Məktəblərdə dərslər YENİ QAYDA İLƏ KEÇİRİLƏCƏK

16:41 30.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Təhsil sistemində islahatlar davam etdirilməlidir. Bu gün bizdə elə fənlər tədris olunur ki, beynəlxalq standartlara cavab vermir. Həmin fənlərin tədrisi yenilik gətirmir. Yəni, biz bu sahədə mütləq şəkildə dəyişiklik etməliyik”. Bunu hafta.az-a açıqlamasında təhsil naziri Emin Əmrullayevin fənn bazasından layihə əsasında öyrənməyə keçməliyik fikrinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bəzi fənlərin tədrisi Azərbaycanda çox geri qalıb: “Təhsil naziri bəzi fənlərin tədrisi köhnəlib, biz layihə əsasında öyrənməyə keçməliyik deyəndə onu nəzərdə tuturdu ki, artıq bir sıra fənləri kimya, fizikanı yeni ad altında, yeni formatda təqdim etməliyik. Çünki bu fənlər bizdə çox geri qalıb. Məsələn, Finlandiyada demək olar ki, artıq fənlər ümumilikdə ləğv olunub. Baxmayaraq ki, fin təhsili dünyada ən qabaqcıl yerdədir. Və dünya reytinqində 2-3-cü yerləri paylaşır. Azərbaycanda isə məktəblərdə tədris köhnə sistemlə aparılır. Bu sistem ötən əsrin 90-cı illəri üçün yaxşı idi. Amma indi biz 21-ci əsrdə yaşayırıq, ehtiyaclar dəyişib. Tutaq ki, fənlər ancaq bir informasiyanı verməməlidir. Fənlərin yerinə fənlərarası format olmalıdır. Məsələn, biz tarixdə İkinci Dünya müharibəsini keçirik. Amma biz İkinci Dünya müharibəsini keçəndə tarixi ilə yanaşı, həm də coğrafi ərazi ilə bağlı məlumat verməliyik. Bundan başqa, həm də riyazi tərəfləri tədqiq olunmalıdır. Misal üçün döyüş alətlərinin uçuş sürətini təhlil etməliyik. Biz mövzunu “oynayaraq” öyrətməliyik. Eyni zamanda, bu mövzunu keçəndə şagirdlərə İkinci Dünya müharibəsi ölkələrinin dillərini öyrətməliyik. Tutaq ki, bu müharibədə İngiltərə iştirak edib. Artıq ingilisdilli ifadələrdən istifadə etməliyik. Təhsil naziri də bunu deyir, yəni, mövzuları “oynayaraq” öyrətməliyik, şagirdlər ingilis dilini, eyni zamanda, müharibədə iqtisadiyyat, kommunikativ bacarıqlar,əlaqələrin qurulmasını öyrənəcəklər. Və bu zaman şagirdlər təkcə informasiyanı almayacaq, həm də tətbiq edə biləcəklər. Məktəb artıq özü hadisəni öyrədəcək və onu vərdişə çevirə biləcək. Digər bir tərəfdən, müəllim-şagird münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymalıdır. Məktəblilər parta arxasında oturub həyəcanla lövhədə hər hansı bir informasiyanı gözləməli deyillər. Onlar qruplar halında yeni informasiyanı özləri də əldə etməlidirlər. Fin təhsil sistemində bunlar tətbiqə doğru gedir. Biz ümumi fənləri birləşdirməliyik. Bu gün bizim uşaqlar kosmos, astronomiya ilə bağlı heç bir biliklərə malik deyillər. Halbuki bu günün tələbidir. Və yaxud da informatika fənnini orta məktəbdə çox aşağı səviyyədə keçirik. Amma biz pandemiya dövründə gördük ki, həyatımız ondan asılı vəziyyətə düşdü. Yəni, yeni fənlər deyəndə nanotexnologiya, rəqəmsallaşma, robotatexnika nəzərdə tutulur. Biz artıq təhsilimizə bunları gətirməliyik”.

Oxunma sayı 11245