“Səudiyyə Ərəbistanının Azərbaycanda səfiri olmaqdan şərəf duyuram” – İssam bin Saleh əl-Cuteyli

11:15 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qısaca deyəcəm, Səudiyyə Ərəbistanı Krallığı müstəqiliyinin ilk günündən Azərbaycana birmənalı şəkildə dəstək verib, məhz Azərbaycana görə indiyədək Ermənistanla heç bir əlaqə qurmayıb. Bu gün də Krallığın ölkəmizə hərtərəfli dəstəyi davam edir. Elə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə müsahibəmizdə ölkələrimiz arasında görülən və görüləcək işlərdən söz açdıq. Müsahibimiz bildirdi ki, əməkdaşlığı müxtəlif sahələrdə daha da inkişaf etdirmək əzmindədirlər və Azərbaycan tərəfindən verilən qarşılıq işlərini xeyli yüngülləşdirir.

- Azərbaycana ilk dəfə səfər edən Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri prezident İlham Əliyevlə, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Aran və Ümrə ziyarətini həyata keçirən bir sıra yerli şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. Bütün bunlar Səudiyyə Ərəbistanı Kralının dünyanın hər yerindəki müsəlmanların problemləri ilə maraqlanmasının isbatı idi. Səudiyyə Ərəbistanı bütün maddi və insani resurslarını sərf edir ki, Ümrə zəvvarlarının işlərini asanlaşdırsın. Məqsəd ondan ibarətdir ki, istər Həcc, istərsə də Ümrə ziyarətləri zamanı zəvvarların ayinlərini icra etməsi işi asanlaşsın və öz ölkələrinə sağ-salamat qayıtsınlar. Səudiyyə Ərəbistanı rəhbərliyi və xalqı Allahın verdiyi bu şərəfli misiyanı həyata keçirmək üçün əlindən gələni edir.

- Səudiyyə Krallığı iləAzərbaycana arasında siyasi əlaqələri necə dəyərləndirirsiniz? Sizcə iki dost ölkə mövcud potensialdan maksimum istifadə edə bilir?

- Səudiyyə Ərəbistanı və Azərbaycan hökumətləri arasında əlaqələr çox möhkəmdir. Şəxsən mən İki Müqəddəs Məscidin Xadiminin – Səudiyyə Ərəbistanı Kralının bu qardaş ölkədə səfiri olmaqdan şərəf duyuram. Təyinatımın ilk günündən keçən qısa vaxt ərzində çalışıram ki, ikitərəfli əlaqələrin inkişafına öz töhfəmi verim və bütün sahələrdə, xüsusilə də iqtisadi müstəvidə əlaqələrimizi irəli aparım. O cümlədən, prioritet hesab etdiyim səhiyyə, təhsil, investisiya və kənd təsərrüfatı sahələrinə sərmayələrin yatırılması mənim üçün əsas məqsəddir. İslam Əməkdaşlıq Təşkilatı,  BMT və sair kimi beynəlxalq təşkilatlar müstəvisində ortaq mövqe və kordinasiyamız mövcuddur. O cümlədən, bu yaxınlarda Özbəkistanda keçirilmiş Körfəz Əməkdaşlıq Şurası ilə Orta Asiya ölkələri və Azərbaycanı birləşdirən bir toplantı keçirildi. Ümumiyyətlə, qeyd etdiyim kimi, bütün beynəlxalq və regional təşkilatlar səviyyəsində ölkələrimiz arasında güclü kordinasiya mövcuddur və büynəlxalq müstəvidə səsvermələr zamanı ölkələrimiz ortaq mövqedən çıxış edirlər. İki ölkənin çox böyük potensialı var ki, ondan lazımınca istifadə edə bilsək, hər iki ölkənin xalqı bundan faydalanacaq.

- İlk gündən Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəkdən dolayısı Səudiyyə Ərəbistanına çox böyük sevgi var ölkəmizdə. Xalq olaraq Ermənistanla heç bir əlaqə qurmamağınızı yüksək qiymətləndiririk. Biz Krallığın azərbaycanlı qaçqınlara ən çətin günündə təmənnasız dəstəyini də unutmadıq, unutmayacağıq. Maraqlıdır, bu dəstək günümüzdə hər hansı formada davam edir?

