Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb. Qeyd edək ki, layihə sənədinə əsasən, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü ilin dövlət büdcəsi gəlirlərindən 282,5 milyon manat çox olaraq, 34 milyard 173 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsi gəlirlərinin 50,2 faizi qeyri-neft sektorunun, 49,8 faizi isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolmalarının 1 058,2 milyon manat artması, neft qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır.
Gələn il üzrə dövlət büdcəsi xərclərinin 2023-cü ilə nisbətən 138,2 milyon manat artırılaraq, 36 milyard 763 milyon manata çatdırılması məqbul hesab edilir. Dövlət büdcəsi xərclərində sosialyönümlü xərclərin 1034,5 milyon manat artırılaraq 15 772,9 milyard manata və ya xərclərin 42,9 faizə çatdırılması dövlətin sosial siyasətinin icra edilməsini lazımi maliyyə resursları ilə təmin edəcək.
Bəs, görəsən gələn il maaş və pensiyalarda nə qədər artım gözlənilir?
Sosial təyinatlı xərclər 20 dəfədən çox artıb
Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, Azərbaycanın dövlət büdcəsi hər zaman sosialyönümlü olub: “Əgər biz son 20 il ərzindəki statistik göstəricilərə nəzər salsaq görərik ki, sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. Dövlət başçımızın rəhbərliyi altında orta aylıq nominal əməkhaqqı 12, minimum əməkhaqqı isə 38 dəfədən çox yüksəlib. Son 20 il ərzində orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləğisə 14 dəfə artıb. Gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat təşkil edəcək 2024-cü ilin dövlət büdcəsi də builkindən daha çox sösialyönümlüdür. Funksional təsnifat üzrə proqnoz göstəricələrinə diqqət yetirsək, təhsilə 4 549,9 milyon manat, səhiyyəyə 1 871,3 milyon manat, sosial müdafiə və sosial təminata 4 542,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu kimi digər fəaliyyətə 574,8 milyon manat ayrıldığını görərik. Təkcə sosial müdafiə və təminat üzrə nəzərdə tutulan 4 542,2 milyon manat xərc cari ilin dövlət büdcəsində proqnozlaşdırılan eyni xərcdən 5 faiz artıq təşkil edir. Halbuki, 2024-cü ilin dövlət büdcəsi həcm baxımından öz sələfi olan cari ilin dövlət büdcəsilə müqayisədə çox az böyüyüb. Gəlir ilə xərclərin artması müvafiq olaraq heç 1 faiz təşkil etmir. Odur ki, sual yaranır: növbəti ilin dövlət büdcəsi həcm baxımından cari ilin dövlət büdcəsindən heç də artıq olmadığı halda, daha çox sösialyönümlü olması sarıdan əməkhaqqları, pensiyalar və müxtəlif təyinatlı sosial ödənişlər yüksəldiləcəkmi? Başqa sözlə 2024-cü ildə ölkədə 2019-cu ildən bəri sayca beşinci sayılacaq sosial paket həyata keçiriləcəkmi?
2021-ci il bərpa ili oldu
Ekspertin sözlərinə görə, 2019-cu il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili kimi yadda qaldı. Həmin ildən ölkədə minimum əməkhaqqı və əmək pensiyalarının minimum məbləği daha sürətlə və əhəmiyyətli dərəcədə artmağa başladı. Həmin il iki sosial paket həyata keçirildi. Bunu 2020-ci il ərzində də davam etdirmək nəzərdə tutulurdu. Lakin pandemiya imkan vermədi. 2021-ci il bərpa ili oldu: “2022-ci ildə isə 2019-cu ildəki işlərin davam etdiriləcəyi bəlli idi. 3-cü sosial paketin icrasına məhz 2022-ci ilin əvvəlində gedildi. İki illik fasilədən sonra 2022-ci ildə minimum əməkhaqqı 300 manata, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırıldı. Bu ilin, yəni 2023-cü ilin ilk günlərində isə Prezident tərəfindən son 5 ildə sayca dördüncü sosial paketin icrasına dair sərəncam imzalanmaqla minimum əməkhaqqı, pensiya məbləği və bütün növ sosial müavinətlər, təqaüdlər artırıldı. Sərəncamla minimum əməkhaqqı yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləğisə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Təbii ki, ölkədə gələn il beşinci sosial paketin icrası üçün də imkan və şərait, həmçinin zərurət var. 2024-cü ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlər buna imkan yaradır. Eyni zamanda, son illərdə dövlət büdcəsinin icra vəziyyəti, gəlirlərin keyfiyyəti və strukturu cəhətdən də hər cür şərait mövcuddur. Son illər ərzində neftin qiymətləri bizim üçün əlverişli olub, olaraq da qalır. Proqnozlaşdırılandan ikiqat artıq gəlir əldə edirik. İl ərzində büdcənin icrasında profisitin əldə olunması da əsasən bunun nəticəsidir”.
Əmək pensiyaları indeksasiya olunaraq artırılacaq
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov da bildirib ki, gələn il vətəndaşların sosial təminatın daha da gücləndiriləcəyi proqnozlaşdırılır: “Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artımın nəzərdə tutulması 2024-cü ildə sosial təminatın daha da güclənəcəyindən xəbər verir. Belə ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq. Qeyd edək ki, bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək. Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir".