“Referendum xalqımızın istəklərini müəyyən etmək üçün ən demokratik yoldur” – Kəşmir Prezidenti (EKSKLÜZİV)

10:25 26.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir dəfə məşhur diplomatlardan biri söhbət əsnasında mənə dedi ki, Kəşmir münaqişəsi həll olunsa, Asiyadakı mövcud problemlərin hamısı aradan qalxacaq. Amma nə yazıq ki, Kəşmir münaqişəsinin həlli yolunun, 70 il olduğu kimi, hələ də sonu görünmür. Hindistan bu torpaqları öz ərazisi hesab edir, Pakistan və bir sıra dövlətlər isə əksinə, Kəşmir xalqının öz müqəddəratını təyinetmə haqqı olduğuna israr edirlər. Hətta bu müstəvidə BMT Təhlükəsizlik Şurasının qətnaməsi də mövcuddur. Qətnaməyə görə Kəşmirdə tam azad və heç bir tərəfin təsiri olmadan referendum keçirilməli, kəşmirlilər öz gələcəklərini necə görürlərsə, ona da səs verməlidir –istəyərlər müstəqil olarlar, istəyərlər Hindistanla qalarlar, yaxud da Pakistana birləşərlər – seçim özlərinindir. Amma Hindistan BMT TŞ-nın bu tələbinin reallaşmasına şərait yaratmır.

Ümumiyyətlə, bu gün Kəşmirdə vəziyyət necədir, insanlar necə yaşayır, niyə dünyanın hər yerində kəşmirlilərin harayı fələstinlilərin, ukraynalıların, gürcülərin və sairinki kimi ucadan səslənmir, niyə Kəşmir faciəsinin acı nəticələri hər ilin bəlli günündə Pakistanın xarici ölkələrdəki səfirliklərində bağlı qapılar arxasında keçirilən tədbirlər müstəvisindən küçə və meydanlara çıxarılmır? Niyə xarici medianın birbaşa kəşmirli siyasətçilərə çıxışı yox səviyyəsindədir? Bütün bu suallara Azad Cammu və Kəşmir Respublikasının Prezidenti Sərdar Məsud Xan Hafta.az-a eksklüziv müsahibəsində cavab verməyə çalışıb.

Cənab prezident müsahibəyə 70 ildən artıqdır davam edən Kəşmir probleminin həllinə mane olan məsələlərə aydınlıq gətirməklə başladı...

- 1947-ci ildən bəri Cammu və Kəşmir xalqı, eləcə də Pakistan dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Kəşmir xalqının iradəsinin müəyyənləşdirilməsi üçün referendumun keçirilməsini istəyir. Bu, Kəşmir xalqının istəklərini müəyyən etmək üçün ən demokratik və dinc yoldur. Lakin Hindistan, BMT-nin belə bir səsverməni keçirməsinə hər vəchlə mane olur. Hindistan kəşmirlilərin timsalında bütöv bir xalqın istəyinə zidd olaraq Cammu və Kəşmir əyalətinin bir hissəsini hərbi təcavüz yolu ilə işğal etdi. Bununla kifayətlənmədi, 1948-ci ildə Azad Cammu və Kəşmir, eləcə də Gilgit-Baltistandan ibarət tarixi Kəşmir ərazisini geri qaytarmaq üçün BMT Təhlükəsizlik Şurasında məsələ qaldırdı, amma məqsədinə nail ola bilmədi. Hətta BMT Təhlükəsizlik Şurası, özünün nəzarəti altında Cammu və Kəşmirdə keçirilməsi nəzərdə tutulan ədalətli bir referendum formulu hazırladı. Amma məlum olduğu kimi, Hindistan müxtəlif bəhanələrlə referendumun keçirilməsinə imkan vermədi və BMT-nin bu prosesdə rolunu məqsədli şəkildə sarsıtmağa başladı və beləcə, 70 ildir ki, diplomatik prosesi gecikdirir. Bu hələ hamısı deyil. Hindistanın işğalçı hərbi qüvvələri və seçdiyi işğalçı idarəetmə orqanları bu müddət ərzində Cammu və Kəşmir xalqına qarşı dözülməz əzablar verir. Bu müddət ərzində yarım milyondan çox insan öldürülüb, təxminən bir milyon insan yurd-yuvasından köçkün düşüb, minlərlə qadın təcavüzə məruz qalıb, minlərlə insan şikəst olub, 14 mindən artıq insan həbsxanalarda və ümumi cəza düşərgələrində çürüyür. Bu gün dünyada ən çox zülmə məruz qalmış insan məhz Kəşmirdə yaşayır.