- Səudiyyə Ərəbistanının yardımları bütün ölkələrə göndərilir. Bu, Allah tərfindən bizə verilən bir missiyadır ki, müsəlman qardaşlarımız üçün edirik. Müxtəlif yardım proqramları davam edir. Təxminən altı ay öncə Səudiyyə Ərəbistanından Azərbaycana 50 ton həcmində ət yardımı göndərilib. Ramazan bayramından qabaq İki Müqəddəs Məscidin xadiminin Azərbaycana göndərdiyi 30 ton xurma payı Qafqaz Müsəlmanları İdarəsi və Sosial Xidmətlər üzrə Agentliyi vasitəsi ilə aztəminatlı ailələrə paylanıldı. Bu Kral Salman adına Humanitar Aksiyalar Mərkəzinin xətti ilə Azərbaycana çatdırılıb. Üç ay əvvəl Səudiyyə Ərəbistanı Krallığı Kral Salman adına Humanitar Aksiyalar Mərkəzi vasitəsilə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün öz yardımını verib...

- Yeri gəlmişkən, ölkənizin İraqda minaların təmizlənməsi üçün böyük işlər gördüyünü bilirəm. Bu baxımdan Azərbaycanda minaların təmizlənməsi prosesində planlarınız necədir?

- Biz ANAMA-ya maliyyə yardımı göstərdik. Çünki ANAMA öz sahəsində püxtələşmiş təşkilat olaraq nəyi necə etməyi, nəyə ehtiyac var, məsələn, kadrların hazırlanması, texniki vasitələrin alınması və sairi daha yaxşı bilir.

- Ölkələrimiz arasında səhiyyə sahəsində son vaxtlar əlaqələrin artdığının şahidi oluruq. Bir qədər bu mövzuya toxunardınız... 

- Təxminən iki ay sonra – iyunda Azərbaycan Səhiyyə Naziriliyinin tərəfdaşlığı əsasında, Kral Salman adına Humanitar Aksiyalar Mərkəzinin xətti ilə Səudiyyə Ərəbistanından könüllülərdən ibarət tibbi heyət gələcək. Onlar tibb sahəsində Azərbaycana hansı köməkliklərin göstəriləcəyini, hansı töhfələrin verilməsi lazım olduğunu araşdıracaqlar. Onların vəzifəsi məsələn, göz, qulaq-burun və sair tibbi sahələrində hansı həkimə ehtiyac olduğunu, hansı dəstəyin göstərilməsi lazımdır, bunları araşdırmaqdır. Amma bir məsələni qeyd edim ki, biz Azərbaycanda tibb sahəsinin inkişaf etdiyini bilirik və potensialına inanırıq. Ancaq bunlar iki ölkə arasında sosial sahədə münasibətlərə dəstəkdir. Bu cür layihələr Səudiyyə Krallığı tərəfindən 100-ə yaxın ölkədə icra olunur. Təbii ki, bunlar sosial-ictimai sahədə əlaqələri gücləndirməklə yanaşı, həm də xalqımızın azərbaycanlı qardaşlarına verdiyi dəyərin göstəricisidir.

- Qeyd edim ki, son zamanlar Səudiyyə Ərəbistanında ağır cərrahi əməliyyatlar, orqan köçürmələri çox inkişaf edib...

- Səudiyyə Ərəbistanı siam əkizlərinin ayrılması sahəsində də dünyada qabaqcıl ölkələrdəndir. Azərbaycan tərəfinə də çatdırmışıq ki, əgər ölkədə siam əkizləri varsa və əməliyyata ehtiyacları olsa biz bunu etməyə hazırıq. Səhiyyə Nazirliyindən isə dedilər ki, Allaha şükür, bizdə belə hallar qeydə alınmayıb. Amma yenə deyirəm: əgər nə vaxtsa belə vəziyyətdə Azərbaycanda uşaq doğularsa biz bütün xərclərini öz üzərimizə götürməklə bu əməliyyatları icra etməyə hazırıq.

- Ölkələrimiz arasında tibbi personalın və tibb universitetlərində təhsil alan tələbələrin mübadiləsinə dair layihələr icra olunurmu?

