Gözlənilən baş verdi və Suriyadakı diplomatik nümayəndəliyinə edilən hücuma cavab vermək istəyən İran İsrailə raket və kamikadze pilotsuz təyyarələr göndərdi. Beləliklə, İran ilk dəfə öz ərazisindən İsrailə hücum etmiş oldu.
İndi dünyanı hücumların davam edib-etməyəcəyi və Qəzza müharibəsi ilə artan gərginliyin bütün bölgəni sarsıdacaq genişmiqyaslı müharibəyə çevrilib-çevirməyəcəyi maraqlandırır. Baxmayaraq ki, İran tərəfi rəsmi şəkildə hücumun başa çatdığını bəyan edivb.
Hücum niyə baş verdi?
Bildiyimiz kimi, İsrail tərəfi aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib və hadisədə İran İnqilab Keşikçiləri Ordusundan ikisi general olmaqla ümumilikdə 7 nəfər ölüb.
Tehran konsulluğa hücumun ölkə ərazisinə hücum demək olduğunu və İsrailə cavab verəcəklərini açıqlamışdı. İran lideri Ayətullah Əli Xamenei aprelin 2-də verdiyi açıqlamada İsrailə qarşı qisas almağın özünümüdafiəyə çevrildiyini iddia edərək, "Lazımi cavabı verəcəyik - onları cəzalandıracağıq" deyib.
İsrailin vurduğu ziyan nə idi?
İsrail ordusu ərazisinə atılan obyektlərin sayının 300-ü keçdiyini, onlardan 170-nin pilotsuz uçuş aparatı, ən azı 120-nin isə ballistik raket olduğunu açıqlayıb.
Hücumda istifadə edilənlərin 99 faizinin İsrail və tərəfdaşlarının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi, infrastruktura cüzi ziyan dəydiyi bildirilib. Məlumata görə, yalnız 7 yaşlı qız İsrailin vurduğu raketin ətrafa səpələnən qəlpələri nəticəsində yükgülvari yaralanıb.
CNN-ə danışan ABŞ rəsmiləri bildiriblər ki, öz gəmiləri və təyyarələri İrandan atılan ən azı 3 ballistik raketi və 70 kamikadze pilotsuz təyyarəni zərərsizləşdirib. ABŞ Hərbi Dəniz Qüvvələri İsrailə iki esmines göndərib. Gəmilərdən birinə Amerikanın texnologiya nəhəngi Lockheed Martin tərəfindən istehsal olunan “Aegis” raketdən müdafiə sistemi də daxildir.
Hücuma reaksiyalar?
İranın İsrailə hava hücumlarından sonra bir çox ölkədən və beynəlxalq təşkilatlardan reaksiyalar gəlib.
ABŞ prezidenti Co Bayden İranın İsrailə hücumlarını ən sərt şəkildə qınadığını bəyan edib. O, birgə diplomatik cavab üçün G-7 liderlərini toplayacağını bildirib. Bayden, verdiyi yazılı açıqlamada, "İran və onun Yəmən, Suriya və İraqdakı filialları bu gün İsraildəki hərbi obyektlərə misli görünməmiş hava hücumu təşkil edib. Bu hücumları ən sərt şəkildə qınayıram" deyib.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sədri Dennis Fransis tərəfləri mötədilliyə çağırıb və hadisələrin regional müharibəyə çevrilməməsi ilə bağlı xəbərdarlıq edib.
BMT-nin baş katibi Antonio Quterreş də İranın İsrailə hava hücumlarını pisləyib və tərəfləri regionda təcavüzə dərhal son qoymağa çağırıb.
Çin Xarici İşlər Nazirliyi İranın İsrailə endirdiyi hava hücumlarından sonra bölgədə gərginliyin artması ilə bağlı narahatlıq ifadə edilib və tərəfləri sakitləşməyə dəvət edib. Gərginliyin Qəzzədəki qarşıdurmaya təsir etdiyi və müharibənin dərhal dayandırılmasının vacibliyi qeyd olunub.
