Bakıda "Avropa Bilik Yarışması" keçirilib (FOTO)

17:50 02.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Avropa İttifaqının (Aİ) ölkəmizdəki Nümayəndəliyi “Gənc Avropa Səfirləri” şəbəkəsi ilə birlikdə “Avropa Bilik Yarışması” müsabiqəsini keçirib.

Hafta.az-ın yazdığına görə, bu müsabiqə Avropa Bacarıqlar İli çərçivəsində “Doğru bacarıqlar qazan” şüarı altında təşkil edilən silsilə tədbirlərin bir hissəsidir. 

Azərbaycanın müxtəlif bölgələrindən olan 14-26 yaş arasında gənc istedadları bir araya gətirən yarışın məqsədi Avropa Ittifaqı və ona üzv dövlətlərə dair biliklərin, həmçinin dəyər və mədəniyyətlərin canlı ünsiyyət mühitində interaktiv şəkildə təşviq olunmasını dəstəkləmək, analitik bacarıqları inkişaf etdirmək, eyni zamanda komanda işini gücləndirməkdir.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib: “Avropa İttifaqı təhsil və peşə təhsili sahəsində müxtəlif proqramlar həyata keçirməklə, o cümlədən təhsil sərgiləri təşkil etməklə Azərbaycan gənclərinin öz potensiallarını tam şəkildə gerçəkləşdirmələrində onları dəstəkləmək yolunu seçib. Bu yarışma da bacarıqlarınızın əyləncə yolu ilə artırılması, həmçinin Azərbaycanın uzunmüddətli və strateji tərəfdaşı olan Avropa İttifaqı haqqında əlavə məlumatın əldə edilməsi baxımından nəzərəçarpan bir nümunədir”.

“Avropa Bilik Yarışması” müsabiqəsinə Bakı, Gəncə, Xaçmaz, Lənkəran və Sumqayıtdan təxminən 300 üzvün qatıldığı 72 komanda müraciət edib. 65 gəncin təmsil olunduğu 18 komanda yarışda iştirak hüququnu qazanıb.

Belçika, İsveç, Almaniya, Fransa, Rumıniya və Slovakiyanın ölkəmizdə fəaliyyət göstərən səfir və diplomatları tədbirdə iştirak ediblər.

Birinci yeri hər iki turda qalib gəlmiş "Sınaps" komandası, ikinci yeri "The Rapture", üçüncü yeri isə "Jong Ajax" komandları tutub.

Səfir Peter Mixalko qaliblərə mükafatları təqdim edib.

Yarış iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunublar.