Araşdırmalara görə, hər il su hövzələrinə planetimizin su həcminin 20 faizi qədər çirkli sular axıdılır. Bu sularda olan çirkləndiricilərin təsirini azaltmaq üçün onlara öz həcmindən 10 dəfə artıq təmiz su qarışdırılmalıdır. Amma bu mümkün olmadığı üçün Yerdə içməli su problemi getdikcə kəskinləşir. Nəticədə bəzi çay və göllərin çirklənməsi fəlakət həddinə çatıb. Dünya okeanı da sürətlə çirklənməkdədir. Aralıq, Şimal, Azov, Qara və s. dənizlər, Meksika, İran, Biskay körfəzləri Dünya okeanının ən çirkli su hövzələri sırasına daxildir. Okeanın mərkəzi hissələrində, dərin çökəkliklərində radioaktiv maddələrin (AES-lərin tullantıları, nüvə silahlarının sınaqları nəticəsində yaranan tullantılar) miqdarı getdikcə artır. Okeanın çirklənməsində neft və neft məhsullarının payı daha çoxdur. İldə 3 milyondan 10 milyon tona qədər neft okeana axıdılır. Tankerlərin qəzası zamanı okeana qısa vaxt ərzində min tonlarla neft axır.
Məlumat üçün bildirək ki, 1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (BDT) Ümumdünya dəniz gününü qeyd edir. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix sentyabr ayının son həftəsinə təsadüf edir. Bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb olunur. 1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış Ümumdünya Dəniz günü 1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd olunur.
Bütün dünyada bu bayramın keçirilməsinin məqsədi ictimaiyyətin, hökumət və özəl strukturların diqqətini dənizlərin və onların bioresurslarının qorunmasına cəlb etməkdir. Ənənəvi olaraq Dəniz günü dənizlərin və okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması, çimərliklərin təmizlənməsi üçün mitinqlərin və yürüşlərin keçirilməsi ilə qeyd edirlər.
Dünyanın ən böyük gölü hesab olunan, dibindəki okean tipli yer qatı və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlandırılan Xəzərin də kifayət qədər ekiloji problemləri var. Son illər isə səviyyəsinin aşağı enməsi aktual problemlərdən birinə çevrilib. Ümumiyyətlə, Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsi hesab olunur. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır.
2005-ci ildən Xəzərin səviyyəsində davamlı enmə müşahidə olunur. Ötən ilin məlumatına görə, dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,19 metr aşağı düşüb. Yəni ən çox enmə 30 santimetr olmaqla 2021-ci ildə qeydə alınıb. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda dəniz ekosistemi, biomüxtəlifliyi üçün risklər yaranır. Buna dünyada gedən iqlim dəyişmələri və qlobal istiləşmənin, eyni zamanda antropogen amillərin təsir etdiyi də qeyd olunur.
