Makronun Ermənistan sevgisi bitməz - Politoloq

12:02 23.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın balanslı siyasət həyata keçirməsi, ayrı-ayrı dövlətlərin maraqlarından deyil, Azərbaycan maraqlarından irəli gələn siyasət yürütməsi təbii olaraq Fransa kimi digər Qərb dairələrini də narahat edir. Onların hər biri üçün sözəbaxan Ermənistan kimi bütün tapşırıqları icra etməyə hazır olan bir ölkə lazımdır”. Bunu hafta.az-a politoloq Rəşad Bayramov Fransa prezidenti Makronun Azərbaycanla bağlı son bəyanatı ilə bağlı açıqlamasında bildirib.

R.Bayramov qeyd edib ki, Qərb demokratiyasından, insan hüquqlarından danışan ayrı-ayrı Fransa kimi ölkələr üçün Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə daxili vəziyyət və sair heç bir əhəmiyyət daşımır.
“Onlar üçün vacib olan ölkələrin onların istəyini həyata keçirməsidir. Əgər bu gün Azərbaycan Fransanın, ABŞ-ın və sairələrin siyasətinin iştirakçısına çevrilsə regionda, tamamilə əminəm ki, ümumiyyətlə daxildəki vəziyyətlə bağlı və yaxud insan hüquqları ilə bağlı bir dəfə dəolsun həmin ölkələrin bəyanatlarınıe eşitmiyəcəyik”.

Politoloq qeyd edib ki, Makronun Ermənistan sevgisi bitməz. Bu sevginin arxasında Fransanın Cənubi Qafqaz maraqları dayanır. Fransa ayrı-ayrı bölgələrdə özünün təcrid siyasəti, ayrı-ayrı ölkələrdən qovulmasından sonra xüsusilə Cənubi Qafqaz regionunda möhkəmlənmək və Cənubi Qafqazda pay sahibi olmaq üçün Ermənistandan faktiki olaraq bir alət kimi istifadə edir.

“Bu gün Fransa bütün imkanları ilə məhz ona görə Ermənistanın yanında dayanır ki, Ermənistan onun Qafqaz siyasətində aparıcı rol oynayır. Ümimiyyətlə, Cənubi Qafqaz ölkələri içərisindən Ermənistan yeganə ölkədir ki, bu gün Fransa ilə müxtəlif səviyyəli yaxın əlaqələri var.

Biz Fransanın antiAzərbaycan mövqeyini təkcə Ermənistan sevgisi ilə də izah etməməliyik. Burda vacib məqamlardan biri ondan ibarətdir ki, Fransa üçün Ermənistanın maraqları, yaxud Ermənistanın bundan sonrakı taleyi, yaxud onun inkişafı o dərəcədə də maraqlı deyil. Maraqlı olan Fransanın öz maraqlarıdır. Bütün mövcudiyyəti ərzində ancaq ayrı-ayrı regionların təbii sərvətlərini talayaraq Fransanı ayaqda saxlamağa yönələn siyasətini indi Cəbubi Qafqazda həyata keçirmək istəyir. Cənubi Qafqazın coğrafi mövqeyi, təbii ehtiyatları, Xəzər dənizi və Qaradəniz arasında yerləşməsi, dəhlizlərin kəsişməsi, Asiya və Avropa arasında bir keçid olması təbii olaraq bu regionu ayrı-ayrı güclər üçün olduqca cəlbedici və maraqlı edir. Fransa da həm Xəzərin karbohidrogen ehtiyatlarından, həm regionun təbii sərvətlərindən pay almaq, həm buradan keçəcək və artıq keçən dəhlizlərə nəzarət imkanı əldə etmək üçün bütün gücü ilə bu gün Ermənistanın yanında dayanır”.

R.Bayramov hesab edir ki, Makron kimi siyasətçilər tək deyil. Bu gün Avropanın bir çox ölkələrində bu tip siyasətçilərə rast gəlinir. Məhz elə bu yarıtmaz siyasətin nəticəsidir ki, bu gün Avropada bütün sahələrdə tənəzzülə şahidlik edirik.

“Fransanın özündə demək olar ki, davamlı şəkildə ayrı-ayrı qrupların - fermerlərin, sahibkarların, ayrı-ayrı kateqoriyalı qrupların etirazlarına şahidlik edirik. Yəni bu gün daxildəki vəziyyəti stabilləşdirməkdən çox mütləq şəkildə burunlarını ayrı-ayrı bölgələrə soxmaqla öz maraqlarını təmin edib, yenə də müstəmləkəçilik siyasəti yürütmək istəyirlər. Ona görə də Makronun antiAzərbaycan bəyanatları və Ermənistana dəstək verən mövqeyi təəccüblü görünməməlidir.Biz istər 30 illik ATƏT Minsk Qrupu fəaliyyətində, istər ikinci Qarabağ savaşı və sonra Fransanın tutduğu mövqeyi kifayət qədər yaxşı bilirik. Fransanın Azərbaycana qarşı bu mövqeyi bundan sonra da davam edəcək. fransanın hədəfi nəyin bahasına olursa-olsun bizim regionumuzda pay sahibi olmaqdır və bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək”.

Politoloq qeyd edib ki, Ermənistanda müxalifətdə olmayan ən müstəqil QHT-lərin belə ümumi hesabatlarından görünür ki, Paşinyan hakimiyyətində həbsə atılan ayrı-ayrı siyasilərin və jurnalistlərin, siyasi məhbus adı alan şəxslərin sayı indiyə qədər Paşinyandan qabaqkı Ermənistan hakimiyyətlərinin hər birindən qat-qat çoxluq təşkil edir. Amma buna baxmayaraq, ayrı-ayrı ölkələrin regiondakı maraqlarını təmin edən sözəbaxan Ermənistan üçün bir dəfə də olsun biz Fransanın, Avropa qurumlarının, yaxud ABŞ-ın Ermənistanda daxili vəsiyyət, insan hüquqları və sairələrlə bağlı bəyanatlarının şahidi olmamışıq.

“Bu bəyanatlar, bu tip açıqlamalar ancaq və ancaq ölkələrə təzyiq etmək lazım olanda edilir. O baxımdan da Azərbaycan üçün bu gün Fransanın, yaxud Ermənistanın havadarları rolunda çıxış edən ayrı-ayrı ölkələrin nə düşündüyü deyil, öz mövqeyimizin möhkəmləndirilməsi, güclü müttəfiqlərdən ibarət güclü koalisiyaların yaradılması və bu gücün hesabına özümüzün ərazi bütövlüyümüzün, suverenliyimizin qorunub-saxlanılması vacib olmalıdır”.

Oxunma sayı 474
Siyasət rubrikasından digər xəbərlər