- İki ay öncə Səudiyyə Ərəbistanı Təhsil Nazirliyindən bir heyət Bakıya səfər edərək Azərbaycan universitetlərində görüşlər keçirdi. Qərara alındı ki, tibb sahəsi istisna olmaqla, digər bütün təhsil sahələri üzrə ildə 127 tələbənin Səudiyyə Ərəbistanında təhsilinə şərait yaradılsın. Bu tələbələrin yolxərci, sığortası, təqaüdü, təhsilhaqqı, qalma, qidalanma və sair kimi bütün xərcləri Krallıq tərəfindən qarşılanacaq. Sizin sayt vasitəsilə çağırırıq ki, istər bakalavr, istər magistr, istərsə də doktorantura oxumaq istəyənlər Təhsil Nazirliyinin xəttilə müraciət etsinlər. Səudiyyə Ərəbistanı universitetləri dünya reytinqində ön sıralardadır. Azərbaycanın Təhsil və Səhiyyə nazirlikləri əgər qərar versələr, tibb sahəsinin tələbələri də Səudiyyə Ərəbistanında elmi təcrübə keçə və ya hər hansı ixtisasa yiyələnə bilərlər. Tibb sahəsində Kanada, Çin, Avropa, Rusiya sistemləri var. Səudiyyə Ərəbistanındakı tibb personalı da adlarını qeyd etdiyim ölkələrdə təhsil alıb. Ona görə də Səudiyyə Ərəbistanı ilə bu sahədə əməkdaşlığın faydalı olacağına inanıram. Bizdə hazırda tibb sahəsi o qədər inkişaf edib ki, məsələn, hər bər şəxsə ailə həkimi ayrılıb. Mobil versiyalarda yaradılan proqrama daxil olmaqla şəxsi kabinetə girib, xəstəliklə bağlı ailə həkimi ilə danışa, onun məsləhətlərini ala, zərurət varsa, həkimi tərəfindən ixtisaslı həkimə yönləndirilə bilər. Ümumiyyətlə, son vaxtlar ölkəmizdə vətəndaşların həyatını asanlaşdıran müasir texnologiyanın tətbiqi sahəsində böyük işlər görülüb. Məsələn, şəxsiyyət və ya sürücülük vəsiqəsi almaq istəyirsinizsə, mobil proqram vasitəsilə müraciət edirsiniz, 24 saata alacağınız sənəd ünvanınıza çatdırılır. Hətta bu sahədə o qədər inkişaf var ki, kağız sənəd daşımağa ehtiyac qalmayıb, çünki sənədin skan variantı bəs edir ki, qarşı tərəf onu sistemdə təsdiqləsin. Biz bu texnoloji nailiyyətlərimizi hər zaman bölüşməyə hazırıq.

- Bakıda tez-tez təhsil sərgiləri keçirilir. Səudiyyə Ərəbistanı universitetlərinin də həmin sərgilərdə iştirakı məncə faydalı olardı...

- Dediyim kimi, fevralda Səudiyyə Ərəbistanından gələn Təhsil Nazirliyinin heyətində Krallığın beş nüfuzlu universitetinin nümayəndələri də vardı. Onlar Azərbaycan universitetlərində keçirdikləri görüşlərdə tələbələrin mübadiləsi, elmi araşdırmalar, kitabxanaların qarşılıqlı mübadiləsi ilə bağlı müzakirələr aparıb. Bura azərbaycanlı tələbələrin Səudiyyə Ərəbistanına getməsi və ya əksinə, səudiyyəli tələbələrin Bakıya gəlməsi məsələsi də daxildir. Biz Səudiyyə Ərəbistanından tələbə qəbulu ilə bağlı məsələnin müzakirəsi məqsədilə Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Ər-Riyada səfərinin baş tutmasına çalışırıq. Təhsil sərgiləri müvəqqəti və məhdud vaxtda olur. Biz isə istəyirik ki, nazirliklər tərəfindən bunun əsasını yaradaq. Bəzi universitetlərdə ixtisaslar inkişaf edib. Tutaq ki, universitetin reytinqi yüksəkdir, amma ixtisas orada zəifdir. Tək universitet deyil, orada tədris olunan ixtisasa da fikir vermək lazımdır. Təhsil Nazirliyi universitetlərin potensialını, Azərbaycan bazarı üçün hansı sahədə kadrlara ehtiyac olduğunu bilir, ona görə də bu prosesi onlar həyata keçirsə daha yaxşıdır.   

