“Avstriyada yaşayan hər kəs keçmiş baş nazirin getməsinə sevinir” – Fərid Əzizov

12:50 13.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Avstriyanın kansleri Sebastian Kurts korrupsiya ittihamlarından dolayısı istefa verdi. Amma istefa verərkən yerinə dönəmin xarici işlər naziri Aleksander Şallenbergin namizədliyini irəli sürdü. Təbii ki, elə bu namizəd də yeni hökumət başçısı olub. XİN rəhbəri postuna da Mixael Linhart gətirilib. Əlbəttə, bu yerdəyişmələr məlumdur, amma məsələ ondadır ki, Kurts hakimiyyəti dövründə anti-İslam və anti-türk mövqeyi ilə diqqət çəkib. Bəs yeni Baş nazir və ya XİN başçısı necə siyasət yürüdəcək, İslama və türklərə fərqli münasibət ortaya qoya biləcəklərmi? Hər halda, Şallenberg deyib ki, sələfinin kursunu davam etdirəcək. Amma yeni dövrün siyasi reallıqları başqa yönüm verə bilər onlara...

Avstriya Azərbaycanları Cəmiyyətinin sədri Fərid Əzizov Hafta.az-a müsahibəsində yeni hökumətlə bağlı fikir və gözləntilərini bölüşdü:

- Əvvəlki kansler Sebastian Kurtsun adı tez-tez korrupsiyada hallanırdı. Bu səbəbdən də o, istefa verdi. Kurtsun istefasından sonra keçmiş xarici işlər naziri Şallenberg Avstriyada hökumət işlərini öz üzərinə götürdü. Prezident Aleksander Van der Bellen Şallenbergi ictimaətə təqdim etdi və o, and içib, vəzifəsinin icrasına başladı. Aleksander Şallenberg Avstriyanın 16-cı federal kansleridir. Avstriyanın siyasətində yetərincə tanınan Şallenbergin siyasəti düşünürəm ki, əvvəlkilərdən fərqli olacaq.

- Yeni xarici işlər nazirin Türkiyədə doğulduğu deyilir. Maraqlıdır, bu insanın türklərə və Türkiyəyə hər hansı bağlılığı, açıq və ya gizli rəğbəti varmı?

- Yeni xarici işlər naziri, 63 yaşlı Mixael Linhart doğrudan da 1958-ci il avqustun 31-də Ankarada doğulub. Amma hesab edirəm ki, bu amilin böyük siyasətə bir o qədər təsiri olmayacaq. Bir fakt ondan ibarətdir ki, keçmiş baş nazir Sebastian Kurtsun türklərə qarşı apardığı yanlış siyasət onun insanlar arasında nüfuzdan düşməsinə səbəb oldu. Onun türk fobiyası aşırı dərəcədə özünü göstərirdi. Ümüd edirik ki, yeni gələn nazirlər düzgün siyasət yürüdər və incəlmiş bu siyasəti daha da möhkəmləndirərlər.

- Ümumiyyətlə, hazırda Avstriya azərbaycanlılarının vəziyyəti, Baş nazir dəyişikliyinə onların baxışları, gözləntiləri necədir?

- Avstriyada yaşayan istər yerli, istərsə də bu ölkəyə gələn miqrantlar – hər kəs keçmiş baş nazirin getməsinə çox sevinir. Onun yanlış siyasəti özünü tam çılpaqlığı ilə göstərirdi. Beynəlxalq arenada dövləti nüfuzdan salırdı, islamafobiya və türklərə qarşı aqresiyası açıq görünürdü. Yeni baş nazirdən gözləntilərimiz isə Kurtsun buraxdığı yanlışlıqları təkrarlamamasıdır. Onun ötən illərdə qəbul olunmuş səhv qanunlara yenidən baxacağına ümid edirik.

- Mən şəxsən izləmədiyim üçün bilmirəm, yeni baş nazir XİN başçısı olanda Azərbaycana, eləcə də özümüzdən ayırmadığımız Türkiyəyə münasibəti necəydi. Dövlət olaraq hesab edə bilərikmi ki, Avstriyanın yeni kansleri bizim dostumuzdur və ya ən azından əleyhimizə deyil?

- Bu suala dəqiq və tutarlı cavab vermək, düşünürəm ki, hələ tezdir, bunu zaman göstərəcək. Avstriya siyasətçiləri Azərbaycana qarşı daima dost münasibətdədirlər və bundan sonra da daha sıx əlaqələrimizin yaranacağına əminik. Bu ilin may ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriya - Azərbaycan Ticarət Palatası, Avstriya - Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşlər keçirmişdi. Bu görüşdə Qarabağda icra edilən yeni layihələrdən söz açılmışdı. İnanırıq ki, Qarabağda yenidənqurma işlərində Avstriyanın da öz payı olacaq.

- Bu arada, Şallenberg 44 günlük müharibə dönəmində XİN başçısı idi, onun bu haqq mübarizəmizdə mövqeyi necəydi və təbii ki, şəxsi münasibəti kansler olduqdan sonra da dəyişməz hər halda...

- İstər Avstriya ictimaiyyəti, istərsə də dünya ictimaiyyəti yaxşı bilir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan haqlı mövqedəydi. Azərbaycan işğal altında olan öz halal torpaqlarını azad edir və terorçuları oradan qovur. Şallenberg bu münaqişədə orta nöqtəni götürmüşdü və iki tərəfi də sülhə səsləyirdi. Hətta 2020 ci ilin oktyabr ayında Lüksenburqda keçrilən görüşdə səsləndirdiyi "İki tərəf son aylarda beynəlxalq konfransdan kənarda bir yerdə üz-üzə danışa bilsəydilər, yəqin ki, bu alovlanma baş verməzdi" ifadəsi onun bu münaqişədə fikrinin açıq şəkildə ortaya qoydu.

- Kurtsun hər zaman Türkiyənin əleyhinə çıxdığını, ümumilikdə isə İslama qarşı sərt düşmən mövqe tutduğunu hamımız bilirik. Şallenbergin islama yönəlik duruşu necədir?

- Şallenberg düşünürəm ki, Kurtsdan fərqli olaraq siyasəti daha dərindən bilir və bundan sonra Türkiyə ilə münasibətlərin dərinləşməsinə səy göstərəcək. Avstriyada İslam çox həsas mövzudur, bunu günlərlə müzakirə etmək olar. Hətta ölkədə ikinci din İslam dinidir. Məktəblərdə uşaqlara İslam dinindən dərslər keçrilir və hər kəs öz inancını rahat şəkildə yaşayır. Fəqət yeganə Kurts idi ki, nədənsə onda İslamafobi vardı və bu, onun siyasi karyerasında çox səhflər buraxmasına gətirib çıxardı. Şallenberg bilir ki, din və dövlət fərqli anlayışdır və o, siyasi karyerasını bundan sonra Türkiyə ilə münasibətlərin yenidən qurulmasına sərf edəcək. Bu gün Avstriya əhalisinin 20 faizdət çoxunu türklər təşkil edir. Bu da kifayət qədər düşündürücü mövzudur onun üçün.

Oxunma sayı 3500