Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd olunub

20:15 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyinin 52-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin Dövlət himnləri səsləndiirlıb.

Tədbirin açılışında çıxış edən BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd əl-Bluşi qeyd edib ki, bu gün hər bir BƏƏ vətəndaşının ürəyində əziz xatirə olan günü -Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranmasının 52-ci ildönümünü qeyd olunur: “Birliyin şəfəqi 1971-ci ilin bu günündə parladı. Mən BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətləri təqdir etmək istərdim. Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir”, - diplomat vurğulayıb.

Səfirin sözlərinə görə,hər  iki ölkənin vətəndaşları vizadan azad edilib, bundan başqa, bərpa olunan enerjinin istehsalı, neft-qaz və digər sahələrdə 40 sənəd, anlaşma memorandumu və sazişlər imzalanıb: “Bu, iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmliyini əks etdirir”.

Səfir əlavə edib ki, ölkəsi BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın rəhbərliyi altında regional və beynəlxalq arenalarda mövqeyini, fəal rolunu gücləndirməklə, inkişaf və iqtisadi yüksəliş yolunu davam etdirir: “BƏƏ dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında möhkəm əlaqələr qurmağa, ölkələr arasında mübahisələrin dialoq və dinc vasitələrlə həllinə sadiqliyinə, beynəlxalq sabitliyin, sülhün dəstəklənməsinə, insanların birgə yaşayışının təşviqinə töhfə verməyə müvəffəq olub. BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ölkədə 2023-cü ili “ Sabah üçün bu gün” şüarı altında “Davamlılıq İli” elan edib. “Davamlılıq İli” BƏƏ-nin davamlılıq problemlərini həll etmək üçün beynəlxalq kollektiv fəaliyyətin gücləndirilməsində göstərdiyi səyləri və daha firavan gələcək qurmaq üçün hər kəsə fayda verən innovativ həllər axtarışında rolunu vurğulamaq məqsədi daşıyır”.

Səfir bildirib ki, hazırda BƏƏ dünya miqyasında davamlı iqtisadi inkişaf sahəsində aparıcı modelə çevrilib və iqtisadi artım, rifah və ətraf mühitin mühafizəsi arasında tarazlığa nail olmağa yönəlmiş iddialı strategiyalar qəbul edir. BƏƏ kosmosa və müxtəlif elmlərə olan marağını davam etdirir, bu sektorda qabaqcıl nəticələr əldə etməyə çalışır. “Ötən ilin sentyabrında ölkə, BƏƏ astronavtı Sultan əl-Neyadinin uzun sürən kosmos səyahətindən sonra Yerə qayıtmasını, Beynəlxalq Kosmik Stansiyada uzun müddət qalan, kosmosda gəzinti həyata keçirən ilk ərəb astronavtı kimi böyük nailiyyətini qeyd edib. BƏƏ, həmçinin ən böyük və ən qabaqcıl peyklərdən olan "Mohammed bin Zayed sat" (MBZ-SAT) peykini 2024-cü ildə orbitə çıxarmağa hazırlaşır. Ölkəmiz kosmos sahəsində tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində elmi töhfələrini artırmağa davam edəcək. BƏƏ, ekoloji problemlərin həllinin təşviqini və iqlim dəyişikliyi ilə bağlı problemlərin həllini öz prioritetləri sırasına qoyur. BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin konfransının iyirmi səkkizinci sessiyası COP28 BƏƏ-də 30 noyabr-12 dekabr tarixlərində “Expo City Dubai”da keçiriləcək, dünya liderləri və ekspertləri planetimizin üzləşdiyi riskləri azaltmaq istəyi ilə bir araya gələcək”,- diplomat əlavə edib.

Səfir BƏƏ-in BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinə də toxunub: “BƏƏ Təhlükəsizlik Şurasına üzv olduğu müddətdə münaqişənin dinc yolla həllini təşviq etmək, humanitar yardıma üstünlük vermək, sülhü qorumaq, qlobal səhiyyə və sağlamlıq böhranlarını həll etmək, bəşəriyyətə xidmət etmək üçün innovasiya imkanlarından istifadə etmək, terrorizmlə mübarizə üçün beynəlxalq sistemin inkişaf etdirilməsi kimi dövrümüzün bəzi vacib çağırışlarının həllində mühüm rol oynayıb”.

