Həftənin ÜZRÜ - Həftə-reytinq

11:30 22.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənir”. Bu barədə məlumatı Fransa XİN-in adından bu ölkənin Azərbaycandakı səfiri Zakari Qross öz tvitter hesabında paylaşıb. “Fransa səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüblər. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”, - deyə məlumatda qeyd edilir.

 

Həftənin MƏRHUMU

Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.  A. Qut 1975-ci ildə Bakıda anadan olub. A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib. O, Türkiyə  -İsrail münasibətləri, İsrail - Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

 

Həftənin GÖRÜŞÜ

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə görüşüb. Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.

 

Həftənin BİABIRÇILIĞI

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Amerikalı nümayəndə Ermənistanda brifinqdə çıxışı zamanı gözləmədiyi halla üzləşib. Belə ki, erməni tərcüməçi Pelosinin danışmasına imkan verməyərək, onu tribunadan itələyib və tərcüməyə başlayıb.

 

Həftənin VİDEOSU

“Qarabağ”ın futbolçusu Kevin Medina “Nant”la oyundan (3:0) sonra maraqlı videosu ilə diqqət çəkib. Təcrübəli müdafiəçi sözügedən videoda Fransa klubuna ismarış göndərib. Futbolçu videoda “Bağışla, “Nant”, bura Azərbaycandır!” deməklə, qonaq komandalar üçün Bakıda qələbə qazanmağın çətin olduğuna işarə vurub.

 

Həftənin QƏZASI

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalı motosiklet qəzası keçirib. Liv Hospital Vadistanbul xəstəxanasına aparılan Ilıcalının səhhətinin yaxşı olduğu öyrənilib. Onun qarşı tərəfdən gələn avtomobillə toqquşduğu bildirilir.

 

Həftənin GÖZƏLİ

Türkiyədə geniş tamaşaçı kütləsinin izlədiyi “Miss Türkiyə 2022” yarışmasının nəticələri açıqlanıb. Türkiyənin ən gözəl qızı adına Nursena Say layiq görülüb. İkinci yerə isə Aleyna Şirin seçilib. Üçüncü yeri 1984-cü ildə Avropa gözəli seçilən Neşe Erberkin qızı Selin Erberk Qurdikyan tutub.

Oxunma sayı 11124