“İtaliya Azərbaycana ərzaq məhsulları və içkilərin tədarükünü artıracaq” - Luka Di Canfrançesko

14:35 19.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın ölkəmizdəki səfirliyi ilə birgə “Made in Italy” brendi altında qida və şərab sektoruna aid malların təşviqi məqsədilə silsilə tədbirlər keçirib. Bu tədbirlərin bir hissəsi qida və şərab sənayesində fəaliyyət göstərən 13 İtaliya şirkətinin Azərbaycana səfəri və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda onlar üçün ikitərəfli görüşlərin təşkili olub.

Hafta.az-ın yazdığına görə, tədbirin açılışında çıxış edən İtaliyanın Azərbaycandakı yeni səfiri Luka Di Canfrançesko bildirib ki, İtaliya Azərbaycana ərzaq məhsulları və içkilərin tədarükünü artırmağı hədəfləyir. Səfir bəyan edib ki, bugünkü tədbirlərin məqsədlərindən biri Azərbaycanla qida və içkilər sahəsində əlaqələri gücləndirmək və bu malların Azərbaycan bazarına idxalını artırmaqdır.

“İtaliya ixracının strukturunda ərzaq məhsulları və içkilərin ixracı əsas yerlərdən birini tutur. Azərbaycana içki və qida məhsullarının ixracının artımı 13 faiz təşkil edib, lakin biz bu göstəricinin daha da artmasını hədəfləmişik”, - diplomat deyib.

O həmçinin Azərbaycanla əməkdaşlığın İtaliya üçün vacib olduğunu qeyd edib: “Biz əlaqələri inkişaf etdirmək üçün bir sıra beynəlxalq tədbirlərin, o cümlədən noyabrda Bakıda keçiriləcək COP29 konfransının imkanlarından istifadə edəcəyik”.

Bu arada, səfir Luka Di Canfrançesko deyib ki, ölkəsi Bakıda keçiriləcək COP29-da yüksək səviyyədə təmsil olunacaq.

“Azərbaycan hökumətini belə mühüm tədbirə ev sahibliyi etmək öhdəliyini üzərinə götürdüyünə görə təbrik etmək istərdik. Ümumiyyətlə, İtaliya COP29-da yüksək səviyyədə təmsil olunacaq”, - diplomat deyib.

Səfir əlavə edib ki, konfransın gündəliyinə Dubayda keçirilmiş COP28-də qaldırılan iqlim dəyişikliyi, dayaqıqlılıq və digər aspektlər kimi məsələlər daxildir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

“İtaliya səfirliyi vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır”.

Bu haqda da fikir bidirən səfir Canfrançesko deyib ki, səfirlik bu məsələdən xəbərdardır və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə iş aparırlar. “Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik”, - diplomat bildirib.

O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.

“Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə yox, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik”, - səfir bildirib.

Tədbirdə çıxış edən İtaliya Ticarət Agentliyi Bakı ofisinin direktoru Andrea Makkaniko da təşkil olunna tədbirin mahiyyətindən, iki ölkə arasında qida bazarının genişlənməsindən irəlidə reallaşdırılacaq planlardan söz açıb.

Xatırladaq ki, İtaliya öz mətbəxini UNESCO-nun qeyri-maddi mədəni irsinə daxil etmək üçün təklifini artıq təqdim edib.

İtalyanın namizədliyi, ölkədə yemək bişirmə təcrübəsinin gündəlik element olduğunu, özünün və başqalarının qayğısına qalmağın, həm də öz mənşəyini xatırlamağın və onları yeni nəsillərə ötürməklə onları yaşatmağın necə olduğunu vurğulayır.

Oxunma sayı 737