"Rus komandiri erməni terrorçunu bizə təhvil verməyə MƏCBUR ETDİK..."

18:09 26.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Müharibədə yazılan qanunlar da var, yazılmayan da... Yazılmayan qanunlardan biri də ondan ibarətdir ki, döyüş əməliyyatı zamanı qarşısında 300 metr ətrafında düşmənə məxsus nə canlı varsa, məhv eləməlisən... Çünki salamat qalan canlılar sonradan sənə xətər yetirə bilər.  Bunu bir dəfə demişəm, yenə təkrar edirəm”.

Bu fikirləri Hafta.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, peşəkar hərbçi keçmiş tabor komandiri, ehtiyatda olan polkovnik Azay Kərimov ifadə edib.

Onun sözlərinə görə, ikinci qanun isə odur ki, sağ qalmaq istəyirsənsə, birinci sən at, birinci atmasan, düşmən səni atacaq və heç vaxt da səni bağışlamayacaq:

“Sözüm ondadır ki, biz düşmənlərimizə qarşı həddindən artıq insanlıq, humanistlik nümayiş etdiririk. Şuşada erməni terrorçusunun milli ordumuzun postuna qumbara atması və ondan sonra Rusiya hərbçiləri tərəfindən Xankəndindəki separatçı-terrorçu rejimə təhvil verilməsi hadisəsi yadıma düşəndə hədsiz əsəb keçirirəm. Əslində bizim hərbçilər onunla çox yumşaq davranıblar. Hərbi qaydalara görə həmin erməni dərhal, yerindəcə güllələnməliydi... Amma o, azadlığa buraxıldı və cəzasızlıqdan ruhlanaraq bu dəfə əlinə avtomat alıb haradasa mülki əhalimizə qarşı terror həyata keçirəcək”.

“...1990-cı ildə hazırkı sülhməramlıların funksiyasını SSRİ-nin daxili qoşunları icra edirdi. Yadımdadır ki, Onlar Qarabağda, ətraf və sərhədyanı rayonlarda kəndlər arasında bir və iki post qoyurdular. Biz də, erməni yaraqlıları da həmin postlardan yan keçməklə hərəkət edirdik. Biz də bu yolla düşmənə istədiyimizi edib qayıdıb gəlirdik. Rus əsgərləri də  “BTR”, yaxud “BMP” ilə hadisə olan yerə gələrək göyə bir neçə güllə atıb  çıxıb gedirdilər. Çünki Rusiya hərbçiləri yad torpaqda ölmək istəmirdi. Onların vecinə deyildi, ya erməni azərbaycanlını öldürdü, yaxud azərbaycanlı ermənini öldürdü. Amma pula işləyirdilər. Kim sovet-rus əsgərlərinin komandirlərinə, zabitlərinə çox pul, yaxud araq, çaxır versə, həmin tərəfə yardım edirdilər. Məsələn, ermənilər pulu, içkini bol versə, rus hərbçilər Xankəndi tərəfdən mövqe seçib Şuşanın Malıbəyli kəndini atırdılar. Yaxud əksinə, azərbaycanlılar onları təmin etsə, Malıbəylidən mövqe seçib Xankəndini atəşə tuturdular. Onu da deyim ki, ermənilər pul və alkoqollu içkidən əlavə, qız və qadınlarından da istifadə edirdilər rusları ələ almaq üçün, indi də edirlər...” – açıqlamasının davamında bunları söyləyən keçmiş tabor komandiri şahidi olduğu bir olaydan da bəhs edib.

“...Xankəndi yaxınlığındakı Kərkicahan qəsəbəsində  şahidi olduğum bir hadisəni xatırladım. Bir gün bir “BMP” və iki  “BTR” qəsəbənin yanına gəldilər.  Biz onları izləyirdik. Diqqət etdim ki, həmin maşınlarda  gələn hərbçilər daxili qoşunların xüsusi təyunatlılarıdır. Çünki geyimlərinin kürəyində əqrəb şəkli var idi... Mən də sakitcə sovet hərbçisinin formasında bunların arasına qarışdım.  Bir nəfər  mənə yaxınlaşdı və ermənicə dedi ki, bu gün biz ruslarla birgə Kərkicahanı atəşə tutub darmadağın edəcəyik. O, elə bildi ki, mən erməniyəm...  Sovet daxili qoşunlarının kənddəki komandiri rus podpolkovnik idi. Ermənilərin Kərkicahana hücum edəcəyini biləndən sonra gecə gizlicə həmin komandiri otağından götürüb bir evin zirzəmisinə saldıq və üstünə silah çəkdik ki, ya o hücumu təşkil edən erməni terrorçisunu  bizə verməlisən, ya da səni öldürəcəyik. Qısası, 10-15 dəqiqəlik söhbətdən sonra podpolkovnik tabeliyindəkiləri ratsiya ilə çağırdı və həmin ermənini sənədləri ilə bərabər bizə verdilər. Məlum oldu ki, o, Xankəndində milisdə işləyir. Və həmin erməninin dərhal başını əkdik. Üstəlik, rusların kəndin yaxınlığında saxladığı “BMP”-ni də qumbaraatanla məhv etdik... Yəni sözüm ondadır ki, bugünkü döyüşçülərimizə də bir peşəkar hərbçi kimi tövsiyə edirəm, əgər Rusiya hərbçilərinin ermənilərə birbaşa dəstək verməsi faktı ilə rastlaşırsınızsa, onlardan qorxmaq lazım deyil, bəzən qəti hərəkət etmək lazımdır ki, düşmən sonradan bizə zərbə vurmasın. Demirəm ki, təxribat yaratmaq, əsassız olaraq Rusiya hərbçisinə, yaxud ermənilərə hücum etmək gərəkdir. Xeyr, sadəcə, əks tərəfin təxribat quracağı müəyyən edildiyi halda qəti və sərt hərəkət etmək gərəkdir. Ona görə də Qarabağda və ya Ermənistanla sərhəddə xidmət edən hərbçilərimiz nəinki rusca, ermənicə də bilməli, həmçinin, düzgün ünsiyyət qurmaq elminə də malik olmalıdır ki, yeri gələndə Rusiya hərbçiləri ilə dil də tapa bilsin”- deyə kəşfiyyatçı polkovnik  vurğulayıb.

Oxunma sayı 3824
Gündəm rubrikasından digər xəbərlər