  

- Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində tikinti-quruculuq işləri gedir, bu prosesdə Səudiyyə Ərəbistanının dəstəyini hiss etməkdəyik. Ad çəkmək istəmirəm, bəzi diplomatlar azad olunmuş ərazilərə səfər etmədiyi halda Səudiyyə Krallığından gələn rəsmi nümayəndə heyətləri belə həmin ərazilərdə olublar. Lütfən deyərdiniz, Səudiyyə dövlət və özəl sektorunun bu prosesdə iştirakı hansı istiqamətdədir?

- Biz həm dövlət, həm də özəl sektor olaraq Azərbaycanla bütöv bir ölkə olaraq münasibət qururuq. Məsələn, Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq istəyiriksə, torpağın xüsusiyyətindən asılı olaraq ölkənizin istənilən bölgəsini seçə bilərik. Burada Azərbaycan tərəfinin istəkləri də vacib rol oynayır, biz təklifimizi veririk, dövlət haranı məsləhət görsə, həmin ərazidə iş qururuq. Məsələn, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun nəzdində fəaliyyət göstərən "SALIC" şirkəti arasında hazırda danışıqlar gedir. Danışıqlar çərçivəsində yer seçiləcək, sərmayə yatırmaq barədə razılığa gəlinəcək. Yaxud da, energetika sahəsində, Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının ACWA Power şirkəti arasında gedən danışıqlar nəticəsində artıq yaşıl enerji istehsalı müəssisəsi mövcuddur, bu müstəvidə yeni istehsal müəssisələri də yaradılacaq. Hazırda əlaqələrin gücləndirilməsi üçün birbaşa hava reyslərini artırmaq istiqamətində işlər görülür ki, bu da istər Ümrə ziyarətçiləri, istərsə də adi turistlərin rahat səfərinə şərait yaradacaq. Hazırda hər gün Səudiyyə Krallığının “Flynas” şirkəti və AZAL birbaşa uçuşlarlar həyata keçirir. Bütün bunlar ticarətin həcminin artması ilə yanaşı həm də vətəndaşların həyat şəraitinin yaxşılaşmasında özünü göstərəcək.

- Gediş-gəlişdən söz düşmüşkən, Səudiyyə Krallığından Azərbaycana və ya əksinə səfər edənlərin sayı barədə məlumat var sizdə?

- Xatırlayıram ki, 2022-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana 80 min nəfər səfər edib. 2023-cü ildə isə Azərbaycandan Səudiyyə Krallığına 13 min ziyarətçi gedib. Biz turistlərin sayının artırılması üçün Azərbaycan vətəndaşlarına onlayn formada daha asan viza alaraq Səudiyyə Ərəbistanına səfər etmək şəraiti yaratmışıq. Yaxın aylarda Bakıda turizm sərgisi təşkil edəcəyik və Səudiyyə Ərəbistanının turizm şirkətləri həmin tədbirdə iştirak edərək öz potensiallarını təqdim edəcəklər.

- Qeyd etdiyiniz 13 min turistin siyahısına Həcc və Ümrə ziyarətçiləri də daxildir?

- Bəli. Amma biz turizm sərgi vasitəsilə Azərbaycan vətəndaşlarına Səudiyyə turizm potensialının necə rəngarəng olduğunu çatdırmağa çalışacağıq. Səudiyyə Ərəbistanının səhra turizmi ilə yanaşı, dağları, dənizləri, yaşıl vahələri, tarixi və dini şəhərləri, müasir əyləncə məkanları ilə yanaşı qədim abidələrinin zənginliyini də təqdim edəcəyik. Xatırladım ki, 2022-ci ildə Səudiyyə Ərəbistanını 45 milyon turist ziyarət edib və 2030-cu ilədək bu sayı 100 milyona çatdırmağı hədəfləyirik. Bunun üçün artıq logistik imkanlar genişləndirilir, otellərin sayı artırılır, dəniz turizminin inkişafı üçün proqramlar həyata keçirilir. 

