Dövlət hesabına xaricdə təhsil alanlar geri qayıtmalıdırmı? - AKTUAL

11:34 23.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda gənclər arasında xaricdə təhsilə yüksək maraq var. Hazırda həmin gənclərin müəyyən hissəsi dövlət vəsaiti hesabına xaricdə təhsillərini davam etdirirlər. Məsələn, 2022/2023-cü tədris ilinin statistikasına görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1004 nəfər təşkil edib. Onların 35 faizi Bakı, 65 faizi isə Azərbaycanın regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çinin ali təhsil müəssisələrində oxuyur. Bu məsələdə də müəyyən narazılıqlar var. Belə ki, xaricdə dövlət hesabına təhsil alan və bu il sonuncu kursda oxuyan tələbələrin dediyinə görə, onlara təhsillərini başa vurduqdan sonra mütləq qayıdıb Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaları bildirilib. Bu da müəyyən narazılıq yaradıb. Tələbələr iddia edir ki,  xaricdə dövlət hesabına təhsil proqramına qəbul olarkən onlara deyilib ki, Azərbaycana qayıdıb işləmək və ya xaricdə qalmaq seçimində sərbəstdirlər. İddialara görə, bir vaxtlar ölkə Prezidenti də tələbələrlə göruşdə deyib ki, bu məsələdə məcburiyyət olmamalıdir.

Digər tərəfdən, tələbələr həm də təhsil haqlarının ödənilməsi ilə bağlı problem yasayırlar. Aidiyyəti qurumlar tərəfindən təhsil haqlarının gec ödənildiyi bildirilir. Universitetler də tələbələrdən ödənişın vaxtında ödənilməsini tələb edirlər, əks təqdirdə ali təhsil müəssisəsindən xaric ediləcəkləri bildirilir. Tələbələr iddia edirlər ki, bu halda valideynlər məcbur qalaraq təhsil haqqının bir hissəsini universitetler tələb etdikləri vaxtda ödəyirlər. Azərbaycan dövləti sonradan həmin vəsati geri ödəsə də, bu məsələdə problem yaşanmaması üçün aidiyyəti qurumlar daha operativ çalışmalıdırlar.

Bəs, görəsən, təhsilhaqqı ilə bağlı yaranan yubanmanın səbəbi nədir? Xaricdə dövlət vəsaiti hesabına bu il sonuncu kursda oxuyan tələbələrin Azərbaycana qayıdıb işləməsi məcburidirmi?

Birinci proqramda gənclərin əksəriyyəti ölkəyə qayıtmadı

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov bizimlə söhbətində bildirib ki, bundan əvvəlki Dövlət Proqramında daha çox bakalavr səviyyəsində təhsilə üstünlük verilmişdi. Amma həmin gənclərin əksəriyyəti sonradan ölkəyə qayıtmadı:

“Əslində beynəlxalq praktikada da belədir ki, dövlət hesabına xaricə təhsilə göndərilənlər müəyyən müddətə ölkədə çalışmalıdır. Dövlət ona sərmayə qoyur, kadr hazırlayır. Burada işləməlidir ki, qoyulmuş sərmayənin nəticəsi olsun. Təbii ki, sonrakı illərdə həmin tələbələrin xaricdə diasporanın inkişaf etdirilməsi və sair məsələlərlə bağlı təkliflər ortaya çıxdı. Xatırlayıram ki, bir vaxtlar cənab Prezident də bununla bağlı bildirmişdi ki, biz hətta o şəraiti yaradırıq ki, bu gənclər gedib xaricdə çalışsınlar, amma Azərbaycan disporasının inkişafında yaxından iştirak etsinlər. İkinci Dövlət Proqramında isə, yəni Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda bununla bağlı öhdəlik var. Yəni, məzunlar qayıdıb azı 5 il Azərbaycanda işləməlidirlər. Düşünürəm ki, qoyulmuş tələb haqlıdır. Qoyulmuş investisiya da o məqsəd daşıyır ki, onlar gəlib burda öz töhfələrini versinlər”.

Bu tələbələr mütləq aidiyyəti qurumlara müraciət etməlidirlər

Təhsil haqlarının ödənilməsi ilə bağlı gecikmələrin nədən qaynaqlanmasına gəlincə, ekspert vurğulayır ki, bu cür problem yaşayan tələbələr mütləq aidiyyəti qurumlara müraciət etməlidirlər: “Əgər belə bir problem varsa, aidiyyəti üzrə müraciət edilməlidir. Valideynlərin ödəniş etməsi doğru hal deyil. Valideynlər birmənalı başa düşməlidir ki, tələbələr, magistrlər hansı xarici ali məktəbə göndərilirsə, dövlət səviyyəsində həmin universitetlərlə müqavilələr bağlanılır. Ona görə də dövlətin müfaviq orqanlarına müraciət edilməlidir”.

