Fevralın 6-sı səhər yuxudan qalxdığımda hamı kimi mənim də ilk eşitdiyim xəbər qardaş ölkə Türkiyədə baş vermiş 7.7 bal gücündə zəlzələ oldu. Təbii, Azərbaycan ilk yardım əlini uzatdı, qardaş türk elimizin yarasını sarmağa tələsdik. Amma təəssüf ki, acı itkilər var: yaşamını itirənlərin sayı 5434 nəfərə yüksəlib, yaralılar isə 31777 nəfərdir. Acı olsa da, sevindirici xəbər də o oldu ki, 8 mindən çox adam sağ-salamat dağıntıların altından çıxarılıb.
Əslində qardaş ölkə Alp geosinklinalı üzərində yerləşdiyi üçün ərazisinin hər yerində zəlzələnin baş verməsi ehtimalı yüksəkdir. Ona görə də insanların əsrlər boyunca düşüncəsində zəlzələ xofu mövcud olub, bu gün də var. Ona görə də mütəxəssislər hər yerdə və hər an baş verə biləcək bu qorxunc təbii fəlakətdən insanları və onların qurub-yaratdığı daşınmaz əmlakları qorumaq üçün elmi müstəvidə fərqli təkliflər səsləndirirlər. Bunlardan ilki və ən önəmlisi zəlzələyə davamlı binaların tikilməsi və insanları məhz həmin yeni evlərə köçürməkdir. Amma baxaq görək, az qala 90 milyona yaxın əhalisi olan Türkiyədə 8-9 bal gücündə zəlzələyə davam gətirəcək nə qədər bina tikilib və xüsusilə də çox böyük risq daşıyan bölgələrdəki şəhərlərdə yaşayan insanları belə mənzillərlə təmin etmək mümkün olubmu?
İnsafən, son 10-15 ildir Türkiyədə həm dövlət, həm də özəl sektor tərəfindən zəlzələyə davamlı binaların tikintisi genişləndirilib. Məsələn, İstanbul, Ankara və sair kimi çoxmilyonlu əhalisi olan şəhərlərdə yeni göydələnlər ucaldılan rayonlar salınır, istismar vaxtını itirmiş köhnə binalar isə bir qayda olaraq sökülür. Təbii ki, Türkiyədə eyni proses indiki zəlzələnin baş verdiyi cənub-qərb vilayətlərinin şəhərlərində də gedir. Amma əlbəttə, təbiət gözlənilmədən oyanır və qoynunda bəslədiyi insanları anbaan təəccübləndirir...
Bu təbii hadisə prizmasından yanaşaraq, qardaş ölkədə 1900-cü ildən üzübəri keçən 123 il ərzində nə qədər zəlzələ baş verdiyini araşdırmaq qərarına gəldim və əlbəttə, onlardan daha çox insan itkisinə yol açanlarını seçib sıraladım.
Qeyd edim ki, 1903-cü ildən 2023-cü il fevralın 6-dək olan dövrdə 5.5-8.0 bal gücündə 120-dək zəlzələ baş verib və bütün bu hadisələr zamanı zamanı ümumilikdə 85 mindən artıq insan yaşamını itirib.
Əlbəttə, indiki Türkiyənin yerləşdiyi ərazidə 526-cı ildə baş vermiş və 250 min insanın ölümünə yol açmış Antakya zəlzələsi və ya 1268-ci ildə Kilikyada qeydə alınmış, 60 min insanın həlak olması ilə nəticələnən zəlzələ faktları da mövcuddur.
Beləliklə, son 120 il ərzində baş vermiş və ən çox insan itkisinə yol açmış zəlzələ hadisələrinə nəzər salaq:
1903-cü il aprelin 29-da Muşun Malazgirt bölgəsində 6.7 bal zəlzələ olub, 600 nəfər həyatını itirib.
1912-ci il avqustun 9-da Tekirdağda 7.3 bal gücündə zəlzələ baş verib, 216 nəfər həlak olub.
1914-cü il oktyabrın 4-də Burdur-İsparta ərazisində 6.9 bal gücündə zəlzələ yaşanıb, 300 nəfər həlak olub.
1924-cü il sentyabrın 13-də Ərzurumda 6,8 bal gücündə zəlzələ baş verib, 60 nəfər həyuatını itirib.
1926-cı il oktyabrın 22-də Türkiyə-Ermənistan sərhədində 6.0 bal gücündə yer titrəyişləri baş verib, 355 nəfər həlakolub.
1928-ci il martın 31-də İzmirin Ödəmiş bölgəsində 6.5 bal gücündə zəlzələ olub, 50 nəfər yaşamını itirib.
1929-cu il mayın 18-də Sivasda 6.1 bal gücündə zəlzələ baş verib, 64 nəfər həlak olub.
1930-cu il mayın 7-də Türkiyə-İran sərhədində baş verən zəlzələ 7.2 bal gücündə olub və 2514 nəfər həyatını itirib.
1935-ci il mayın 1-də Balıkesirdə 6.2 bal gücündə zəlzələ olub, 200 insan yaşamınmı itirib.
1938-ci aprelin 19-da Kırşehirdə 6.6 baı gücündə zəlzələ olub, 160 nəfər həlak olub.