- Kəşmir əslində, təkcə Pakistanla Hindistan deyil, həm də üçüncü tərəf olan Çin arasında bölünüb. Ancaq nədənsə Çinin adı heç vaxt bu münaqişədə hallandırılmır. Niyə, səbəb nədir?

- Kəşmir münaqişəsində üç tərəf var - Pakistan, Hindistan və bir də Cammu və Kəşmir xalqı. Hətta deyərdim ki, Cammu və Kəşmir xalqı əsas partiyadır, çünki məhz o öz siyasi gələcəyini seçməlidir. Aksay-Çin bölgəsinə gəldikdə, Çin dövləti ilə Hindistan arasında mübahisə mövcuddur. Çünki bu Hindistan Aksay da daxil omaqla, bütün Cammu və Kəşmiri öz torpaqları hesab edir. Kəşmir və Pakistan isə əksinə, Dehlinin mövqeyinə qarşı çıxır. Çin tərəfi də tarixi dəlil-sübutlara istinad edərək Hindistanla razılaşmır. Bu məsələ zaman-zaman tərəflər arasında ciddi mübahisəyə də çevrilir. Məsələn, 1962-ci ildə Hindistanla Çin arasında bu bölgə uğrunda müharibə baş verib. Əlbəttə, bu gün müharibə vəziyyəti olmasa da, heç də problemin aradan qalxdığını deyə bilmərik. Çünki Faktiki Nəzarət Xətti (LOAC) boyunca qarşıdurmalar hər zaman baş verir. Bunlardan ən qorxulusunu - 2020-ci ildə yaşanmış silahlı qarşıdurmanı müsal göstərə bilərik. Bu hadisə Kəşmir mübahisəsi kontekstində beynəlxalq media tərəfindən geniş şəkildə işıqlandırılmışdı.

- Ərazisini və əhalisini göz önünə gətirərsək, Kəşmirin neçə faizi azad və faktiki olaraq müstəqil hökumət statusuna malikdir, neçə faizi Hindistanın, neçə faizi Çinin nəzarətindədir? Məncə, Azad Kəşmirlə yanaşı, Kəşmirin şimal dağlıq hissəsi də Pakistan ordusunun nəzarəti altında qalan ayrı bir bölgədir… Bu məsələyə aydınlıq gətirərdiniz...

- Azad Kəşmir və Gilgit-Baltistanın sahəsi 85846 kvadratkilometr, Hindistanın işğal etdiyi Cammu və Kəşmirin ərazisi təxminən 101338 kvadratkilometr, Çinin nəzarətindəki Aksay bölgəsinin ərazisi isə 38 min kvadratkilometrdir. Yəni Kəşmirin ümumi sahəsi 225 min kvadratkilometrdən bir qədər çoxdur. Əslində Azad Kəşmir və Gilgit-Baltistan ərazisi heç də Pakistan ordusunun nəzarətində olan ayrıca ərazi vahidi deyil. Hər iki bölgəyə Azad Kəşmirin prezidenti və baş nazirinin rəhbərlik etdiyi mülki hökumət nəzarət edir. Siz deyən Gilgit-Baltistanda qubernator və baş nazir var. Pakistan ordusunun bölmələri isə təhlükəsizliyi təmin eləmək üçün Nəzarət Xətti (LOC) boyunca yerləşdirilib.

- Hindistanın nəzarətində olan Kəşmirdə baş verən etiraz aksiyalarından, bəzən aparılan həbslərdən və digər xoşagəlməzliklərdən bəhs edən videoları görürük və eşidirik. Bununla belə, Azad Kəşmir xalqının, eləcə də Çinin nəzarətində qalmış Kəşmirdə yaşayan insanların həyatından bəhs edən sənədli filmlərin nümayiş etdirilməməsi çox maraqlıdır. Bununla bağlı fikrinizi öyrənək. Şəxsən mənim fikrim aydındır: Azad Kəşmir xalqının həyat səviyyəsini, təhsilini, dünyagörüşünü, şəxsi azadlıqlarını, iqtisadi və sosial inkişafını bilmək istərdim...

