"Strateji əlaqələrimiz inkişaf edərək bölgəmizin simasını dəyişib" - GÜRCÜSTAN SƏFİRİ

20:45 18.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Bu məqsədlə Gürcüstanın ölkəmizdəki səfirliyi tərəfindən təntənəli tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, əvvəlcə gürcü musiqi qrupu tərəfindən Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, Gürcüstandan dəvət olunmuş qonaqların, diplomatik korpus nümayəndələrinin, tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən  mərasimdə çıxış edən Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze iki ölkə arasındakı əlaqələrdən söz açıb. Bildirib ki, xalqlarımızı və ölkələrimizi çoxəsrlik dostluq, mehriban qonşuluq əlaqələri birləşdirir. "Qarşılıqlı dəstək üzərində qurulan bu əlaqələr region üçün həlledici amilə çevrilib. Strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələr reallaşdırılıb" deyib gürcü diplomat.

Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dost və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini diqqətə çatdıran səfir ikitərəfli strateji tərəfdaşlığımızın bundan sonra da uğurla davam edəcəyindən əminliyini ifadə edib.

Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, möhkəm təməllər üzərində qurulan dostluğumuz gündən-günə möhkəmlənir.

"Prezident İlham Əliyevin Gürcüstana səfərindən sonra iki ölkə arasında əlaqələrin yeni mərhələsinin əsası qoyulub" deyən nazir Azərbaycanın Gürcüstanla əməkdaşlığının əhəmiyyətinə toxunaraq müxtəlif sahələrdə həyata keçirilən birgə uğurlu layihələrdən danışıb. “Birgə həyata keçirdiyimiz layihələr nəinki ölkələrimizin, regionun inkişafına öz təsirini göstərir. Biz böyük imkanları reallaşdırmaq üçün əzmlə səylərimizi davam etdiririk”, - Rəşad Nəbiyev deyib.

Vətən müharibəsində qazandığı Zəfərlə Azərbaycanın regionda yeni reallıq yaratdığını deyən nazir iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra daha da güclənəcəyini vurğulayıb.

Təntənəli tədbir daha sonra ziyafət və Azərbaycanın əməkdar artisti Manana Çaparidzenin şux ifalarının sədaları altında konsert proqramı ilə davam edib.

Oxunma sayı 5359
Siyasət rubrikasından digər xəbərlər