Tovuzda baş verən qətlin təfərrüatları məlum olub - FOTO

11:50 13.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətli ilə bağlı bəzi təfərrüat məlum olub.

Hafta.az-ın əldə etdiyi məlumata görə, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub. 

Məlumata görə, hadisədən bir gün əvvəl Ə.Şamıyev F.Ələkbərlinin çağırışı ilə onun Tovuz rayonunun mərkəzindəki ofisinə gəlib. F.Ələkbərli ofisdə Ə.Şamıyevi hədələyib və onun üstünə tapança çəkərək bildirib ki, 5 min manatı ona çatdırmayacağı təqdirdə şantaj yolu ilə ondan 10 min manat alacaq.

F.Ələkbərlinin bu hədələrindən bezən Ə.Şamıyev evə qayıdaraq kustar üsulla hazırlanmış odlu silah əldə edib. Ə.Şamıyev sentyabrın 13-də səhər saatlarında F.Ələkbərlinin ofisinə gəlib. F.Ələkbərli Ə.Şamıyevi yenidən təhdid edərək pulu tələb edib. Nəticədə Ə.Şamıyev özü ilə gətirdiyi silahdan atəş açıb. F.Ələkbərli təcili tibbi yardımla Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən Ə.Şamıyev isə Tovuz rayon Polis Şöbəsinə gedərək cinayəti törətdiyini etiraf edib və könüllü olaraq təslim olub.

Xatırladaq ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.