Qarabağda snayper müharibəsi – RUS HƏRBİÇİLƏR DƏ QARŞISINI ALA BİLMƏYƏCƏK  

15:12 15.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Minskdə keçirilən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin  görüşü ərəfəsində  erməni silahlılarının Azərbaycanda törətdiyi hərbi cinayət, terror nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Ardınca isə, Rusiya sülhməramlılarının nəzarət zonasındakı qanunsuz hərbi birləşmələrin üzvləri arasındakı toqquşma “Azərbaycanın atəşkəsi pozması” kimi təqdim edilib.

Təbii ki,  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yerləşən qanunsuz erməni silahlı dəstələrinin törətdiyi bu terror aktı cavabsız qala bilməz. Həm Rusiya, həm də Ermənistan bu cinayətlərin cavabını verməlidir. Azərbaycan hansı addımları atmalıdır? Yaxud qatillərə bu cinayətləri törətməyə kim əmr verir?

Hərbi ekspert Şair Ramaldanov hafta.az-a bildirib ki, danışıqların getdiyi bir vaxtda təxribatların törədilməsi erməni dəst-xətti deyil.  Eksert hesab edir ki, bu təxribatı sifariş verən qüvvələr var və bu, bir neçə məqsəd daşıya bilər.

“Revanşist qüvvələri Qarabağ klanı təşkil edib və bu klanın Qarabağda yerləşən silahlı ermənilərlə sıx əlaqəsi var. Məqsəd diqqəti yenidən Qarabağda “münaqişə”nin bitmədiyinə yönəltmək, prosesə beynəlxaql ictimaiyyəti, Minsk Qrupunu cəlb etməkdir. Eləcə də, bu, sülhməramlılarının fəaliyyətinə kölgə salmaq və Rusiya ilə Azərbaycan arasında soyuqluq yaratmaqla münasibətlərə əks təsir edən şəraiti yaratmaq cəhdidir”.  

Ş.Ramaldanov son günlər əvvəl Azərbaycan kolonunun sülhməramlıların müşahidəsində olan ərazilərdən atəşə tutulmasını, o ərazidən çıxan bir pilotsuz uçuş aparatının Azərbaycan tərəfindən endirilməsini, elə həmin gün sinayper atəşi ilə Azərbaycan əsgərinin şəhid olması faktını qeyd edərək, bu təxribatların məhz vəziyyətin gərginləşməsinə, rus sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında toqquşmanın baş verməsinə hesablandığını deyib.  Hərbi ekspert bütün faktlara istinad edərək, hesab edir ki, dərhal Azərbaycan ərazisində qanunsuz silah daşıyan qruplar tərksilah olunmalıdır.

“Bu bir daha göstərir ki, Azərbaycan ərazisində olan silahlı şəxslər ancaq Azərbaycan qanunlarına uyğun qurulmalıdır. Sual olunur: Azərbaycan ərazisində belə silahlı dəstələr niyə gəzirlər? Biz bilirik ki, Azərbaycan mütəmadi olaraq ərazilərdən ağır silahların çıxarılması ilə bağlı işlər aparır.  Amma son hadisə ermənilərin tərksilah edilməsi məsələsini daha da sürətləndirməyi tələb edir. Azərbaycan dövləti bütün addımları atıb. Monitorinq qrupunun rəhbərləri ilə sıx işlər aparılır ki, cinayətkarlar ortaya çıxarılsın. BÜtün hallarda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə olan erməni silahlı qüvvələri tərkhsilah edilməlidir və Azərbaycan bu istiqamətdə işini gücləndirməlidir”.

Ş.Ramaldanov bildirib ki, əsgərlərimiz şəhidin qanını yerdə qoymayacaqlar. Lakin 10 noyabr razılaşmasına görə biz aktiv əməliyyatlar apara bilmirik. O ki qaldı Ermənistan tərəfindən verilən saxta məlumatlara, Ramaldanov belə yalan məlumatların veriləcəyini istisna etmir.

“Emənilər bütün işlərini yalan üzərində qurublar. Nə demələrindən asılı olmayaraq, cinayətkarın tapılb məsuliyyətə alınmasında bir şübhəm yoxdur”.

Politoloq Elxan Şahinoğlu hafta.az-a bildirib ki, ermənilərin Azərbaycana qarşı snayper və informasiya müharibəsi genişlənib.

“Bir neçə gün əvvəl erməni tərəfi iddia etdi ki, guya snayper atəşi nəticəsində Qarabağda yaşayan erməni həlak olub. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı rədd etsə də, Rusiya Müdafiə Nazirliyi erməni versiyasını təsdiq etdi. Bundan bir neçə gün sonra Qarabağdakı separatçılar Kəlbəcər istiqamətində hərəkət edən hərbi nəqliyyat  vasitəmizə atəş açdılar, daha sonra hərbçimizi qətlə yetirdilər. Erməni separatçıları belə bir xəbər yaydılar ki, guya onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçiləri bir-birlərinə atəş açıblar. Bu informasiya müharibəsinin tərkib hissəsi idi”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan ordusu erməni təxribatını və dezinformasiyasını cavabsız qoymadı. Onun sözlərinə görə, Azərbaycan hərbçisinin şəhid olduğu eyni gündə - oktyabrın 14-də Qarabağdakı erməni postlarından birində itkilər qeydə alındı, ölən və ağır yaralananlar oldu.

“Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma olduğu bildirildi: “Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur””.

Politoloq bildirib ki, separatçılar gün ərzində Qarabağda yaşayan erməniləri sakitləşdirməyə çalışırlar. Açıqlama veriblər ki, atışmadan sonra vəziyyət guya sabitləşib və təhlükəyə əsas yoxdur. Çünki erməni separatçıları anlayırlar ki, bu cür gərgin şəraitdə Qarabağdan erməni köçü arta bilər.

“Ancaq erməni separatçıları onu da anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq. Son hadisə həm də onu göstərir ki, erməni separatçıları bölgədə postları olan rusiyalı hərbçilərə etibar etməməlidirlər. Rusiya hərbçiləri onları Azərbaycan tərəfinin intiqam əməliyyatlarından qoruya bilməyəcəklər.

Beləliklə, işğaldan əvvəlki dövrə - snayper müharibəsinə qayıtdıq. Separatçılar rusiyalı hərbçilərin arxasından Azərbaycan hərbçilərinə atəş açarkən düşünürdülər ki, özlərini qoruya biləcəklər. Ancaq bunun erməni separatçılarına faydası yoxdur. Çünki cavab atəşiylə onlar daha çox itki verirlər. Bu gərginlik Qarabağda yaşayan erməniləri də çox qorxudur və onlar gələcəkləri üçün daha çox narahat olmağa başlayıblar. Bu narahatlıq əsaslıdır. Qarabağdakı erməni separatçıları tərksilah olunmayınca vəziyyət gərgin olaraq qalacaq. Bunu hamı anlamalıdır. Snayper müharibəsini nə bölgədəki rusiyalı hərbçilər, nə də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi qarşısını ala bilər”.

 

Oxunma sayı 2536