Bir günlük lokal antiterror tədbirləri ilə darmadağın edilən və təslim olan Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin bir çox üzvləri artıq Ermənistandadır. Yayılan məlumatlara görə, separatçı rejimin silahlı dəstələrində döyüşən «zabitlər» indi də Ermənistan ordusunda fəaliyyətlərini davam etdirmək istəyirlər.
«Qarabağda xidmət edən yüzlərlə zabit var idi, onlar artıq buradadırlar, dövlət onların hər biri ilə danışmalı idi, onların çoxu Ermənistan ordusunda xidmət etmək istəyir». Bu barədə “Hetq”in baş redaktoru Edik Baqdasaryan öz Facebook səhifəsində yazıb.
“Onlara həqiqətən heç nə deməyiblər, heç bir təklif verməyiblər. Mən bu hökumətin belə əvəzsiz resurs haqqında düşünmədiyinə inanmadığım üçün soruşuram. Dövlət zabit hazırlığına külli miqdarda pul xərcləyirdi. Döyüş əməliyyatlarında iştirak etmiş təcrübəli zabitlərdir. İndi o, bu resursla nə baş verdiyini bilmək belə istəmir? Yüzlərlə zabit artıq buradadır, mən ikisi ilə danışmışam, onları tanıyıram. Heç kim onlara demədi ki, nə edə bilərlər, nə etməlidirlər? Amma dövlət onların hər biri ilə danışmalı idi, çoxu Ermənistan ordusunda xidmət etmək istəyir. Onları mənzillərlə təmin etmək prioritet məsələdir”, - deyə o yazıb.