“Prezident İlham Əliyevin bəyanatı işğalçı dövlətə qarşı sərt mövqeyinin nümayişidir” – Millət vəkili

14:14 07.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısı bir sıra məqamları ilə yadda qaldı. Azərbaycanın Valday forumunda dövlət başçısı səviyyəsində iştirakı tədbirin əhəmiyyətini daha da artıran nüanslardan idi. Çünki budəfəki forumda müzakirə olunacaq regionun əsas ölkələrindən biri məhz Azərbaycandır. Ölkənizin regiona təsiri çox böyükdür. Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan prezidenti "Valday" forumun əsas plenar iclasında da toxundu. Ölkəmizin başçısı bütün dünya mediasının diqqət mərkəzində olan bir tribunadan işğalçı ölkənin baş naziri Nikol Paşinyanın cavabını çox sərt formada verdi. Hesab edirəm ki, ölkə başçısının Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında səsləndirdiyi fikirlər işğalçı ölkəyə sərt ismarışdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, Nikol Paşinyanın  "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına prezident İlham Əliyevin “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə bu məsələdə nida işarəsini sancdı: “Yəni, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha beynəlxalq tribunadan səsləndirildi. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün ən başlıca problemdir. "Ona görə də, təbiidir ki, Azərbaycan Prezidenti belə böyük beynəlxalq forumda bu problemi yenidən gündəmə gətirdi, öz mövqeyini açıq-aydın izah elədi. Və ən əsası da Ermənistan Baş nazirinin cavabını verdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər Azərbaycan Respublikasının ərazisidir. Ermənistan silahlı qüvvələri oradan çıxmalıdır. Prezident İlham Əliyevin sözləri Azərbaycan ərazisinin 20 faizini işğal edən dövlətə qarşı mövqeyinin nümayişidir. Hətta bu fikri forumda iştirak edən xarici siyasi analitiklər də səsləndirdilər. Bir sözlə, Azərbaycan “Valday” Forumu da daxil olmaqla, bütün imkanlardan istifadə edərək mövqeyini nümayiş etdirir. Azərbaycan Prezidentinin sözləri böyük diqqətlə dinlənildi, böyük rezonans doğurdu və öz növbəsində, ekspertlərə Qarabağ problemini, ərazilərin işğaldan azad edilməsinin vacibliyini bir daha vurğulamaq üçün əsas verdi”.