Müəmməlı etiraz aksiyaları və ya dəyişən Qazaxıstan

18:20 12.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir həftə əvvəl Qazaxıstanda başlayan etiraz aksiyaları artıq səngidi – ölkədə həyat normala dönür. Fikirləri haçalandıran və xaricdən münasibətlərdə fərqlilik yaradan hallardan biri prezident Kasım-Jomard Tokayevin ilk başda aksiyaçıların önünə özü deyil, rus ordusunu çıxarmasıdır. Təbii ki, Rusiya ordusu yanvarın 13-dən başlayaraq 10 gün ərzində ölkəni tərk edəcək – Tokayev xalqa müraciətdə özü belə deyib. Maraqlıdır ki, Rusiya girdiyi bir yerdən tam çıxacaqmı? Axı Rusiyada müəyyən fikirlər səslənir ki, onlar qoşunlarını Qazaxıstandan məhz özlərinin istədiyi vaxt çıxaracaqlar.

Rusiyada daha bir qəzəb dalğası yaranmaqdadır. Onlar prezident Tokayevin informasiya və ictimai inkişaf naziri vəzifəsinə məhz rusiyalıların qazax millətçisi kimi tanıdığı Əsgər Umarovu təyin etməsindən narazıdırlar. Hesab edirlər ki, Qazaxıstan indiki çətin durumda göstərilən etimadın və dəstəyin əvəzinə onlara zidd addımlar atır. Hələ onu demirəm ki, hadisələrin ilk günündən Rusiya mətbuatında Qazaxıstanın şimal ərazilərinə iddialar irəli sürülürdü. Qazaxıstanın yenidən kiril əlifbasına qayıtması, rus dilinin bu ölkədə ikinci rəsmi dil statusu verilməsi, rus hərbi bazalarına yer verilməsi və sair də səslənən tələblərdəndir.

Ortalama, bir həftə davam edən qarışıqlıqdan yeganə məğlub çıxan qazax xalqının milli lideri, qurucu prezident Nursultan Nazarbayev oldu. Tokayev onu Təhlükəsizlik Şurasından uzaqlaşdırdı, yaxın adamlarını vəzifələrdən çıxardı, belə demək mümkündürsə, onu siyasətdən kənarlaşdırdı. Bu, o Nazarbayevdir ki, ölkəni qazax xalqına, qazaxları da milli kimliklərinə qaytardı. Qazaxıstanı dünyaya çıxardı, inkişaf strategiyasını müəyyənləşdirdi, geridə buraxdığımız 30 ildə çoxmillətli ölkədə heç bir etnik problemin közərməsinə imkan vermədi, Türk dünyasını birləşdirmək üçün hər şeyi etdi və nəhayət, Türk Dövlətləri Təşkilatını yaratdı. O, Rusiyanın sərhədində Böyük Türküstanın ssenarisini yazaraq təməlini qoydu. Dünyada yeni güc mərkəzinin yaranmasına stimul verən Nazarbayev nə Rusiya, nə də Amerika tərəfindən bəyənilib. Türküstanın güclənməsi və bütünləşməsi xaç dünyasının yüzillərlə davam edən mübarizəsinə zərbə sayılırdı. Axı dolayısı ilə Türkiyə də güclənirdi. Nəticədə, Nazarbayevin imtiyazları alındı, adi daş heykəli belə yıxıldı. Əgər etiraz aksiyalarının məqsədi qiymətlərin bahalaşması idisə, heç bir icraedici və qanunverici səlahiyyəti olmayan Nazarbayevin və heykəlinin günahı nə idi?..

Yeri gəlmişkən, qırğız təhlilçi Mederbek Korqanbayevin fikri də dediklərimə uyğundur. O da deyir ki, Qazaxıstanda yaşananlar klanlar arasında toqquşmanın nəticəsidir. “Qazaxıstanın qurucu lideri Nursultan Nazarbayevin tərəfdarları ilə indiki prezident Tokayevin komandası ən vacib sektorlar olan neft və digər xammal ixracatı, kadr siyasəti, ticarət və iş sahələri, media mərkəzləri və digər sahələri paylaşa bilmirlər. Üstəlik, Nazarbayevin çevrəsi Tokayevin kadr islahatlarına mane olur, müstəqil qərarlar verməsinə əngəl törədir və bütövlükdə hakimiyyəti təzyiq altında saxlayır”, - deyir M.Korqanbayev.

Politoloq iddia edir ki, əslində, Qazaxıstanın təhlükəsizlik qüvvələri aksiyaların ilk başlanğıcında talan, ictimai binaların tutulması və hətta hüquq-mühafizə qüvvələrinə hücumların qarşısını almaq üçün heç nə etməyib və bu səbəbdən də hadisələr axarından çıxıb. “Tokayev sonda KTMT hərbçilərini ölkəyə dəvət etmək məcburiyyətində qaldı. Hesab edirəm ki, bundan sonra Qazaxıstanın xarici və daxili siyasəti yenidən dizayn ediləcək, ölkə ciddi siyasi islahatlara gedəcək”, - deyib qırğız siyasət uzmanı...

