“Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı sərgi başa çatdı (FOTO)

16:45 20.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Latviya mədəni irsinə həsr olunmuş “Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisinin bağlanış mərasimi keçirilib. Tədbirdə bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatları, incəsənət, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər.

Hafta.az-ın yazdığına görə, tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq Latviya və Azərbaycan tarixi əlaqələrindən danışıb.

Nailə Vəlixanlı bildirib ki, hər gün yüzlərlə insan sərgini gəzərək bu gözəl mədəniyyət nümunələrinə heyran qalıb.

“Bu işdə rolu olub, əməyi keçən hər kəsə, müstəsna zəhməti olan Səbinə xanım Şıxlinskayaya, Latviya səfirliyinin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Bu gün sərgi başa çatır, amma qapılarımız hər zaman üzünüzə açıqdır”, - deyib Nailə Vəlixanlı.

Latviyanın ölkəmizdəki səfirliyinin missiya rəhbəri Viya Buşa tədbirin mahiyyətindən, Yuliys Straumenin Azərbaycanda gördüyü işlərdən söz açıb.

“Biz tətbiqi sənət ustası Yuliys Straumenin 150 illik yubileyini qeyd edirik. Qafqazın dağ kəndlərində apardığı elmi ekspedisiyalar zamanı o, toxuculuq sənətinə və toxuculuq ənənələrinin öyrənilməsinə böyük maraq göstərib” deyən xanım Buşa xatırladıb ki, Yuliys Straume1907-1923-cü illərdə Tiflisdə Qafqaz Sənətkarlıq Komitəsində işləyib.

“Elmi ekspedisiyalar zamanı o, tekstil qrafikasına, toxuculuq ənənələrinin öyrənilməsi və yerli mədəni irsin qorunub saxlanmasına diqqət yetirib. Bu gün Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Ştraumenin yaratdığı 500-dən çox əşya sərgilənir. Straume bu muzeyin yaradıcısı və ilk gürcü dizayneri hesab olunur. O, 1908-1911-ci illərdə Şuşa REAL məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərib”, - deyə latviyalı diplomat bildirib.

Xanım Buşa deyib ki, Straume Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sənətinin banilərindən biri olub. Onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı.

Çıxışının sonunda xanım Buşa bildirib ki, yaxın vaxtlarda sərgini Azərbaycanın bir sıra bölgələrində də keçirmək planları var.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyi və Latviya səfirliyi birgə əməkdaşlıq şəraitində indiyədək bir neçə dəfə yaddaqalan tədbirlər keçirib ki, bu da onu çox məmnun edir. O, artıq illərdir ki, keçirilən Yuliys Straume beynəlxalq festivalında rəhbərlik etdiyi Milli Xalça Muzeyinin iştirakını qeyd edib. Ə.Məlikova tədbirdə təqdim olunan xalça ornamentləri haqda yüksək fikirlər söyləyib və bu işdə rəssam Səbinə Şıxlinskayanın müstəsna rol oynadığını bildirib.

“Xanım Viya dedi ki, sərgi səyyar formada Azərbaycanın bölgələrinə də çıxacaq. Bu yüksək qiymətləndirilməlidir. Çünki ölkəmizin hansısa bölgəsində yaşayan hansısa xalçaçı xanımın bu sərgidən maariflənəcəyinə inanıram”, - Ə.Məlikova deyib.

Daha sonra multimedia sərgisinin kuratoru Səbinə Şıxlinskaya da çıxış edərək bu kimi mədəni tədbirlərin Azərbaycanla Latviya arasında hərtərəfli əlaqələrin formalaşmasında mühim rol oynadığını, həmçinin, bu kimi sərgilərin keçirilməsi nəticəsində hər iki xalqın bir-birinin tarixini, mədəniyyətini, incəsənətini daha yaxşı tanıdığını bildirib.

Qeyd edək ki, sərginin aparıcı təşkilatçısı Latviya Səfirliyi olub. Sərgi Latviya Milli İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Gülbenə Rayon Tarix və İncəsənət Muzeyi, Druviena Old School Muzeyi, Latviya Dövlət Arxivi, “Radošā apvienība “Piektā Māja” Yaradıcılıq Birliyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun professoru Kübra Əliyeva, tədqiqatçı və məruzəçi Fuad Axundovla birgə tərəfdaşlıqla həyata keçirilib.

Multimedia sərgisinin dizaynı və bədii koordinasiyası əməkdar rəssam Səbinə Şıxlinskaya aiddir.

Xatırladaq ki, “Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” sərgisinin açılışı 18-22 may tarixlərində ölkəmizdə səfərdə olan Latviya Seyminin sədri xanım Daiga Mierina tərəfindən edilib.

Oxunma sayı 716