Qadın millət vəkillərindən dəhşətli cinayətə etiraz - Niyə susuruq?  

13:31 08.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İki gün əvvəl Bakıda ər arvadını qəddarlıqla qətlə yetirməsi barədə mulmat vermişdik. Binəqədi rayonunda, “Avtovağzal” metro stansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib. Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin ictimai yerdə, xüsusi amansızlıqla baş verməsi cəmiyyətdə ciddi rezonans doğurub. Artıq məsələyə parlament səviyyəsində də münasibət bildirilib.

Milli Məclisin bugünkü iclasında deputat Aytən Mustafazadə Binəqədi rayonundakı “Avtovağzal” metro stansiyası yaxınlığında qeydə alınan cinayəti pisləyib. Modern.az-ın xəbərinə görə, deputat bildirib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır. “Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?!”, - deyə A.Mustafazadə əlavə edib.

Xanım deputat metroda yoxlamaların ciddi aparılmadığına da münasibət bildirib: “Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Qeyd edək ki, bir neçə ay bundan qabaq Türkiyədə də məhz belə bir hadisə olmuşdu. 12 yaşlı qızının gözünün qarşısında anası atası tərəfindən qətlə yetirilmişdi. Bu kadrları da Azərbaycanda kiçikdən böyüyə bəlkə hamı izləmişdi, hətta instaqramda həştəqlər paylaşmışdılar. #EmineBulutiçinsusma deyə...Eminə Bulutun o kadrlarda dayanmadan təkrarladığı söz vardı: "Ölmə anne...".

Millət vəkili Sona Əliyeva hafta.az-a açıqlamasında bildirib ki, Türkiyə mediası, vətəndaş cəmiyyəti, ictimai xadimlər və məşhurlar bu məsələyə ciddi reaksiya verdilər. Hətta qadına qarşı şiddətə diqqət çəkmək üçün Eminə Bulut adına konsertlər verdilər": Reablitasiyasını üzəri götürdülər və s:

"Bəs biz? Nə etdik bu günə qədər? Niyə susuruq? Doğrudanmı qadınların ikinci sort insan kimi qəbullandığımızı Allahdan gələn vəhy kimi qəbul edirik? Həqiqətənmi, elə biz qadınların da "günah öləndədir" düşüncəsi beynimizin ən alt qatlarına çöküb? İnanmıram, bu biz deyilik, ya da olmamalıyıq...Axi bizim qadınımız həmişə baş tacı, namus qeyrət daşıyıcısı olub, qan barışdırıb, sülh,əmin amanlıq yaradıb, hörmətli, dəyərli olub.

Mən çox kədərliyəm və daha susmaq istəmirəm, qadınların övladlarının gözü qarşısında öldürülməsini və bir ömür atasına nifrətlə kimsəsiz yaşamasını istəmirəm. Bu gün bu kimi hadisələrin cəmiyyətdə baş alıb getdiyini, aqresiyaların gün gündən alovlandığının üzüntüsünü yaşayıram...

Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, Leyla və onun timsalında qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin. Cəmiyyət olaraq, vətəndaş olaraq və sadəcə insan olaraq bu kimi hadisələrə biganə qalmayın!

Heç bir arqument, fakt ya da bəhanə insan ölümunə səbəb ola və ya haqq qazandıra bilməz!  Sonda mediaya, vətəndaş cəmiyyətinə və ictimai-siyasi xadimlərə səslənmək istəyirəm, sadəcə vicdanınızın səsiylə bu hadisələrə diqqətsiz qalmayın!

#Leylaüçünsusma

#qadınaqarşızorakılığason

#qadınaşiddətəson"

Bu haştaqlarla insanları sosial mediada baş verən bu amansız cinayətə səssiz qalmamağa çağırıram".