Diplomat həmçinin vurğulayıb ki, BƏƏ beynəlxalq miqyasda yardımların ən böyük donorlarından biri qismində iştirak edir.

“BƏƏ yarandığı gündən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə beynəlxalq əlaqələrini gücləndirmək və genişləndirməkdə maraqlıdır. Ölkə çoxtərəfli əməkdaşlığa möhkəm sadiqliyini əks etdirməklə və bütün sektorlarda beynəlxalq prioritetlərə nail olmaqla 150-dən çox təşkilata üzv olub. BƏƏ dünya ölkələrinin ümumi maraqlarına əsaslanan və sülhün, sabitliyin, firavanlığın, xalqların rifahının təşviqinə yönəlmiş xarici siyasətini davam etdirəcək”, - səfir çıxışını yekunlaşdırıb.

Azərbaycan hökuməti adından təbrik çıxışı edən Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanla BƏƏ arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.

Nazir vurğulayıb ki, BƏƏ 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: "1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyə qədər ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycanla BƏƏ arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır və iqtisadiyyat, enerji, turizm, təhsil və bir çox digər sahələri əhatə edir. Ölkələrimiz ikitərəfli təmaslarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində də əməkdaşlıq edir".

Nazir Əmrullayev qarşılıqlı yüksək səviyyəli səfərlərə də toxunub: "Bu əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmlənir. Azərbaycan prezidenti İlham Əliyevin 2023-cü ilin yanvarında BƏƏ-yə səfəri əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunun və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun əyani göstəricisidir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının əraziləri 30 ilə yaxın idi ki, işğal altındaydı, 1 milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasından didərgin düşmüşdü. Prezident İlham Əliyevin rəhbərliyi altında igid ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu baxımdan, BƏƏ-nin bir neçə şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və tikinti layihələrində iştirak üçün müraciət etməsi bizi sevindirir".

Əmrullayev bildirib ki, BƏƏ Azərbaycanın mühüm ticarət və iqtisadi tərəfdaşıdır: "2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 99,87 milyon dollar təşkil edib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında BƏƏ ilə ticarət dövriyyəsi 16 faiz artıb. Azərbaycanda BƏƏ investisiyalı 385 kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sahəsində qeydiyyatdan keçib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ölkəmizlə BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında Sazişlə bağlı danışıqlara 2023-cü ilin aprel ayında başlanılıb. Bundan əlavə, Azərbaycanın Ticarət Nümayəndəliyi 2017-ci ildən, “Azərbaycan Ticarət Evi” isə 2019-cu ildən Dubayda fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlıq ikitərəfli təmasların digər mühüm istiqamətlərindən biridir. Bu kontekstdə BƏƏ-nin “Masdar” şirkətinin Azərbaycanda həyata keçirilən enerji layihələrində fəal iştirakına diqqəti cəlb etmək istərdim”.

Nazir deyib ki, BƏƏ-nin “Masdar” şirkəti tərəfindən 2023-cü ilin oktyabrında istifadəyə verilmiş Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi və Regionda ən böyük günəş elektrik stansiyası kimi və “Masdar”la Azərbaycan hökuməti arasında Prezident İlham Əliyevin iştirakı ilə imzalanmış sənədlər xüsusi vurğulanmalıdır.

“Hesab edirəm ki, xalqlarımız arasında təmaslar ikitərəfli əməkdaşlığın dinamik inkişafını əsaslandıran əsas amillərdən biridir. Bu əlaqələrin qurulmasında elm və təhsil sahələri xüsusi əhəmiyyət kəsb edir. Biz Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan BƏƏ vətəndaşlarının sayının artmasında həqiqətən maraqlıyıq və inanırıq ki, tələbə və akademik heyətin mübadiləsi, elmi tədqiqatlar və elmi tədqiqatların aparılması üçün daha geniş imkanlar var", - nazir Emin Əmrullayev çıxışını tamamlayıb.

Daha sonra tədbir oynaq ərəb musiqisinin sədaları altında qeyri-rəsmi hissə ilə davam edib.

Oxunma sayı 672