1939-cu il sentyabrın 22-də İzmir vilayətində 6.6 bal gücündə zəlzələ baş verib, 60 nəfər dünyasını dəyişib.
1939-cu il dekabrın 27-də Ərzincanda 7.9 bal gücündə zəlzələ baş verib, 32962 nəfər yaşamını itirib, 100 mindən çox insan yaralanıb.
1941-ci il sentyabrın 10-da Van bölgəsində 5.9 bal gücündə zəlzələ olub, 192 nəfər yaşamını itirib.
1942-ci il dekabrın 20-də Tokantda 7.0 bal gücündə zəlzələ yaşanıb, 3 min insan həlak olub.
1943-cü il iyunun 23-də Adapazarında yaşanan 6.6 bal gücündə zəlzələ 336 nəfərin yaşamına son qoyub.
1943-cü il noyabrın 27-də Kastamono-Çankırı sərhədində 7.2 bal gücündə zəlzələ olub, 4 min insan həyatını itirib.
1944-cü il fevralın 1-də Boluda 7.2 bal gücündə zəlzələ baş verib, 3959 nəfər həlak olub.
1946-cı il mayın 31-də Muşda 5.9 bal gücündə zəlzələ baş verib, 839 nəfər yaşamını itirib.
1949-cu il avqustun 17-də Bingöldə 6.7 bal gücündə zəlzələ yaşanıb, 450 nəfər həlak olub.
1953-cü il martın 18-də Çanaqqalada 7.2 bal gücündə zəlzələ olub, 265 nəfər yaşamını itirib.
1957-ci il 25-26 aprel tarixlərində Muğlada 7.1 və 7.3 bal gücündə iki zəlzələ olub, 19 nəfər həlak olub.
1957-ci il mayın 26-da Boluda baş verən 7.1 bal gücündə zəlzələdə 52 nəfər dünyasını dəyişib.
1964-cü il oktyabrın 6-da 7.0 bal gücündə zəlzələ olub, 23 nəfər yaşamını itirib.
1966-cı il avqustun 19-da Muşda yaşanan 6.9 bal gücündə zəlzələdə 2394 nəfər həyatını itirib, 1489 nəfər yaralanıb.
1967-ci il iyulun 22-də Boluda 7.2 bal gücündə zəlzələ olub, 89 nəfər yaşamını itirib.
1970-ci il martın 28-də Kütahyada baş verən 7.2 bal gücündə zəlzələ zamanı 1086 nəfər həlak olub.
1971-ci il mayın 22-də Bingöldə 6.8 bal gücündə zəlzələ baş verib, 878 nəfər yaşamını itirib.
1975-ci il sentyabrın 6-da Diyarbakırda baş verən 6.2 bal gücündə zəlzələdə 2385 nəfər həlak olub.
1976-cı il noyabrın 24-də Vanda baş verən 7.5 bal gücündə zəlzələdə 3840 nəfər həyatını itirib.
1983-cü il oktyabrın 30-da Ərzurumda baş verən 6.9 bal gücündə zəlzələdə 1155 nəfər həlak olub.
1992-cü il martın 13-də Ərzincanda 6.8 bal gücündə zəlzələ olub, 653 nəfər yaşamını itirib.
1995-ci il oktybrın 1-də Afyonkarahisarda 6.1 bal gücündə zəlzələ baş verib, 90 nəfər həlak olub.
1998-ci il iyunun 27-də Adanada 6.2 bal gücündə zəlzələ baş verib, 146 nəfər həlak olub.
1999-cu il avqustun 17-də Kocaeli vilayətində yaşanan 7.5 bal gücündə zəlzələ zamanı (Gölcük zəlzələsi) 18373 nəfər həyatını itirib, 48901 nəfər yaralanıb.
1999-cu il noyabrın 12-də Düzcədə baş verən 7.2 bal gücündə zəlzələdə 845 nəfər həlak olub, 5 min insan yaralanıb.
2003-cü il mayın 1-də Bingöldə baş vermiş 6.4 bal gücündə zəlzələdə 177 nəfər yaşamını itirib.
2011-ci il oktyabrın 23-də Van əyalətində 7.2 bal gücündə qeydə alınmış zəlzələdə 604 nəfər yaşamını itirib, 4152 nəfər yaralanıb.
2020-ci il yanvarın 24-də Elazığda 6.8 bal gücündə zəlzələ qeydə alınıb, 41 nəfər həyatını itirib, 1607 nəfər yaralanıb.
2020-ci il oktyabrın 30-da Egey dənziində zəlzələ 6.9 bal gücündə zəlzələ baş verib, 117 nəfər həlak olub (2 nəfər də Yunanıstanda ölüb).
2023-cü il fevralın 6-da mərkəzi ocağı Kahramanmaraşda yerləşən və bölgənin 10 vilayətində zərər vuran 7.7 bal gücündə zəlzələ zamanı ilkin məlumata əsasən 5434 nəfər həlak olub (Suriyada da 1451 nəfər yaşamını itirib, 3411 nəfər yaralanıb), 31777 nəfər yaralanıb.
Allah bütün həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin.