Qədim ənənələrin simvolu - bahar nəfəsli Martişor

11:27 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mart ayının 1-də Rumıniyada ənənvi olaraq Marţişor bayramı qeyd edilir. Eynilə Azərbaycanda baharın gəlişini xəbər verən Novruz byramı kimi, Martişor da rumın xalqı üçün minillərdir ki, məhz baharın müjdəçisidir.

Arxeoloqlar Martişorun əlamətlərinə bənzər 2 min illik antik əşyalar tapıblar. Bu tapıntılar boyuna taxılmaq üçün ip parçasına keçirilmiş, kulon kimi taxıla bilən ağ və qırmızı rəngli çay çınqıllarıdır. Bu iki rəng - qırmızı rəng qadınların həyatiliyini, ağ rəng isə kişilərin müdrikliyini göstərə bilərdi. Beləliklə, Martişor toxunuşu (ağ sapla qırmızı sapın bir-birinə toxunması) bu iki özülün ayrılmaz qarışığını tərənnüm edir. İndiki dövrümüzdə, kişilər yazın rəmzi olan Martişoru gənc qız və xanımlara hədiyyə edirlər. Amma Martişor həmçinin, qızlar tərəfindən də öz dostlarına, analarına, nənələrinə hədiyyə edilə bilər.

Martişorla bağlı maraqlı bir əfsanə mövcuddur. Həmin əfsanəyə görə, martın ilk günü Yaz adlı gözəl bir qız ağacın içindən çıxır, qarla örtülmüş kolun altında gözəl və kiçik novruzgülünü görür. Qış küləyi və şaxtanı çağırır ki, bu kiçik gülü məhv etsin və novruzgülü şaxtadan donur. Amma Yaz gülü örtən qarı kənara tullayır və bu zaman kolun tikanları onun barmağına batır. Barmağından axan qan damlası novruzgülünün üzərinə düşür və onu yenidən həyata qaytarır. Bu minvalla, Yaz qışı dəf edir və onun rəngləri (qırmızı və ağ) yaranır, ağ qar üzərinə düşən Yazın qırmızı qanı.

Moldovada isə hələ də gənc qızların oğlanlara Martişor bağışlaması adəti qalır. Adətə görə, ağ və qırmızı ilə toxunmuş sapa kiçik əşya olaraq bərkidilmiş rəmzlər, qız və ya oğlanın seçdiyi insana arzusunu bildirir. Ən məşhur rəmzlər uğur və xoşbəxt tale - dördyarpaqlı yonca, baca təmizləyən adam, at nalı - tərənnüm etməklə yanaşı, həmçinin, saflıq və sağlamlığı (novruzgülü), cavanlığı (parabüzən, ördək balası, cücə) tərənnüm edir. Martişor adətən mart ayının ilk on günündə və hətta bütün mart ayı boyunca taxılır. Deyilənə görə, sahibini pis gözdən və uğursuzluqda qoruyur. Çıxarıldıqdan sonra isə Martişor ağac budağından asılır. Bu da öz növbəsində həyatın dirçəlişini və asıldığı ağaca məhsuldarlıq gətirməsini göstərir. Əfsanələrdə deyilir ki, Martişoru ağac budağından asarkən arzu tutulursa ürəkdə, o həmin il həyata keçər. Yəqin buna görədir ki, aprelin əvvəlində bir çox kəndlərdə ağaclar Martişor rəmzləri və qırmızı-ağ hörüklü iplərlə bəzənmiş olur.

Rumıniyanın bölgələrində bayram qəribə adətlərin yerinə yetirilməsi ilə müşaiyyət olunur. Məsələn, ölkənin şimal-qərbində yerləşən Bihorda hər yazın başlanğıcında qızlar yağış suyunda çimir. Bununla da onlar daha sağlam və gözəl olacaqlarına inanırlar.

Qərb əyaləti olan Banatda, əfsanəyə əsasən, qızlar meşə giləmeyvələrinin yarpaqlarından toplanan suda çimərsə, həmin il ərə gedəcəklər.

Ölkənin mərkəzi bölgəsi olan Transilvaniyada Martişor darvaza və pəncərələrdən, eləcə də öküzlərin buynuzlarından asılır ki, şər nəzərləri özlərindən uzaqlaşdırsınlar. Martişor ənənələri Transilvaniya kəndlərində soyuq və qaranlıq qışdan optimizm və təbiətin oyanışı simvolu olan yaza keçidi tərənnüm etməklə, insanların həyatına rəng qatması mənasına gəlir.

Şimal-şərqi Rumıniyada - Bukovinada martın 1-də qızlar hələ də öz kəndlərindəki oğlanlara Martişor bağışlayırlar. Keçmişdə analar evlərinə uğur və xoşbəxtlik gəlsin deyə, ağ və qırmızı yun saplardan Martişor toxuyar, ona gümüş və ya qızıl parçası keçirərdilər. Gənc qız və oğlanlar bu rəmzləri martın 1-də günəş doğmazdan əvvəl biləklərinə dolayardılar. Gümüş parçası sağlam həyat əlamətinin, qırmızı sap isə al yanaqlar mənasını tərənnüm edirdi.

Martişor haqqında müxtəlif əfsanələr yaranıb. Qədim rumın əfsanəsində deyilir ki, bir gün Günəş gənc oğlan simasında göydən yerə enir, kəndlərdən birində bazar günü rəqslərinə qoşulur. Bu zaman Əjdəha onu oğurlayıb zindana salır. Günəşdən sonra dünya yasa qərq olur. Quşlar oxumur, çaylar axmır, uşaqlar isə daha gülmürlər. Amma heç kimin cürəti çatmır ki, Əjdaha ilə vuruşsun. O zaman bir gənc qərara alır ki, Günəşi xilas etsin. İnsanlar öz güclərini bu gənc oğlana ötürərək, ondan Əjdahanı məğlub edib, Günəşi zindandan çıxarmaq üçün kömək istəyirlər.

Gənc oğlan üç fəsli – yay, payız və qışı dəf edərək, doqquz ay yol gedir. O, Əjdahanın qəsrini tapır və döyüş başlayır. Gənc oğlan üç gün sonra Əjdahanı öldürür. Günəş azad olur. Lakin gənc oğlan Əjdaha ilə vuruşda ağır yaralandığı üçün yaz fəsli Yer üzərinə qədəm qoymamışdan əvvəl dünyasını dəyişir. Onun isti qanı təmiz ağ qarın üzərinə ləkə salır və bu zaman istinin təsirindən əriyən qarın altında novruzgülü canlanır - Yazın gəlişini tərənnüm etməyə başlayır.

Deyilənə görə, bu hadisədən sonra hər il gənc oğlanlar qırmızı və ağ sapı bir-birinə toxumağa başlayırlar. Onlar bu toxuduqları ipi sevdikləri qızlara və ya sevdikləri yaxınlarına hədiyyə edirlər. Qırmızı rəng Günəşi azad edərkən ölən gənc oğlanın qanına xatirə olaraq, gözəl olan hər şeyə sevgini, ağ rəng isə sağlamlığı və yazın ilk gülü olan novruzgülünün saflığını tərənnüm edir...