İran Azərbaycanla sonsuzadək düşmən qalacaq - Təhlil

10:26 02.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Tehrandakı Səfirliyinə təşkil olunmuş terror hücumundan sonra iki ölkə arasında onsiz da enişli-yoxuşlu olan münasibətlər kökündən pisləşdi. Dediyim kimi, əslində əvvəldən də pis idi, müstəqilliyin ilk günündən İranın məhz Ermənistanla qardaşlıq etməsi, öz təbirlərincə desək, “türklər tərəfindən təcrid edilmiş erməniləri” yedirib-içirdi, yanacaqla təmin elədi və sair. Yanacaq deyəndə ki, yalnız humanitar məqsədli yox, həm də azərbaycanlı müsəlmanların üzərinə sürülən tankları da təmin etdi.

Şərin himayədarı

Həmişə İranın Ermənistana qardaş dəstəyindən söz açmışıq, şəxsən özüm hər dəfə İran səfirləri ilə müsahibə zamanı İran prezidentlərinin ilk səfərini etdikləri İrəvanda Koçaryanlarla, Sarkisyanlarla, nə bilim Paşinyanlarla sarmaş-burmaş olub, öpüşüb-görüşməsinə irad tutmuşam və gözlədiyim şablon cavabı da almışam – biz bütün qonşularla dostuq.

Əslində İranın Ermənistanla sıx münasibətlərini normal qarşılamışam. Axı dili, dini, tarixi, mədəniyyəti, canı-qanı bir olan iki doğma qardaş başqa necə olmalıdır, ta durub bir-birinə güllə atmayacaqlar ki.

Bəli, İran - Ermənistan qardaşlığı özünü Azərbaycan səfirliyinə təşkil olunan terror hücumu zamanı da göstərdi. Üstəlik, Tehranın mərkəzində Qarabağ ermənilərinə dəstək mitinqi keçirildi. Hə, bir tərəfdə Qarabağ ermənilərinə dəstək mitinqi, o yanda da Azərbaycan səfirliyinə silahlı terror hücumu.

Yeri gəlmişkən, Səfirliyə hücumdan çox keçməmiş İranın hərbi obyektlərindən bəziləri dronlarla vuruldu. İran əvvəl şok içində açıqlama verməyə tələsmədi, guya sadəcə bir obyektin vurulduğunu, özü də hücum edən üç drondan ikisinin məhv edildiyini, birinin isə obyektə yüngülvari xəsarət vurduğunu bildirdi. Əslində isə vurulan obyektlərin sayı bir deyildi. Bəs kim vurdu – İsrail. Heç gizlətmədilər də, açıq-aşkar dedilər ki, əcəb etmişik, terrora xeyri dəyən bütün təsisləri məhv edəcəyik.

Bu arada, İsfahanda vurulan zavodda məhz Rusiyanın vasitəsilə Ukrayna şəhərlərində insanları qətlə yetirmək üçün istifadə olunan “Şahed” dronları istehsal edilir. Yəqin bu səbəbdəndir ki, İranda bir çoxları zavoda hücumda “Uykrayna barmağını” axtarmaq istədi. Görürsünüz, əzilən, torpaqları rus ordusu tərəfindən viran edilən Ukraynaya dəstək verməkdənsə, ölümsaçan dronları işğalçıya ötürən İran hər zamankı kimi, şərin yanında dayanıb, necə ki, 30 ildir işğalçının – Ermənistanın yemək-içməyi, pulu-parası olub.

Moskvadan qorxub...

Yenə qayıdaq İranın konkret Azərbaycana münasibətinə. “Thenateonal”ın analisti Aleks Vatanka deyir ki, Cənubi Qafqazın dəyişən geosiyasəti sürətlə yeni qlobal alovlanma nöqtəsi kimi ortaya çıxır. Bildirir ki, ötən həftə Azərbaycanın Tehrandakı Səfirliyinə hücumun İranla Bakı arasında gərginliyin artması ilə bağlı olub-olmadığını deyə bilməsə də, hər halda iki ölkənin prezidentləri söz savaşını sakitləşdirməyə üstünlük veriblər. Bazar günü İsfahan və Tehranda baş verən dron hücumları isə daha çox narahatlıq doğurur. Bununla belə, hər iki ölkə münasibətləri konstruktiv yola salmaq üçün daha çox işlər görməsə, münasibətlərdəki eniş spiralını dayandırmaq çətin olacaq.

