"Polşalı Nobel" adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

16:05 20.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olmuş polşalı mühəndis Vitold Zqlenitski haqqında Azərbaycan və ingilis dillərində çap edilmiş kitabın təqdimatı keçirilib.

Hafta.az-ın yazdığına görə, Andjey Yan Xodubskinin müəllifi olduğu kitab Azərbaycanda neft-qaz sənayesinin yaradılmasında böyük xidmətləri olan bu polşalı geoloq və ixtiraçının həyatından bəhs edir.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski çıxışında deyib ki, Polşa səfirliyi, bu şəxsiyyət haqda bilikləri təbliğ etmək üçün ona həsr olunmuş və müəllifi Andjey Yan Xodubskinin olduğu "Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904) "Polşalı Nobel" adlı kitabını Azərbaycanda nəşr etmək qərarına gəlib. O, “Bakı neftinin atası” kimi tanınan görkəmli polşalı geoloqun fəaliyyətindən bəhs edən kitabı Azərbaycan dilinə tərcümə edən Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Səttarova öz təşəkkürümü bildirib.

Zqlenitskinin həyat və yaradıcılğı haqqında məlumat verən səfir deyib ki, onun həyatı və nailiyyətləri yalnız geologiya və dağ-mədən sahəsi ilə bağlı bir qrup mütəxəssisə məlumdur. Diplomat qeyd edib ki, Vitold Zqlenitski eyni zamanda Bakıdakı Polşa icmasının fəal üzvü və Polşa-Azərbaycan münasibətlərində mühüm fiqur olub.

Məlumat üçün bildirək ki, Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə o, Polşada mühəndis işləyib, lakin onun peşəkar həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlı olub - 1891-ci ildən ölümünə qədər burada çalışıb.

Vitold Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olmuş və onun dəniz dibindən çıxarılması ideyasını irəli sürüb. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlayıb. Vitold Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olub. Onu “Bakı neftinin atası” adlandırmaq olar, çünki onun geoloji fəaliyyəti və ixtiraları bu şəhərdə neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib.

Vitold Zqlenitskinin ictimai fəaliyyətini də xatırlanmağa dəyər. Məsələn Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində (ölümündən sonra - miras vəsiyyəti ilə) iştirak edirdi. O, öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi I Dünya Müharibəsinin başlaması ilə dayandırılıb. Rusiyada 1917-ci il inqilabından sonra Vitold Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum edildi (özgəninkiləşdirmə kompensasiya edilmədən həyata keçirilirdi).

Vitold Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb və Wola Kielpinska qəbiristanlığında dəfn olunub.

Oxunma sayı 468