Müctəba Xamenei atasını əvəz etməyə hazırlaşır?

09:42 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran prezidenti İbrahim Rəisinin vəfatından sonra ölkənin idarəçiliyi ilə bağlı suallar qaldırılarkən, ən çox xatırlanan adlardan biri də Ali Rəhbərin oğlu Müctəba Xamenei olub.

Hafta.az-ın “The Wall Street Journal”a istinadən yazdığına görə, rəsmi rolu olmasa da, ölkənin ən nüfuzlu simalarından biri kimi görünən Xamenei bir çox iranlılar üçün sirr olaraq qalır. Çünki o, nə camaat arasında tez-tez görünür, nə də çıxış edir.

“Wall Street Journal” diqqəti 85 yaşlı Ayətullahın 54 yaşlı oğluna yönəldib. Ekspertlərin fikrincə, Müctəba Xamenei atasının yerinə keçə bilməyəcək və diqqətdən yayınaraq daha da güc qazanacağı gözlənilir.

Almaniya Beynəlxalq Siyasət və Təhlükəsizlik Siyasəti İnstitutunda çalışan iranlı ekspert Həmidrza Əzizi belə düşünür: "Son 20 ildə işlər Müctəba və ətrafındakı şəbəkənin nəzarəti altındadır. İndi Xamenei üçün əsas məsələ Rəisi ilə eyni xüsusiyyətlərə malik birini tapmaqdır. Belə olarsa, Müctəba xalqın gözündən kənarda qalaraq gücünü daha da artıra bilər”.

Müctəba Xameneinin iyunun sonunda keçirilməsi planlaşdırılan prezident seçkilərində mühüm rol oynayacağı gözlənilir.

İranın müvəqqəti prezidenti Məhəmməd Muhbirin Müctəba Xameneiyə sadiq bir ad olduğu da vurğulanır. 68 yaşlı Muhbir seçkilərə qədər bütün məsələləri müəyyən edəcək üç nəfərdən ibarət şuranın üzvüdür.

O, 15 ilə yaxın müddətdə Ali Rəhbərə bağlı milyard dollarlıq investisiya fondu “Setad”ın sədri olub.

Xəbərdə 1969-cu ildə Məşhəddə anadan olan Müctəba Xameneinin keçmişindən də bəhs edilib. Ali Rəhbərin saytına istinadən xəbər verir ki, o, Şah Rza Pəhləvi dövründə onların evinə basqınların birində atasının döyüldüyünü görüb.

Ailə 1979-cu ildə inqilabdan sonra Tehrana köçüb. Ailənin atası sürətlə yüksələrkən, oğlu da 1980-1988-ci illərdə İraqa qarşı müharibə zamanı cəbhəyə gedib.

Daha sonra İnqilab Keşikçiləri Korpusunda mühüm vəzifələr tutacaq insanlarla burada görüşən Müctəbanın təsiri, xüsusən 2000-ci illərin ortalarında geniş şəkildə danışılmağa başlayıb.

İslahatçılar 2005 və 2009-cu illərdə Mahmud Əhmədinejadın onlara qarşı qələbələrinin Müctəba Xamenei tərəfindən təşkil edildiyini iddia edirdilər.

2019-cu ildə ABŞ onu sanksiya siyahısına salıb.

Məhsa Əmini 2022-ci ildə həbsdə öləndən sonra ölkə daxilində baş verən nümayişlərdə nifrət obyektinə çevrilib. Ev dustaqlığında olan keçmiş prezidentliyə namizəd Mirhüseyn Musəvi Ali Rəhbərə səslənərək ondan oğlunu bu vəzifəyə hazırlaması ilə bağlı xəbərləri təkzib etməyi xahiş edib. Amma heç bir reaksiya olmayıb.

Bütün bunlara baxmayaraq, Əli Xamenei haqqında kitab yazan ABŞ və İran vətəndaşı Mehdi Xalaci söz-söhbətlərə qarşı çıxır: "Möctabanın yeni Ali Rəhbər olmaq istəyi ilə bağlı fikirlər tamamilə mifdir. Tarixi təcrübəyə əsaslanaraq, düşünmürəm ki, Xamenei barmağını ya öz oğluna, ya da başqasına göstərəcək”.

Tennessi Universitetindən Səid Qolkar deyir: "Müctəba Xameneinin rejimlə əlaqələri unikaldır, mühüm qərarların qəbul edildiyi yerlərdə onilliklər təcrübəsi var. Lakin onun təyinatı monarxiyanı bərpa etməklə Xamneyinin mirasını ləkələyəcək".

Bəzi ekspertlər həmçinin bildirirlər ki, Əhməd Xomeyni Müctəba Xameneidən güclü görünürdü, lakin 1989-cu ildə atası vəfat etdikdən sonra hər şey dəyişdi. Xamenei və o vaxtkı prezident Əkbər Haşimi Rəfsəncani ilə problemləri olan Əhməd Xomeyni 1995-ci ildə cəmi 45 yaşında infarktdan vəfat edib...

Oxunma sayı 320
Siyasət rubrikasından digər xəbərlər