- Ümumiyyətlə yanaşanda, Azad Kəşmirdə həyat standartları çox yüksəkdir. Adambaşına düşən gəlirin səviyyəsi yüksəkdir və Pakistanda ən yüksək savadlılıq dərəcəsi məhz bizim Azad Cammu və Kəşmir ərazisindədir. Bu gün Kəşmirdə yeni texnologiyalar da daxil olmaqla qabaqcıl fənlər üzrə ali təhsil verən beş dövlət universiteti fəaliyyət göstərir. Yaxın keçmişdə iqtisadi tərəqqi infrastrukturun inkişafı, su elektrik enerjisi istehsalı, turizmin təşviqi, bütövlükdə sənayenin artımı və kənd təsərrüfatı sahəsində innovasiyalara diqqət yetirməklə başladı. Eyni zamanda, Azad Kəşmir səhiyyə sisteminin yenilənməsi, gender bərabərliyi və yoxsulluğun aradan qaldırılması kimi insan inkişafı göstəricilərini yaxşılaşdırmağa çalışır. Vətəndaş azadlıqları və əsas azadlıqlar təmin edilir. O cümlədən, sizin də maraq sahəniz olan media tam azaddır. Demokratik prosesin davamlılığını təmin etmək üçün mütəmadi olaraq seçkilər keçirilir. Elə bu yaxınlarda yeni hökumətin qurulması ilə nəticələnmiş azad və ədalətli seçkilər keçirilib ki, nəticəsi çox şəffaf olub.

- Uzun illərdir Kəşmir münaqişəsinin həlli üçün bəzi cəhdlər olub. Hətta bəzən elə şərait yaranıb ki, münaqişənin həll olunmaq üzrə olduğunu düşünmüşük. Ancaq göründüyü kimi, münaqişə bütün acı həqiqətləri ilə birlikdə qalır. Sizə elə gəlmirmi ki, bu problemin olduğu kimi qalmasında maraqlı olan xarici qüvvələr var?

- Kəşmir münaqişəsinin həll olunmamasının səbəbkarı Hindistandır. Başqa ölkələrin də bu günahda payı var. Hindistanı Çinə qarşı strateji müttəfiq hesab edən Qərb blokuna daxil olan bəzi güclü dövlətlər də Dehlinin Cammu və Kəşmirdəki işğalını davam etdirməsinə dəstək verir. Qərb ölkələri bu gün Ukraynada və dünyanın digər yerlərində insan haqları mövzusunda fəaldırlar, lakin diqqəti Hindistanın işğal etdiyi Cammu və Kəşmirdəki vəziyyətə yönəldikdə gözlərini yumub susurlar. Bütün bunlar qlobal nizamımızı pozan ikili standartlardır. Məhz bu yanaşma hindliləri onlara aid olmayan bölgəyə nəzarəti qorumağa təşviq etdi. İkibaşlı siyasət həm də Hindistana kəşmirlilərin azadlıq və öz müqəddəratını təyin etmək müstəvisində ucaltdıqları səsi susdurmaq üçün güc tətbiqinə ilham verdi. Çünki ikibaşlı siyasət onların törətdiyi əməllərinə görə cəzasız qalmalarına şərait yaradır.

- Niyə bütün dünyada yaşayan kəşmirlilər öz azadlıqları və hüquqları uğrunda mübarizə üçün açıq şəkildə siyasi təbliğat aparmırlar? Niyə kəşmirlilər fərqli ölkələrdə etiraz aksiyaları keçirmirlər, mediada görünmürlər, axı Pakistan hökuməti kəşmirlərin hüquqlarını təkbaşına qorumaqda çətinlik çəkir. Mən şəxsən bir çox kəşmirli ictimai xadimdən müsahibə almağa çalışmışam, amma onlar nəinki problemlərini mətbuata açmaqdan çəkinirlər, hətta belə demək mümkündürsə, danışmaqdan qorxurlar. Məsələn, sonuncu dəfə Məhbubə Müftiyə müraciət etdim, amma o, susdu. Eşitdiyimə görə, xanım Müfti atası kimi kəşmirlilərin hüquqları uğrunda mübarizə aparır. Kəşmirlilər niyə danışmırlar, nədən qorxurlar, nədən ehtiyyatlanırlar?