Rusiya Xarici İşlər Nazirliyi də mötədilliyə çağırıb və region dövlətlərinin mövcud problemləri siyasi və diplomatik yollarla çözəcəklərinə inandıqlarını bildirib.
Maraqldıır ki, Rusiya BMT Nizamnaməsinin 51-ci maddəsini xatırladıb, İranın özünümüdafiə haqqı olduğunu vurğulayıb və hətta ABŞ və digərləri İrana qarşı çıxacağı təqdirdə Tehranı müdafiə edəcəklərini bəyanlayıb.
Avropa İttifaqının rəhbərləri də İranın İsrailə hücumunu yolverilməz hesab ediblər.
İngiltərə, Fransa, Almaniya, İtaliya, Yunanıstan, Polşa, Belçika və Hollandiyadan gələn mesajlarda İran qınanaraq siyasi-hərbi atmosferin daha da gərginləşməməsi istənilib.
Həmas-ın bəyanatında isə "İranın işğalçı İsrailə qarşı hərbi əməliyyatı” dsətəklənib.
Müsəlman aləmindən Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Qətər və sair ölkələr, eləcə də Körfəz Əməkdaşlıq Şurası “bölgədəki vəziyyətdən dərin narahat olduqlarınıl” bildirib və tərəfləri sakitləşməyə çağırıblar.
BUndan əlavə, Hindistan, Braziliya, Venesuela, Argentina, Kolumbiya və sair də gərginliyi azaltmağa səsləyib.
Bundan sonra nə olacaq?
İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri İsrailə qarşı hərbi əməliyyatın “uğurlu olduğunu” deyib və hücumu davam etdirməyəcəklərini bildirib.
CNN-in adını çəkmədən Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden də gecə saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında “ABŞ İsrailə tam dəstək verir” mesajını verib. Lakin bildirib ki, əgər İsrail İrana qarşı hər hansı əks hücuma başlayarsa, dəstək verməyəcəklər.
Xəbərdə Baydenin İranın İsrailə ciddi ziyan vura bilməyəcəyini və İsrailin qalib gəldiyini bildirib.
Nəticə…
Dünyanın qeyri-siyasi müstəvisində İranın İsrailə hücumu sadəcə Vaşinqton tərəfindən yazılmış və MKİ-nin drijorluq etdiyi əsl tamaşa adlandırılır. Çünki neçə vaxtdır qəfil və amansız qisas alınacağını deyən İran əslində İsrailə heç də zərər vurmayıb. Tehran tərəfinin İsrail ərazisinə orta hesabla 300 civarında PUA və raket göndərdiyi bildirilir, amma onların 99 faizi İsrailin sərhədlərinə çatmamış ABŞ tərəfindən İordaniya və Suriya səmasında məhv edilib. Qalan 1 faizi də İsrail özü zərərsizləşdirib.
Çox maraqlıdır ki, İranın guya cavab zərbəsi olaraq İsrailə göndərdiyi İHA və raketlər cəmi bir nəfəri yaralayıb. Bu yeganə bəxtsiz İsrail vətəndaşı isə bu ölkədə yaşayan 7 yaşlı müsəlman-ərəb qızdır. Yəni İran öz təbirlərincə desək, sionistlərdən guya qisas almaq istədi, sadəcə bir müsəlman qızcığazı yaraladı.
Belə çıxır ki, İranın Suriyadakı konsulluğuna edilmiş hücumun baiskarı bu balaca ərəb qızcığaz imiş. Dünyanın harasından bir daş atılır, mütləq müsəlmanın başını yarır...
Qısası, İran “qisasını artıqlaması ilə aldı”, daha tərəflər münaqişəni gərginləşdirməyəcək. Digər tərəfdən, ifrat sağçı fikirləri ilə tanınan İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin “İndi böyük hücuma ehtiyacımız var” çağırışına da məhəl qoymaq lazım deyil.