Kərkükün təhlükəsizliyi necə qorunmalıdır? (Diskussiya)

11:20 24.11.2021
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə dünya mediasında belə bir xəbər yayıldı ki, İraqın Kürdistan muxtariyyətinə bağlı peşmərgə adlanan silahlı qüvvələr yenidən Kərkük şəhərinə daxil olacaq. İraqın öz ordusu, rəsmi təhlükəsizlik qüvvələri, müəyyən adlar altında fəaliyyət göstərən (məsələn, Haşdi Şabi) fərqli silahlı qüvvələri olduğu halda Kürdüstan muxtariyyətində yaradılmış hərbçilərin Kərkükdə nə işi var?

Uzun illər ərzində bu qədim türk şəhərini kürdləşdirməyə çalışan, bunun üçün şəhərin əhalisini assimilyasiyaya uğradan, kənar bölgələrdən kürdləri bura köçürməklə və hətta türkmənləri başqa ərazilərə daşınmağa məcbur etməklə Kərkükün demoqrafik tərkibini dəyişməyə cəhd edən (müəyyən mənada buna nail olunub) Kürdüstan muxtariyyətinin rəhbərliyi peşmərgəni yerləşdirməklə işğal prosesini rəsmiləşdirmək niyyətindədir. Amma mərkəzi hökumət buna imkan verəcəkmi, Türkiyənin məsələyə mövqeyi necə olacaq, ümumiyyətlə, peşmərgənin Kərkükə yeridilməsi məsələsi doğrudurmu, kərküklü türkmənlər şəhərlərinin işğalına necə reaksiya verəcəklər və sair kimi həssa məsələlərdən doğan suallar yaranır. Bu məqsədlə İraq türkmənlərini təmsil edən bir sıra siyasi partiyaalrlın nümayəndələri ilə söhbətləşdik.  

İlk sualımız bu oldu ki, doğrudanmı peşmərgə Kərkükə girmək istəyir? Axı bir neçə il öncə Peşmərgə zatən şəhərə girmişdi, amma İraq ordusu və “Haşdi Şabi” qüvvələri onları qovub çıxardı. Hətta peşmərgənin ardıyla şəhərin kürd əhalinin xeyli hissəsi də Ərbilə qaçdı. Bu halda yayılan xəbərlər nə dərəcədə əsaslıdır? Eyni suallara İraq türkmənlərini təmsil edən üç siyasətçi cavab verir.

 Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya:

- Peşmərgə qüvvələri üç ildir ki, Kərkük şəhərindən 6-7 kilometr aralıda yerləşmişdi. Amma son vaxtlar İŞİD-in artan təhlükəsinə qarşı İraq hökumətinin də razılığı ilə Kərkükə yaxın mövqedə yerləşdilər. Eyni zamanda, son bir il ərzində Amerikanın məsləhəti ilə, İraq ordusu - peşmərgə ortaq qüvvələrini və iki tərəf arasında əlaqələri koordinasiya edəcək mərkəzlərin qurulması məsələsində razılığa gəlinib. Əsl məqsəd isə kürd bölgəsi ilə Iraq ordusunun nəzarət etdiyi ərazilər arasında mübahisəli olan boş bölgədə İŞİD-ə qarşı təhlükəsizlik tədbirlərinin görülməsidir. Daha konkret desək, neft mədənlərini və neft nəql edən boruların təhlükəsizliyini təmin eləmək üçün Amerikanın vasitəçiliyi ilə ortaq hərbi birləşmələr yaradılıb. Kürdlərin nəzərində isə, bu qüvvələrin yaradılması ərazilərinin genişləndirilməsi mənasına gəlir. Biz Türkməneli Partiyası olaraq deyirik: bir halda ki, İraq-peşmərgə ortaq hərbi qüvvələri yaradılıb, o zaman türkmən hərbi qüvvələri də onların yanına alınsın və üçtərəfli xidmət göstərsinlər. Hesab edirik ki, bu halda qurulmuş hərbi qüvvələr daha geniş və təsirli olacaq.

Türkmən Haqq Partiyasının sədr müavini Sami Kolsuz:

- İraqın iqtidar nümayəndləri ilə sürəkli şəkildə əlaqə saxlayırıq. İndiyədək keçirdiyimiz görüşlərdən bu qənaətə gəlmişik ki, İraq hökuməti Kərkükdə təhlükəsizliyi qorumaq əzmindədir və prizmadan yanaşsaq, peşmərgənin şəhərə daxil olma ehtimalı yoxdur. İndi deyirlər ki, peşmərgə şəhərə gəlir, bu xəbərlər tamamilə əsassızdır.

Türkmən Cəbhəsinin Kərkük vilayəti üzrə rəsmisi Kahtan Vengavi:

- Öncə qeyd edim ki, Kərkük çox qədim türk şəhəridir. Hələ Selçuqlu dönəmində belə Kərkük qalasında yaşayış olub. Bu gün Kərkükün demoqrafik strukturunu dəyişmək məqsədilə kürd partiyaları peşmərgə məsələsini mütəmadi gündəmə gətirir. Xüsusilə də siyasi böhranlar yaratmaq üçün kürd partiyaları İraq Hökumətinə siyasi təzyiq göstərmək məqsədilə Peşmərgə məsələsini ortaya atır və bundan istədikləri qazancı götürməyə çalışırlar.

- Bəs bu məsələyə Bağdad hökuməti nə deyir? Əs-Sədrin rəhbərlik etdiyi yeni iqtidar Ərbilə istədyini etməsinə imkan verəcəkmi sizcə?

Riyaz Sarıkahya:

- Bağdaddakı siyasi çevrələrin Kürdüstan muxtariyyəti ilə yaxşı əlaqələri var. Artıq keçmişdəki narahatlıqlar geridə qalıb. Üstəlik, son seçkilərdə kürdlərin Bağdada təsiri bir az da güclənib. Xüsusilə də indki hökumətqurma prosesində şiə partiyaların kürd siyasi partiya və millət vəkillərinə ehtiyacları daha da artıb.

Sami Kolsuz:

- 2017-ci il 16 oktyabr hadisələrindən sonra Bağdaddakı siyasi dairələrin mövqeyi belədir: Kərkük yenidən Kürdüstan muxtariyyətinin nəzarəti altına girə bilməz. Çünki mərkəzi hökumət yaxşı bilir ki, bu halda Kərkükün böyük neft yataqları tamamilə Ərbilin əlinə keçəcək.

Kahtan Vendavi:

- Mərkəzi hökumət Perşmərgə ilə bağlı qərarını 2017-ci il oktyabrın 16-da keçirdiyi əməliyyatla verib və bildiyimiz kimi. Həmin vaxt Peşmərgəni qovaraq Kərkükün inzibati ərazisindən çıxarıb. Mərkəzi hökumət bu məsələ haqda hər hansı təklifləri müzakirə etməməkdədir. Bayaq da dediyim kimi, bu, siyasi təzyiqdən başqa bir şey deyil. Sadəcə son zamanlar sosial şəbəkələrdə gündəmə çevrilərək siyasətin başını qatmaqdadır.

- Türkmən partiyalarının peşmərgənin Kərkükə gəlişinə dair xəbərlərə reaksiya necədir? Maraqlıdır, partiyalar bir araya gələrək öz narahatlığınızı mərkəzi hökumətə və hətta özünüzə arxa bildiyiniz dövlətlərə müraciət etdimi?

Riyaz Sarıkahya:

- Türkmən partiyaları arasında bu məsələylə bağlı bir qrup yaradılıb. Artıq həmin qrup məsələylə bağlı Bağdadın rəsmi məqamları ilə bəzı görüşlər də keçirib. Məqsədimiz budur ki, xalqımızın təhlükəsizliyi üçün təminat verilsin. Bundan əlavə, qurulacaq yeni hökumətdə türkmənlərin mütləq nəzərə alınması da rəsmi dairələrə xatırladılıb.

Sami Kolsuz:

- Türkmən partiyaları seçki vaxtı qurduqları koalisiya çərçivəsində birgə fəaliyyət yürüdürlər. Bu günlərdə koalisiyanın sədri Bağdadda vacib görüşlər keçirərək, türkmənlərin narahatlığını və gözləntilərini əlaqədar orqanlara çatdırmaqdadır. Məsələ bu cür olduğu halda, kimlərsə prosesin təhlükəli həddə çatdığını iddia edərək, sanki hər şeyin olub-bittiyini isbatlamağa çalışırlar. Bunu niyə edirlər, özlərindən soruşmaq lazımdır.

Kahtan Vendavi:

- Türkmən partiyaları İraqda keçirilən parlament seçkilərindən bir ay öncə bir araya gələrək, seçkilərə vahid siyahı əsasında qoşulmaq üçün qərar qəbul etdilər və bildiyiniz kimi, türkmənlər seçki prosesinə Birləşmiş İraq Türkmənləri Cəbhəsi şəmsiyəsi altında qoşulublar. O gündən bəri bütün siyasi məsələlərdə qərarlar məhz bu birlikdə verilir. Peşmərgə məsələsi ilə bağlı da qərar mövcuddur – onların yenidən Kərkükdə olmasını istəmirik və etirazımızı Bağdad hökumətinə də mətbuat konfransı keçirərək çatdırmışıq. Şəxsən biz Türkmən Cəbhəsi olaraq telekanallarda qonaq olaraq Peşmərgənin Kərkükə gəlməsi ehtimalını qətiyyətlə qəbul etmədiyimizi ictimaiyyətə bəyan etmişik.

- Türkiyədə nə deyirlər Peşmərgə söhbətinə? Bildiyim qədər, Türkiyə 5 iyun 1926-cı il tarixində  Ankarada imzalanan sazişə əsasən İraqa verilən Kərkükdən vaz keçmiş deyil. Hətta Kərkük və Mosul “Misaki Millinin”də yer almaqdadır...

Riyaz Sarıkahya:

- Kərkük və İraqın statusu Ankaranın icazəsi olmadan dəyişdirilə bilməz. Türkiyə İraqda olub bitənləri yaxından izləyir. Nəzərə almaq lazımdır ki, Türkiyə tərəfi dəfələrlə ən yüksək səviyyədə İraqın ərazi bütövlüyünün pozulmasına qarşı çıxdıqlarını bildirib.

Sami Kolsuz:

- İnanırıq ki, Kərkükdə türkmənlərə qarşı təhlükə yaranarsa və Bağdad hökuməti xalqımızı qorumaqda aciz qalarsa, o zaman bəlkə də Türkiyə dövləti peşmərgənin bir müddət Kərkükün təhlükəsizliyini təmin etməsinə razı ola bilər. Əks təqdirdə etiraz edəcək və qəti mövqeyini ortaya qoyacaq.

Kahtan Vendavi:

- Bilindiyi kimi, Kərkük Türkiyə üçün hər baxımdan çox önəmli şəhərdir. Ankaranın bu məsələdə mövqeyi belədir: İraqın birlik və bərabərliyinə toxunula, ərazi bütövlüyü dəyişdirilə bilməz. Türkiyə bu mövqeyini 2017-ci ilin 16 oktyabr hadisələri zamanı da qəti şəkildə ortaya qoyub. Hesab edirik ki, bütün hallarda Türkiyə bu məsələyə səssiz qalmayacaq.

Oxunma sayı 2918
Siyasət rubrikasından digər xəbərlər