Onlar, ən azı, beş il Azərbaycanda işləməlidirlər

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, ümumiyyətlə, xaricdə təhsili əhatə edən proqramın ideya müəllifi, təşəbbüskarı ölkə Prezidentidir:

“Burada məqsəd də Azərbaycanın kadr potensialının yüksəldilməsi, yüksək təhsil almış gənclərin hesabına ölkəmizin daha davamlı iqtisadi inkişafına nail olmaqdır.  Xatırlayıram ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı cənab Prezident 2007-ci ildə birinci Dövlət Proqramını qəbul etdi. Birinci Dövlət Proqramını işləyən işçi qrupunun üzvlərindən biri də mən olmuşam. Birinci Dövlət Proqramı qəbul edildi və kifayət qədər də uğurlu oldu. Əslində açığını deyim ki, birinci Dövlət Proqramında da gənclərin məhz qayıdıb Azərbaycanda işləməklə bağlı bir öhdəliyi var idi. Onlar gəlib ən azı beş il Azərbaycanda işləməli idilər. O zaman bu gənclərin xeyli hissəsi qayıtdı, amma bir qismi qayıtmadı və cənab Prezident böyük humanistlik nümayiş etdirdi, əslində mən düşünürəm ki, həm də doğru etdi. O baxımdan ki, bu gün Azərbaycan gənclərinin həmin xarici dövlət proqramı ilə təhsil almış gənclərin səsi dünyanın nüfuzlu, deməli, təhsil ocaqlarından, elmi müəssisələrdən, beynəlxalq qurumlardan, böyük korporasiyalardan gəlir. Əlbəttə, onlar Azərbaycanın, həm də orada intellektual, deməli, təəssübkeşləridirlər. Onlar Azərbaycanın, həm də bütövlükdə diaspor fəaliyyətimizin gələcəkdə formalaşması istiqamətində böyük işlər görürlər. Baxmayaraq ki, onlar xaricdədirlər, yəni bütövlükdə yenə də Azərbaycana xidmət edirlər. Çünki xaricdə Dövlət Proqramının mahiyyətində bu dayanır. Azərbaycan xalqı ümumilikdə intellektual xalqdır, savadlı xalqdır. Əgər vaxtilə dövlət belə gənclərə dəstək olmasaydı, bizim xeyli sayda savadlı gənclərimiz müxtəlif yollara gedib xaricdə təhsil alacaqdılar. Bunun üçün dünyada hətta Soros kimi xüsusi məqsədli fondlar var və onların təsirinə düşəcəkdilər. Amma buna dövlət imkan vermədi və bu gənclərin gələcəkdə savadlı, peşəkar mütəxəssis kimi yetişməsinə dövlət öz çiynini verdi. Dövlət öz gəncinə sahib çıxdı”.

Alim vurğulayıb ki, xaricdə dövlət hesabına təhsil alan hər bir gənc Azərbaycan üçün çalışmalıdır: “Həmin gənclər Dövlət Neft Fondunun vəsaitləri hesabına xaricdə təhsil alırlar. Dövlət Neft Fondunun pulu xalqın puludur, bu, dövlətin puludur və xalq, dövlət öz gəncinin oxumasına pul ayırır, onun oxumasını maliyyələşdirir və burdan o gənclər üçün bir öhdəlik əslində onların üzərinə həm də dövlətin bir öhdəliyi qoyulur. Dövlətin onlardan gözləntiləri var. Gözlənti nədir? Onlar gəlib Azərbaycana xidmət eləsinlər, bu ölkənin inkişafı naminə çalışsınlar, bilik və bacarıqlarını bu dövlətin, bu xalqın inkişafı yoluna sərf etsinlər. Həmin pullar verilmir ki, kimsə gedib xaricdə təhsil alsın, sonra da ölkəni bəyənməsin. Ən nüfuzlu ali məktəbdə tutaq ki, illik təhsilhaqqı 100 000 dollardır. Onu bu xalq öz cibindən verir ki, savadlı gənci xaricdə bilik və bacarığını artırıb ölkəsinin inkişafına dəstək olsun. Biz də bilirik ki, belə hallar var, amma həmin gənclər ölkə qarşısındakı öhdəliklərini unutmamalıdırlar. Dövlət Proqramında da qeyd olunub ki, həmin gənclər 5 il müddətində gəlib bu ölkəyə çalışmalıdırlar, əks halda vəsaiti geri qaytarmalıdır. Əslində, ölkəmizdə həmin gənclər üçün çox gözəl perspektivlər var, onlar ən perspektivli işlərdə irəli çəkilirlər. Ona görə də hesab edirəm ki, o gənclərin borcudur, gəlib bu ölkədə çalışsınlar, xidmət etsinlər”.

Təhsilhaqqı ilə bağlı yaranan yubanmalara da aydınlıq gətirən İ.Orucov deyib ki, bu ancaq texniki məsələlərdən qaynaqlana bilər: “Həmin vəsaitlər təbii ki, büdcədən ayrılır. Büdcə pullarının ayrılması ilə bağlı da müəyyən prosedurlar var. Burada hər hansı bir bürokratik və digər əngəldən söhbət gedə bilməz. Çünki bu Proqram qeyd etdiyim kimi cənab Prezidentin diqqətindədir. Onun xüsusi diqqət göstərdiyi məsələlərdən biridir. Bütövlükdə proqram çərçivəsində öhdəliklər müəyyənləşdirilib və zaman çərçivəsində öhdəliklər yerinə yetirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq da bizə indiyədək təhsil haqlarının yubanması ilə bağlı hansısa müraciət daxil olmayıb”.