Çexiyada 3600 illik silah və zinət əşyaları tapılıb

10:34 02.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çexiyadakı arxeoloqlar eramızdan əvvəl 1600-cü ilə aid basdırılmış silah və zərgərlik yığını tapıblar. Bu, Tunc dövründə Mərkəzi Avropada həyata daha çox işıq sala biləcək nadir tapıntıdır.

Hafta.az-ın yazdığına görə, Budyne nad Ohri şəhərində bir ərazini tədqiq edən tədqiqatçılar 8 balta və zinət əşyaları da daxil olmaqla bürünc əşyalar aşkarlayıblar.

Paytaxt Praqadan 40 kilometr şimal-qərbdə yerləşən ərazi ilk dəfə bir il əvvəl arxeoloq tərəfindən metal detektordan istifadə edərək tapılıb. Sonralar silsilə qazıntılar zamanı tunc dövrünə aid 8 qolçaq, eyni sayda balta, iki iynə və bir nizə ucu tapılıb.

Tədqiqatçılar şübhələnirlər ki, artefaktlar qəsdən yerin altında basdırılmış kolleksiyanın bir hissəsidir.

Tədqiqatçılar hələ də obyektlərin niyə orada gizləndiyinə tam əmin olmasalar da, onların üç nəzəriyyəsi var.

Arxeoloq Martin Trefni Çex Respublikasının ictimai yayımı olan Praqa Beynəlxalq Radiosuna deyib: "Birincisi, belə dəfinələr tanrılara təqdim və ya hədiyyə kimi istifadə olunub. İkinci nəzəriyyə isə xəzinənin “kənddə baş verən hadisə” səbəbindən basdırılmış ola biləcəyidir. Üçüncü nəzəriyyə budur ki, bu, istehsalçı və ya treyder üçün anbar çuxuru ola bilər".

Tədqiqatçılar son bir il ərzində aşkarlanmış artefaktları təhlil ediblər və onların tarixlərinə əmindirlər, lakin baltalardan birinin daha köhnə olduğundan şübhələnirlər.

"Bu, ilk tunc dövrünə aiddir. Deməli, ümumilikdə tapıntıların yaşı təxminən 3500 ildir", - Trefni izah edib.

Eramızdan əvvəl 3300-cü ildən 1200-cü ilə qədər davam edən Tunc dövründə Avropada insanlar daşdan alət hazırlamaq əvəzinə qalay və misin əridilməsi və qarışdırılması nəticəsində alınan bir ərinti olan tuncdan istifadə etməyə başlayıblar.

Arxeoloji sübutlar göstərir ki, təxminən eramızdan əvvəl 1200-cü ilə qədər Tunc dövrü cəmiyyətlərinin əksəriyyəti, ehtimal ki, qarşıdurma səbəbindən dağılıb və tərk edilib. Tunc dövrünün sonlarına doğru Avropa, Asiya və Afrikada cəmi bir neçə onillik ərzində bütün krallıqlar, imperiyalar, şəhərlər və cəmiyyətlər dağılıb.

Tunc dövrünə aid oxşar əşyalar başqa yerlərdə tapılsa da, tədqiqatçılar Çexiyadakı son tapıntını "hələ də olduqca nadir" kimi qiymətləndiriblər.

Alimlər bölgədə tapılan bilərziklərin indiki kimi qol bəzəyi olaraq taxıldığını, sancaqların isə paltar bağlamaq və ya qadın saçlarına forma vermək üçün istifadə edildiyini bildiriblər.

"Baltalar alət və ya silah kimi istifadə edilmiş ola bilər. Silah funksiyası nizə ucuna da aiddir", - Trefni deyib.

Tədqiqatçılar bildiriblər ki, artefaktlar "milyonlarla kron" dəyərində ola bilər. Bir milyon çex kronu təxminən 42620 dollardır.

“Bizim üçün tarixi və elmi dəyəri maddi dəyərdən qat-qat yüksəkdir”, - deyə çex arxeoloq bildirib.

Əsərlər "yaxın gələcəkdə" Podripske Muzeyində sərgilənəcək.