran üçün başa çatıb” - Varol Esen

10:05 15.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda keçirilən Türkiyə, Azərbaycan və Pakistan birgə hərbi təlimləri böyük Turan ordusunu quraraq, Türkiyə və digər türk dövlətlərinin güclərini birləşdirib Yaxın Şərqdə bir yol layihəsini həyata keçirmək və enerji dəhlizini açmaq üçün yaxşı fürsətlər verəcək”.

Bu fikirləri Hafta.az-a müsahibəsində Türkiyə Böyük Turan Hərəkatı Partiyasının başqanı Varol Esen deyib. Onun sözlərinə görə, təlimlər iki ölkə arasında əlaqələrin daha geniş bölgəyə yayılaraq, Yaxın Şərqdə güclü təsir mərkəzi yaratmaq mənasını verir.

“Adıçəkilən üç ölkə hərbi ittifaq qurmaq üçün birbaşa olmasa da, dolayı yolla ikitərəfli əlaqələr müstəvisində, bu təlimləri keçirməklə həm dünyaya gücünü göstərmək, həm də türk birliyini, Turan ordusunu qurmaq məqsədi daşıdığını düşünürəm. Türk ordusu sülh və sabitlik deməkdir və bunun isbatını Suriyada açıq görürük. Hesab edirəm ki, bu təlimlərlə Türkiyə və Azərbaycan ordularını birləşdirərək hərbi güc yaratmağın mesajını verirlər”, - deyir türkiyəli siyasətçi.

Cənab Esen xatırladır ki, hazırda Pakistan Türkiyənin nüvə silahına malik ən böyük müttəfiqidir. “Türkiyə NATO-nun ikinci böyük gücüdür və təşkilatda Birgə İşçi Qrupa komandanlığın ölkəmizə verilməsi, Türkiyənin öz qüvvəsinə görə İngiltərə, Fransa və Almaniyanı geridə qoyduğunu göstərir” deyən müsahibimiz əlavə edir ki, Türkiyə hərbçiləri Azərbaycan ordusuna NATO səviyyəsində hərbi təlimlər keçir. Azərbaycan və Türkiyə 2019-cu ildə ümumilikdə 13 hərbi təlim keçirib və bu Azərbaycanın hərbi standartlarını yüksəldib.

“Türkiyə - Azərbaycan - Pakistan üçlüyünün sahib olduğu hərbi güc və müdafiə potensialı, Pakistanın nüvə qüdrətini də nəzərə alsaq, Yaxın Şərq, Qafqaz, Avropa, Şimali Afrika, Mərkəzi və Cənubi Asiyanı öz təsiri altına salmış olur”, - deyir cənab Varol Esen.

Partiya sədri deyir ki, “Üç qardaş” hərbi təlimi Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının hərbi müstəvidə rəsmiləşdirilməsi və dünyaya elan edilməsi deməkdir. Bu o deməkdir ki, Zəngəzur bölgəsi müqavilələrə uyğun olaraq nəqliyyatın hərəkəti üçün açılmasa gücdən istifadə edilə bilər. Varol bəy əlavə edir ki, bu, Türk Birliyinin qurula bilməsi üçün atılacaq ən önəmli addımlardan biridir.

“Daha bir nəhəng layihə var: Xəzər dənizini Bəsrə körfəzinə bağlayacaq kanal. İran ərazisindən keçməsi hədəflənib. Rusiya və İranın ortaq layihəsidir və bu yolla Rusiya, Qara dəniz, Xəzər dənizi, Fars körfəzi və Hind Okeanını birləşdirmək istəyir” deyən siyasətçiyə görə, artıq siyasi müstəvidə Ermənistanın strateji önəmi İran üçün başa çatıb. Bundan sonra Ermənistan iqtisadi mənada Türkiyə, Azərbaycan və Rusiyaya bağlı olacaq. "İran, Rusiya və Ermənistan üçlüyü artıq dağılıb. İran hazırda bölgədə vəziyyəti nəzarətdə saxlamaq üçün Ermənistandan istifadə edə bilmir. Türkiyə və Azərbaycan, Ermənistanla münasibətləri normallaşdırmağa doğru addımlayır və bu da İranın son ümidlərini də puç edəcək”, - deyir Varol Esen.

Oxunma sayı 1614
Siyasət rubrikasından digər xəbərlər