“Azərbaycanda 10 milyondan çox, İranda isə təxminən, 25 milyon azərbaycanlı yaşayır. Azərbaycan xalqı XIX əsrdə Fars imperiyasının Qafqaz ərazilərini ruslara güzəştə getməsindən sonra ikiyə bölündü. Amma 1991-ci ildə Sovet İttifaqı dağılanda dünya xəritəsində Azərbaycan Respublikası adlı bir dövlət yarandı. Çox maraqlıdır ki, dünyaya şiə idealogiyası ixrac edən İran bu siyasətini şimaldakı “şiə qardaşlarına” ixrac edə bilmədi” deyən politoloq qeyd edib ki, bunun iki sadə səbəbi vardı. Birincisi, əsrlər boyu rus və sovet hakimiyyəti altında qalmış azərbaycanlılar Tehranın mürtəce islamçı ideologiyasını ümumiyyətlə qəbul etmədilər. İkincisi, daha vacib səbəb isə Moskvanın 1990-cı illərin ortalarından etibarən İranın keçmiş Sovet İttifaqının cənub ərazilərində heç bir təcavüzkar cəhdinə xoş baxmadığını açıq şəkildə bildirməsi idi. Bu səbəbdən də artıq Qərbdən uzaqlaşmış İran Moskvanı da özündən küsdürməmək yolunu seçdi.

Terrora aparan yol

A.Vatanka deyir ki, 2020-ci ildə Azərbaycanın uzun müddətdir işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün başlatdığı müharibədən sonra vəziyyət tamamilə dəyişdi. Ən pisi o idi ki, Tehran Azərbaycanın hərbi zəfərini görmək istəmədi. Bu səbəbdən də müharibənin daha geniş geosiyasi nəticələri qarşısında kor qaldı. Hansı ki, Bakının Ermənistan üzərində hərbi qələbə qazanmasında “İranın iki regional rəqibi olan Türkiyə və İsrail böyük köməklik göstərdi”.

“Tehran nəinki özünün şimal sərhədində daha dərin İsrail və Türkiyə izi ilə oyandı, həm də Rusiyanın Türkiyə və İsraili Cənubi Qafqazdan kənarda saxlaya bilməməsi Tehran üçün daha böyük şok oldu. Moskvanın bölgədəki nüfuzunun azaldığını və Rusiyanın Ukraynadakı hərbi missiyasına diqqətini artırdıqdan sonra tezliklə geri dönməyəcəyini anlayan İran hökuməti bölgədə nüfuzunu bərpa etmək üçün yollar axtarmağa başladı. Bir sözlə, Tehran Bakının növbəti addımını formalaşdırmaq üçün kök və yapışqan strategiyasını seçdi. Hansı ki, iki ölkə diqqəti iqtisadi və hətta hərbi əməkdaşlığın genişləndirilməsinə yönəldə bilərdi” deyən Vatanka bildirib ki, İran Bakının Azərbaycandan Türkiyə ilə həmsərhəd olan Naxçıvan eksklavına qədər quru dəhlizi - Zəngəzuru yaratmaq üçün əsas səylərinə qarşı çıxdı. Çünki Tehrana elə gəlirdi ki, Türkiyənin dəstəyini alan Azərbaycan bu dəhliz vasitəsilə İranın Ermənistanla əlaqəsini kəsmək istəyir.