Son onillikdə Xəzər dənizində həmçinin balıq ehtiyatları kəskin azalıb və bu da əsasən balıq kütləsinin böyük hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur. Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların - siyənək, qızılbalıq, nərəkimilər və suitilərin də azalmasına gətirib çıxarıb. Endemik növ olan Xəzər suitisinin sayı XX əsrin əvvəllərində 1 milyon təşkil etsə də, hazırda onların sayı çox azdır.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən ekoloq, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov bildirib ki, bu proses iqlim dəyişikliyi ilə bağlıdır: “İqlim dəyişikliyi təbii prosesdir. 12 ildən bir belə dəyişikliklər müşahidə olunur. Yerin öz oxu ətrafında fırlanması də prosesə təsir edir. Xəzər dənizində 50-100 metr çəkilmə qeydə alınır. Son yüzilliklərdə bu hal dəfələrlə baş verib. Amma ümumilikdə Xəzərin problemləri regional bir məsələdir. Beş ölkənin çirkab sularının Xəzərə axıdılması dənizin biomüxtəlifliyinə də böyük təsir göstərib. Bilirsiniz ki, Xəzərin sərhəd hissələrində atılan çirkli sular dənizin dibində olan bitki örtüyünü məhv edir. Bitki örtüyünü məhv etmək həmin bitkilərlə qidalanan canlıların qidasını məhv etmək deməkdir. Bu bitkilərlə digər bitki orqanizmləri də qidalanır, onlar isə balıqların yemi sayılır. Qida zənciri ilə bağlı dənizdə böyük bir proses baş verir. Yer kürəsində oksigenın əmələ gəlməsində su bitkilərin rolu 60 faizdir. Təsəvvür edin ki, əgər quru ərazidə bitkilər məhv edilibsə, bunu insan müəyyən müddətdən sonra bərpa etmək imkanına malik olur. Qida zəncirində bu proseslər bir-birinə olduqca böyük təsir göstərir. Həm oksigen təminatı, həm də yem olaraq bitkilərin məhv olması bioloji resurslara böyük təsir göstərir. Bu gün Volqa çayı hövzəsində böyük bir ərazinin məişət tullantıları çaya axıdılır. Ən böyük zərbə də Xəzərin şimal ərazisinə dəyir. Eyni zamanda, Xəzər dənizində neft çıxarılması nəticəsində dəniz neftlə çirklənir, bu, biomüxtəlifliyə ən güclü təsir göstərən amillərdən biridir. SSRİ dövründə Azərbaycanda Ekologiya Nazirliyi yox idi, o zaman Xəzərin çirklənməsi kimsəni maraqlandırmırdı. Çıxarılan neftin müəyyən bir hissəsi dənizə axırdı. Bu, dənizin ekoloji vəziyyətinə çox pis təsir etdi. İndi də Xəzərin şelf əraziləri var ki, torpaq bir neçə metrə qədər neft məhsulları ilə zəhərlənib. Hazırda müasir texnologiyalarla neft çıxarıldığı üçün dənizdə çirklənmənin qarşısı müəyyən qədər alınır. İndi Xəzərin biomüxtəlifliyinin qorunması istiqamətində müxtəlif ölkələr, eləcə də Azərbaycan vəsaitlər sərf edir və balıq yetişdirmə təsərrüfatları təşkil olunur. Milyonlarla balıq hər il Xəzər dənizinə buraxılır, amma istər- istəməz dənizin bioresursları getdikcə azalır. Başqa dənizlərdən fərqli olaraq Xəzər dənizi unikal bir dənizdir, şimalı ilə cənub hissəsi bir-birindən fərqlənir. Xəzər dənizinin duzluluğu şimal , cənub və orta hissədə fərqlidir. Bu fərqi qoruyub saxlamaq müəyyən canlıları qorumaq baxımından vacibdir".
Məsələyə münasibət bildirən Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə isə hesab edir ki, səviyyənin dəyişməsində başlıca amil Xəzərin hövzəsinin iqlimidir: “Qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsində periodik olaraq dəyişmələr baş verir. Səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Eyni zamanda fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər. 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı. Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən dəniz səviyyəsində enmələr müşahidə olunur. Səviyyə tərəddüdü qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bu proseslərə yalnız iqlimə təsirlərin qlobal səviyyədə azaldılması hesabına təsir etmək olar. Bunun üçün isə atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir”.
R.Səttarzadənin sözlərinə görə, Azərbaycan istixana qazlarının səviyyəsini azaltmaq üzrə könüllü öhdəlik götürüb və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin Azərbaycanın qlobal emissiyalarda payı cəmi 0,15 faizdir və bu sahədə müvəffəqiyyətə nail olmaq üçün istilik effekti yaradan qazların qlobal emissiyalarında payı çox olan ölkələr tərəfindən davamlı olaraq ciddi tədbirlər görülməlidir: “Bu çox uzun sürən prosesdir və buna görə də, biz öz həyatımızda, fəaliyyətimizdə təbii amillərlə bağlı olan səviyyə tərəddüdlərinə uyğunlaşmalıyıq. Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir. Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin düşməsi tendensiyası nəzarətdə saxlanılır. Müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar”.