“Türkiyə vətəndaşları Azərbaycana daha rahat gedib-gəlmənin sevincini yaşayır” – Çingiz Bayramov

13:38 03.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Sentyabrın 1-dən Azərbaycanda Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunması doğrudan da sevindirici haldır. Mən hazırda qardaş ölkədəyəm. Burada biləndə ki, mən Azərbaycandan gəlmişəm, insanlar mənimlə viza məsələsi ilə bağlı fikirlərini bölüşürlər. Deyirlər ki, belə də olmalıdır. Yəni, viza rejiminin aradan qaldırılması Türkiyədə də sevinclə qarşılanmaqdadır. Onlar bundan sonra Azərbaycana daha rahat gedib-gəlmənin sevincini yaşayırlar. Türkiyə vətəndaşları Azərbaycan prezidentinə, dövlətimizə təşəkkür edirlər ki, bizi bir millət olaraq daha da yaxınlaşdıran bir addım atılıb”.

Bunu hafta.az-a açıqlamasında Türkiyə Məzunları İctimai Birliyinin (TUMİB) sədri, politoloq Çingiz Bayramov deyib. TUMİB sədri bildirib ki, viza rejiminin aradan qaldırılması hər iki ölkə üçün həm ticari-iqtisadi, həm də təhsil sahələrində böyük töhvələr verəcək: “Hesab edirəm ki, 80 milyonluq Türkiyənin Azərbaycanla əlaqələri bundan sonra daha da genişlənəcək. Şaxələnəcək. Bürokratik əngəllər, eləcə də ölkəmizə daxil olarkən türkiyəli qardaşlarımızın sinvolik olaraq 10 dollar miqdarında pul ödəmələri aradan qalxdı.

Bütün bunlar Türkiyəli qardaşlarımızın Azərbaycana sevgisini daha da artırıb. Bu günə qədər ölkəmizdən Türkiyəyə necə rahat gedilirdisə, indi Türkiyə vətəndaşları da konsulluğa müraciət etmədən, hava limanında gözlədilmədən daha rahat şəkildə ölkəmizə giriş edə biləcəklər. Hətta onlar əvvəllər Azərbaycana gələrkən “birdən sərhədçilər bizi geri qaytarar” düşüncəsi ilə ölkəmizə səfər etməyə ehtiyat edirdilər. Heç vaxt belə hadisə baş verməyib, verməz də, çünki biz qardaş ölkəyik. Amma bu düşüncə var idi və ölkəmizə səfər etməkdən çəkinirdilər. Artıq bu düşüncə aradan qalxdı. Viza rejiminin aradan qalxması ölkəmizin iqtisadiyyatının inkişafına mühüm töhvələr verəcək. İş adamları ölkəmizə çox rahat şəkildə gələ biləcəklər. Eləcə də türkiyəli qardaşlarımız turist olaraq ölkəmizə çox rahat şəkildə gəlib-gedəcəklər.

Bu mənada Azərbaycan prezidenti möhtərəm İlham Əliyevə təşəkkür edirəm ki, belə bir addım atıldı. Ümid edirəm ki, yaxın gələcəkdə azərbaycanlılar Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə, Türkiyə vətəndaşları ölkəmizə öz “nüfuz cüzdanları” ilə rahat şəkildə gedib-gələ biləcəklər. Çünki biz bir millətin övladlarıyıq”.

Siyasət rubrikasından digər xəbərlər