“İran rəsmiləri iddia edir ki, israillilər İrana qarşı təxribat əməliyyatları keçirmək üçün Azərbaycan ərazisindən istifadə etmək istəyirlər. Hətta Tehranın Bakıdakı səfiri bu yaxınlarda xəbərdarlıq edib ki, ölkəsi Azərbaycanı İran-İsrail rəqabəti üçün döyüş meydanına çevirmək istəmir, lakin bundan sonra baş verənlərə görə məsuliyyət daşımayacaqlar. Tehranın hədə-qorxusuna qarşı Azərbaycan yanvarın 11-də İsrailə ilk səfirini təyin etdi. İranlılar bu qərarı belə yozurlar ki, rəsmi Bakı İranla regional rəqabətdə son nəticədə İsrailin tərəfini seçib”, - cənab Vatanka deyir.

Bu yerdə qeyd edək ki, Aleks Vatankanın da gəldiyi nəticə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror hücumuna gedən yolu göstərir. Yəni yanvarın 11-də Azərbaycan İsrailə səfiri təyin edib və bununla da fars rejiminin gözləntiləri puç olub və nəticədə səfirliyə qarşı məlum terror aktı təşkil edilməklə qisas almaq istəyiblər...

Müsahib qeyd edir ki, İran çox uzun müddət Cənubi Qafqazda Rusiyanın maraqlarına üstünlük verməyi seçdi və Moskvanın bu regionda gücünü itirdiyini görə bilmədi. Çünki son 10-15 ildir Tehranın başı Suriya, Livan, İraq və Yəmən kimi ərəb ölkələrinin daxili işlərinə müdaxiləyə qarışıb.

Yanlış siyasət

Türkiyənin keçmiş daxili işlər naziri Sadəddin Tantan da “İndependent”ə açıqlamasında Azərbaycanın sakit hərəkət etməli olduğunu vurğulayıb. "100-cü ildən sonra Britaniya planları yenidən səhnəyə çıxdıqda, böyük kəşfiyyat müharibələri baş verir. Mən Azərbaycanın Tehran Səfirliyinə edilən terror hücumunu bu müharibələrin bir hissəsi hesab edirəm. Təəssüf ki, İranın bəzi siyasətləri imperiya güclərinin bölgədə müxtəlif ssenarilər həyata keçirməsini asanlaşdırır. Ona görə də İran bu siyasətlərindən əl çəkməli və xüsusilə əhalisinin az qala yarısını təşkil edən Azərbaycan türklərinin adi təməl hüquqlarını tanımalıdır. Onların öz ana dillərinə - türk dilinə böyük ehtiyacları var” deyən cənab Tantan bildirib ki, İran bu məsələdə Türkiyə ilə də əməkdaşlığı gücləndirməlidir.

Keçmiş səfir deyib ki, Azərbaycan Orta Asiyadakı türk ölkələrindən Türkiyəyə uzanan yolda ən önəmli ölkəyə çevrilməkdədir. “Bunun üçün onun texnologiyası və təhlükəsizlik infrastrukturu sağlam olmalıdır. Həmçinin Türkiyə və Azərbaycanın birgə kəşfiyyat təşkilatı yaratması lazımdır. Rusiyanın Qafqazda 200 illik siyasətindən əl çəkməməsi regionu çətin vəziyyətə salan digər amil olduğundan, rus ordusunun Azərbaycan torpaqlarını tərk etməsi də bölgədəki gərginliyi azaldacaq”, - S.Tantan deyir.

Sonda bu qənaətimizi bölüşək ki, İran tarix boyun türk millətinə düşmənçilik etdiyi kimi, bu gün də eyni siyasəti yürüdür. Xüsusilə də Azərbaycanın müstəqilliyini həzm edə, yüksəlişini qəbul edə bilmir. İranda hər kəs yaxşı bilir ki, Arazın şimal sahilindəki Azərbaycan dövlətinin güclənməsi güneydəki on milyonlarla Azərbaycan türkünü də oyadacaq və bu oyanışı heç bir şiə mollasının uydurduğu nağıllar və ya qan daman qılıncı dayandıra bilməyəcək. Bu səbəbdən də İran nifrət və qəzəb püskürür ki, Azərbaycan səfirliyinə edilən hücum da bunun nəticəsidir. Odur ki, Azərbaycan və ümumiyyətlə, türk dünyası düşmənini tanımalı və ona uyğun mövqe tutmalıdır. 

Oxunma sayı 2643