Milli adət-ənənələrimiz azad edilmiş torpaqlara qayıdır

11:34 22.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər bir xalqın, millətin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də onun adət-ənənələri, mədəniyyətdir. Mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bunlar da nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə, zəngin adət-ənənələrə malik xalq müasir dövrün yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verməkdədir. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli dəyərlərinin qorunmasına, mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Mərhum lider gənclərimizi xalqımızın milli dəyərləri, əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. O deyirdi: “Biz öz adət-ənənələrimizi, milli-əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalı, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Azərbaycan dünyaya həm də mədəni töhfələr verir

Yeri gəlmişkən, qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunmasında çox böyük xidmətləri olan Ümummilli lider sovet dönəmində ona qarşı edilən bir sıra təzyiqlərə baxmayaraq bu yolda fəaliyyətindən geri çəkilmir. Təkcə bir faktı deyək ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmuş, Novruz bayramı daha geniş şəkildə təbliğ edilmişdir.

Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən mədəni həyatımızla, adət-ənənələrimizlə bağlı ardıcıl olaraq imzalanan sərəncamlar bu sahənin inkişafına daha da güclü stimul verir. Təbii ki, dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə də heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, Azərbaycanın dünyaya töhfələr verən abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə təsdiqini bir daha tapır. Prezidentin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və s. qədim və zəngin mədəni irsə olan diqqətdir.

Heydər Əliyev Fondu - mədəni incilərimizin hamisi

Azərbaycanın milli adət-ənənələrinin, mədəniyyətinin qorunub saxlanılmasında, dünyada təbliğ edilməsində Heydər Əliyev Fondunun da xidmətləri danılmazdır. Qeyd edək ki, məhz Fondun prezidenti, Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Azərbaycan mədəniyyətinin nadir incisi olan muğam sənətinə maraq artıb. 26 Avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib.

Fondun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.

Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Fondun təşəbbüsü ilə Fransanın San-Trope şəhərində "Azərbaycanın mədəni zənginlikləri" adlı sərgisi, Fransanın Mejev şəhərində, Afinada, Hannoverdə və başqa məkanlarda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı və s. Azərbaycan milli dəyərlərinin, tarixi irsinin təbliğində əhəmiyyətlidir. 2009-cu ildən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır.

Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, eləcə də beynəlxalq mədəni proseslərdə yaxından iştirak edir, xüsusilə mədəniyyətlərarası dialoqla bağlı təşəbbüslərə xüsusi diqqət göstərir.

Mədəniyyətlər paytaxtı Şuşa mədəni tədbirlərə ev sahibliyi edir

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən sonra Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğini işğaldan azad edilən rayonlarda keçirdiyi beynəlxalq səviyyəli tədbirlərin vasitəsilə də həyata keçirir. Bu gün mədəniyyətlər paytaxtı Şuşa mədəni tədbirlərə ev sahibliyi edir. Məlum olduğu kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı Ali Baş Komandan İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etdi. 2022-ci il yanvarın 5-də isə Prezident bununla bağlı Sərəncam imzaladı. Mühüm siyasi və tarixi əhəmiyyət kəsb edən bu sərəncam dövlət başçısının xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisi idi. 2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi, həmçinin Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bütün dünyaya verilən mesaj, Azərbaycanın Vətən müharibəsində böyük Qələbəsinin təntənəsidir.

Hazırda Qarabağın incisi olan Şuşada və digər ərazilərdə  böyük quruculuq layihələri aparılır. Bu layihələr azad olunan ərazilərdə inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir həyata keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını da əhatə edir. İlk addım kimi vaxtilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri doğma yurdlarına geri gətirildi və Şuşa şəhərinin mərkəzi meydanında yerləşdirildi. Eyni zamanda mənfur düşmən tərəfindən dağıdılmış şərqdə ilk operanın müəllifi, müasir musiqimizin qurucusu – dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin abidəsi yenidən ucaldıldı, dahi bəstəkarın viran edilmiş evinin bərpası ilə bağlı işlərə başlanıldı. Görkəmli sənətkar, böyük xanəndə Bülbülün ev muzeyi bərpa edildi. Bu il Şuşada 5-ci Xarıbülbül festivalı keçirildi. Bu, tədbir Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin, ənənələrimizin bərpası olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə dünya folklor nümunələrinin təqdimatı idi. Ötən il uzun fasilədən sonra keçirilən festival şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bu il isə tamaşaçılar Şuşa ilinə həsr olunan beynəlxalq folklor festivalını izlədilər.

Artıq bu gün uzun sürən ayrılıqdan sonra azad Şuşa yenidən festivallar, poeziya günləri və bir çox başqa mühüm mədəni tədbirlərə də ev sahibliyi etməkdədir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda bərpa və quruculuq işləri ilə yanaşı, eyni zamanda mənən və ruhən də dirçəlməkdədir.

Oxunma sayı 11122