Bakıda jurnalistlərə açıqlama verən Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov bəzi məsələlərə rəsmi aydınlıq gətirib. Deyib ki, əvvəla, rus qoşunlarının ölkəyə çağırılmasının səbəbi əsasən Almatını qorumaq olub. Həmin günlərdə Almatı şəhərinin nəzarətdən çıxması təhlükəsi yaranıbmış. O, Qazaxıstanda dövlət çevrilişi cəhdinin baş tutmadığını deyərək bildirib ki, ölkənin iqtisadi siyasətində heç bir dəyişiklik olmayacaq, bütün investisiyalar qorunacaq və sair.

Maraqlıdır ki, səfir Nazarbayevlə bağlı yalnız xoş fikirlər səsləndirib. Diplomat Nazarbayevin sözçüsü Aydos Ukibaya istinad edərək deyib ki, o, öz şəhərindədir, Prezident Tokayevlə və türk ölkələrinin liderləri ilə daimi təmasdadır. Yəni onun haqqında yaranmış mənfi fkirlərə heç bir əsas yoxdur.

Səfir onu da deyib ki, baş verənlər ölkədə doğrudan da sosial problemlərin olduğunu üzə çıxarıb və hazırda onların həlli yönümündə işlər görülür. Qısası, Qazaxıstan yeni dövrə qədəm qoyur...

Düzdür, Qazaxıstan səfiri də yanvarın 13-dən başlayaraq, Rusiya Ordusunun timsalında KTMT qüvvələrinin ölkədən çıxarılacağını təsdiqləsə də, yenə də rus qoşunlarının bu ölkədə cəmi bircə həftə qalmasının narahatlığını deyəsən, aradan qaldıra bilməyib. Şəxsən mənə çox böyük zərbə oldu Rusiya ordusunun bu ölkəyə gəlişi. Görünür, başqa ölkələrdəki insanlar da məyus olublar.

Özbəkistanlı jurnalist Abduvali Saybnazarovun fikrincə, Qazaxıstanda yaşanan hadisələr yalnız bu ölkənin deyil, bütün Orta Asiyanın siyasi hörmətinə öz mənfi təsirini göstərəcək. O bildirib ki, Qazaxıstanda baş verənlər Orta Asiya ölkələrini siyasi və iqtisadi baxımdan silkələyəcək. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi güclərinin Qazaxıstan ərazisinə girməsi, hesab edirəm ki, bütün region ölkələrinin geostrateji suverenliyinə təhlükədir", – deyən Saybnazarovun fikrincə, Qazaxıstan regionun taxıl və yanacaq anbarı sayılır. Bu səbəbdən də ölkədə yaşananlar Orta Asiyanın digər dövlətlərində də yanacağın və taxılın qiymətinin bahalaşmasına gətirib çıxaracaq. “Bölgə ölkələrinin oxşar aksiyalarla üz-üzə qalmaması üçün hökumətlərin öz xalqları ilə sıx əlaqədə olması lazımdır. Hökumətlər xalqların rifah və inkişafını təmin edəcək islahatlar aparmalıdır”, - deyib özbəkistanlı yazar-jurnalist.

Türkiyədən tanınmış təhlükəsizlik uzmanı Abdullah Ağar isə bildirir ki, Qazaxıstandakı xaricə bağlantılı, məsələn, Ukrayna və Rysiya ilə əlaqəli şəxslər baş verənləri xaricdən müdaxilə adlandırırlar. Onlara görə, Qazaxıstanda inqilaba cəhd edilib. Hədəf isə birmənalı şəkildə hökuməti devirmək, ölkənin daxili və xarici siyasətini dəyişmək olub. Ardınca nə baş verdi: Prezident Kasım-Jomard Tokayev hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – Rusiyaya müraciət etdi. Onlar da düşünmədən və sanki bu anı gözləyirmiş kimi ordularını tank-topları ilə birlikdə Qazaxıstana yeritdilər. Açıq desək, Rusiya bir-iki kiçik ölkəni yedəyinə alaraq sülhməramlı sifəti ilə Qazaxıstana hərbi müdaxilə edib.

O qeyd edib ki, Qazaxıstanda baş verənlərin ən böyük təsiri Türk Dövlətləri Təşkilatının gələcəyinə ola bilər. "Rusiyanın bu cür həmlələrinin hansı nəticələri verdiyini bilirik. Bu mənada, Qazaxıstanın, Türk dünyasının gələcəyi necə olacaq və geosiyasi anlamda hansı proseslər baş verəcək, bunların hamısı son dərəcə önəmlidir. Hazırda Qazaxıstanda yaşananların ssenarisinin nə olduğuna dair çoxlu mülahizələr səslənir. Məsələn, hadisələr Rusiyanın planına əsasən baş verdimi? Yoxsa Qərb tərəfindən yazılıb ssenarilər? Bəlkə Qərbin etmək istədiyi təxribatdan Rusiya vaxtında yararlana bilib və digər çoxlu sual var və bunların cavabını hamıdan yaxşı məhz Kasım-Jomard Tokayev bilir”, -  A.Ağar deyir.

İnqilab təhlükəsi aradan qalxdı, Rusiya qoşunları da ölkədən çıxacaq, bəs sonra nə olacaq? Məncə, Qazaxıstanda sonrakı proseslərin inkişafında bütün vasitələr birmənalı şəkildə Qazaxıstan hökumətinin öz əlində olmalıdır. Dəstək lazım olsa isə, bunu yenicə yaranmış Türk Dövlətləri Təşkilatı edə bilər. Bu eyni zamanda, adıçəkilən təşkilatın nüfuz qazanması və güclənməsi üçün ən yaxşı fürsət ola bilər...

Oxunma sayı 3295