İstəyir burada var-dövləti olsun, məcburi köçkün öz evinə qayıtmalıdır - Deputat

12:34 27.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qayıdışla bağlı sorğu ötən ildən başlayaraq bütün rayonlar üzrə keçirilir. Belə sorğular ümumi rəyi, münasibəti öyrənmək məqsədi daşıyır.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən olan deputat Elman Məmmədov hafta.az-a bildirib.

Deputat hesab edir ki, belə sorğular insanların qayıdışına heç bir maneə yaratmayacaq bir məsələdir.

Deputat deyir ki, bu, sadəcə sosial tədqiqatları aparmaq üçün nəzərdə tutulur. O ki qaldı sorğu götürənlərin vətəndaşdan “Eviniz varmı, şəraitinizə baxacağıq” kimi sözlər işlətməsinə, belə yanaşma mənasızdır.

“Bu qaçqın və köçkünlər 30 ildir ki, evlərindən didərgin düşüb Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb. Bir neçə ayı, ili çıxmaq şərtilə bu insanlar ağır durumlarda yaşayıblar. Qaçqın, köçkünlər bura Amerikadan gəlməyiblər ki?.. Bunlar Azərbaycan vətəndaşlarıdır. Köçkün olanda da işləyiblər, çalışıblar, ağlını işlədiblər, fiziki əziyyət çəkib, pul qazanıblar. Eləsi var, özünə ev tikib, maşın alıb. Əksinə, biz  sevinməliyik ki, bu insanlar zəhməti, əziyyəti ilə özünə şərait yaradıb. Hesab edirəm, bu belə də olmalıdır. Kiminsə evinin olmasının o insanların öz yurdlarına qayıdışı məsələsinə heç bir dəxli yoxdur. Hər kəs öz dədə-baba yurduna qayıtmağının həsrətini çəkir. İstəyir burada evi, maşını, var-dövləti olsun, o öz evinə qayıtmalıdır. Bu insanlardan biri də mən. Mütləq qayıdacağıq doğma yurd-yuvamıza. Bu sorğunu nə mənada soruşurlar, özləri bilər. Hamı öz doğma yurt-yuvasına qayıdacaq”.

E.Məmmədov vaxtilə Nazirlər Kabinetinin 2017-ci il yanvar tarixli qərarına qarşı etdiyi çıxışına da diqqət çəkib. Deputat bildirib ki, həmin qərara əsasən bir sıra məcburi köçkünlərin çörəkpulu dayandırılmışdı.

“Əsas da onu götürürdülər ki, sənin evin var, adına əmlak var, maşının var, yaxud sən kimə ərə getmisən, haradan qız almısan... Bundan çıxış edərək, deyirdilər ki, sən məcburi köçkün deyilsən, sənə pul düşmür. Bu, çox səhv olan bir mövqe idi. Mən bu izahatı onlara da verdim ki, bu insan xəstə deyil, şikəst deyil. Erməni orada bunun mal-dövlətini əlindən alıb, ağlını da əlindən almayıb ki. O burada ağlını da işlədəcək, fiziki imkanlarından da istifadə edib, işləyəcək də, çörək də qazanacaq, ev də tikəcək, maşın da alacaq. Sən buna “sağ ol” deməkdən, üstəlik, çörəkpulunu da kəsirsən?.. Ona görə də bu gün qayıdış məsələsində belə anlaşılmazlıqlar ola bilər. Hesab edirəm, bir problem olmayacaq. Bütün bu məsələlər cənab Prezidentimizin nəzarəti altında həyata keçiriləcək”.

Oxunma sayı 3266