- Rəsmi statistik məlumatlara nəzər saldım, ölkələrimiz arasında ticarət dövriyyəsinin çox aşağı olduğunu gördüm. Niyə belədir, ölkələrimizin bir-birinə satacaq malı yoxdur, ya necə?

- Sizinlə razıyam ki, ölkələrimizin potensialı çox böyükdür. 2022-ci ilin yekunlarına əsasən ticarət dövriyyəsi 28 milyon dollar olub ki, bu da çox azdır. Belə başa düşürəm ki, ticarət əlaqələrimizin aşağı olmasının başlıca səbəblərindən biri nəqliyyatın yetərsizliyidir. Ümid edirəm ki, bu çətinliklər bu ilin ikinci yarısında Səudiyyə Ərəbistanında keçiriləcək Hökumətlərarası Komissiyanın iclasında həllini tapacaq. Birbaşa reyslərin açılması, bəzi günlərdə iki, hətta üç reysin icra olunması ticarət əlaqələrinin genişlənməsinə təkan verəcək.  Hazırda Bakıdan Ciddə, Ər-Riyad, Mədinə və Dammam şəhərlərinə uçuşlar həyata keçirilir. 

- Bu gün Azərbaycan dünyanın hər yerində layihələrin icrasında iştirak etməkdədir. Səudiyyə Krallığı da Vəliəhd şahzadənin başçılığı altında böyük iqtisadi-sosial quruculuq dövrünü yaşayır. Azərbaycan tərəfi bu prosesdə iştiraka dəvət olunubmu və ümumiyyətlə, Azərbaycan sərmayəsi Səudiyyə Krallığında mövcuddur?

- Bəli, Azərbaycanın bəzi şirkətləri Səudiyyə Ərəbistanında təmsil olunur. Saytınız vasitəsilə Azərbaycan şirkətlərinə səslənərək deyirəm ki, Səudiyyə Ərəbistanında seçim imkanı geniş olan müxtəlif layihələr həyata keçirilir. Həmin layihələrə iştirak edən xarici şirkətlərə isə çox böyük güzəştlər tətbiq edilir ki, bu fürsətdən yararlana bilərlər.  

- Xeyli vaxtdır burdasınız, Azərbaycanın hansı bölgələrində olmusunuz, getdiyiniz məkanlarda nələri xoşladınız, nələri bəyənmədiniz?

- Xarici İşlər Nazirliyinin dəvəti ilə iki dəfə azad olunmuş bölgəyə - Zəngilana və Füzuliyə səfər etmişəm. Ramazan günlərində isə ailəmlə birlikdə Qəbələdə olmuşam. Azərbaycanda özümü doğma qardaşlarımın arasında hiss edirəm. Azərbaycan xalqından alicənablıq, yüksək səviyyəli münasibət görmüşəm və bu mənə rahatlıq verir.

- Hazırda Azərbaycanda Ərəb Mədəniyyət Mərkəzi yoxdur. Səudiyyə Ərəbistanı ərəb dünyasının mənəvi mərkəzi olaraq Bakıda belə bir mərkəz təsis edə bilər?

- Hər bir Mədəniyyət Mərkəzinin iki istiqaməti var: elmi və mədəniyyət sahəsi. Elmi müstəvidə danışdıq, mədəni sahəyə gəldikdə isə, Azərbaycan da müsəlman ölkəsi olduğundan bizi birləşdirən bir çox dəyərlər var. Yaxın gələcəkdə Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyət günlərinin keçirilməsi müstəvisində danışıqlar gedir. Bundan əlavə, əldə olunmuş razılığa əsasən Heydər Əliyev Mərkəzində sərgi keçirəcəyik. Səudiyyə Ərəbistanının ARAMCO şirkətinin himayəsi altında keçiriləcək “Zənginləşdirmə” adlı sərgi ilə bağlı hazırda  əlaqədar qurumlar və Heydər Əliyev Mərkəzi ilə danışıqlar davam edir.

Oxunma sayı 2455