- Cammu və Kəşmir xalqının öz müqəddəratını təyin etmə hüququ, xüsusilə 2019-cu il avqustun 5-dən sonra Hindistanın işğalı altında olan Cammu və Kəşmiri hind ordusu tərəfindən yenidən işğal edilməsi torpaqlarımızda beynəlxalq səviyyəli azadlıq hərəkatını formalaşdırdı. O vaxtdan bəri Hindistan, işğal altındakı ərazinin kommunal və demoqrafik tərkibini dəyişdirmək üçün, qanunsuz şəkildə milyonlarla hindlini torpaqlarımızda məskunlaşdırıb. Dünyanın hər yerində - Şimali Amerikada, Qərbi Avropada, Yaxın Şərqdə, Şərqi Asiyada - kəşmirlilər və pakistanlılar Hindistanın vəhşiliklərinə etiraz etdilər. İşğal olunmuş ərazilərdəki qorxunc vəziyyəti xarici dövlətlərin ictimaiyyətinə çatdırmaq üçün onların parlamentlərinin, hökumətinin və vətəndaş cəmiyyətininin diqqətini bu məsələyə cəlb etdilər. Həm də BMT, eləcə də bu təşkilatın İnsan Haqları Şurası ilə birlikdə kəşmirlilərə ədalət axtarıblar. İOJK-da (İndia Occupied Jammu and Kashmir – V.T.), mərhum Seyid Əli Gilani, Asiya İndrabi, Yasin Malik və Şabbir Şah kimi əsl Kəşmir liderləri həmişə həbsdə olub və onlara xarici mediaya danışmaq qadağan edilib. Məhbubə Müftiyə gəlincə, o, Hindistan tərəfdarı siyasətçidir. Buna baxmayaraq, Hindistan hakimiyyəti tərəfindən onun da danışmasına icazə verilmir. Məhbubə Müfti kimi liderlərlə danışmağa çalışmaqla əslində yanlış qapını döyürsünüz. Çünki o, və onun kimi bir çoxları nəinki kəşmirlilərin azadlıq çağırışına səs vermir, hətta xalqımıza qarşı törədilən cinayətlərə göz yumurlar. Bununla da Hindistanın kəşmirlilərə qarşı etdiyi cinayətlərin ortağına çevriliblər. Kəşmirin əsl azadlıq liderləri ilə hazırda xaricdə yaşayan İOJK vasitəsilə əlaqə saxlaya bilərsiniz.

- Siz mənimlə razılaşmırsınız, amma şəxsi qənaətim belədir ki, nəinki adi kəşmirlilər, hətta Azad Kəşmirin yerli hökuməti də dünya mediasından çox təcrid olunmuş vəziyyətdədir. Azad Kəşmirin yerli hökumətinin olduğunu çox adam bilmir. Xarici mətbuat olaraq niyə internet vasitəsi ilə sizlərlə əlaqə saxlaya, sual göndərə və cavab ala bilmirik?

- Bu məsələdə sizinlə müəyyən mənada razı deyiləm. Azad Kəşmirin liderləri beynəlxalq media ilə tez-tez əlaqə saxlayırlar. Şəxsən mən, Azad Cammu və Kəşmir prezidenti olaraq işlədiyim müddətdə - 2016-cı ildən üzübəri aparıcı qəzetlərə, xəbər agentliklərinə və televiziya kanallarına müntəzəm müsahibələr vermişəm. Ancaq bəli, bir məsələdə sizinlə tam razıyam ki, özümüzü tanıtmaq və kəşmirlilərin haqq səsini dünyaya çatdırmaq üçün daha çox qarşılıqlı əlaqə qurulmalıdır. Yeri gəlmişkən, bizim Azad Kəşmirdə yerli hökumətimiz var. 1947-ci il oktyabrın 24-də əsası qoyulmuş dövlətimiz Hindistanın işğalı altındakı Kəşmirin azadlığı üçün mübarizə aparır və bu missiya bu günədək davam edir…

Oxunma sayı 3834