"Müəllim olmasaydım, bəlkə də bu gün cəmiyyətdə yerimi tapa bilməzdim"- Müsahibə

16:51 08.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Təhsil hər bir zaman insanı ucaldan faktordur. Təhsilsiz millətin taleyi hər zaman acınacaqlı olur. Ölkəmizdə son zamanlar təhsilə diqqət və qayğı göz qabağındadır. Yaradılan şərait müəllimləri də bu sahədə fədakarcasına çalışmağa sövq edir.

Hafta.az-ın budəfəki müsahibi “Zəfər kursları”nın Bakıxanov filalının rəhbəri Sevinc  Purkeştasibdir. Müsahibəni təqdim edirik.

- İstərdik ki, özünüzü təqdim edəsiniz?

- Mən heç zaman özüm haqqında geniş danışmamışam. Belə təqdimatları sevmirəm. Onun üçün də sadəcə Sevinc müəllim olaraq təqdim etməyim məncə kifayət edər.

- Azərbaycanda kifayət qədər kurslar fəaliyyət göstərir. Siz də tanınmış bir kursa rəhbərlik edirsiniz. Çətin deyil ki, belə bir məsluyyətli işi idarə etmək?

- Əlbəttə, çətindir. Hər şeyə biz cavabdehik. Ən xırda nüansdan tutmuş, ən böyük nüansa qədər. Belə olan halda təbii ki, çətindir. Belə deyək, bzim kursda hər bir şagirdin problemi ilə maraqlanmaq, onları düzgün istiqamətləndirmək, valideynləri ilə əlaqə, müəllimlərlə işləmək... gördüyünüz kimi, hər biri ayrı səbr, ayrı vaxt tələb edir. Həmçinin bu qədər problemi, işi içdən sevərək həll etmək belə olan halda çətinliklər insanın gözünə görünmür. Tələbələrimizin xırda bir naliyyət bizi sevindirir. Misal üçün deyim ki, qəbul imtahanı ərəfəsində mən cavablar çıxana qədər onlar qədər həyəcan keçirirəm.

- Müəllimlik sizin arzuladığınız peşədirmi, yoxsa yaşamaq üçün məcburiyyət qarşısında bu vəzifədə çalışırsız?

- 7-ci sinfə qədər hər zaman arzum həkim olmaq olub. Bizim məktəbə o zaman bir tarix müəllimi gəlmişdi. Müəllim bizə tarix fənnini o qədər sevdirdi ki, mən də o müəllimi tanıyandan sonra qərar verdim müəllim olacam. Həmçinin bu müəllimlik sevdasının içində tarix müəllimi olmaq hissini yaşayırdım. Lakin bizim dövrümüzdə seçim şansı yox idi. Hara qəbul oldun o olmalı idi. Məndə də tarix üzrə alınmadı, riyaziyyat müəllimi oldum. Peşman deyiləm. Mən özümü başqa sahədə təsəvvür edə bilmərəm. Müəllimlikdən başqa sahədə naliyyət əldə edə bilməzdim.. Bəlkə də edərdim, bu bir qismət məsələsidir.

- Sualımızı verməkdə məqsəd müəllimlərin maddi cəhətdən təmini ilə bağlıdır. Bir çox hallarda müəllimlər maaşların kifayət etmədiyini deyirlər...

- Mən orta məktəbdə də işləyirəm. Orta məktəb kursla tamam ayrı şeylərdir. Ancaq mən orta məktəbdə də uşaqlarla işləyib, nəyisə çatdırmaq istəyirəm. Konkret orta məktəbdə işləyib 300-500 manatla çətinlik çəkərdim. Dövr dəyişib, hər şey bahadır. Dolanmaq üçün o pul kifayət etmir. Bunu tək mən yox, bir çoxlarından soruşsanız təsdiq edər. İndiki dövrümüzdə müəllimin savadı, intelekti varsa, mütamadi yenilikləri izləyirsə o müəllim maaşa baxan müəllim olmayacaq. Ixtisasını gözəl bilirsənsə normal qazanıb, yaşamaq olar. Sıxıntı çəkməz. Bizim kursda da elə müəllimlər vardır ki, onlar da çox yaxşı qazanırlar. Çünki öz üzərində işləyirlər.

- Bəs qadınların rəhbər vəzifədə olması, maşın sürməsi bu gün də hardasa qəbul edilməzdir. Sizi bu narahat etmirmi?

- Məncə qadınlar kişilərdən yaxşı rəhbər ola bilirlər (gülür).

- Niyə elə düşünürsünüz?

- Bu işlədiyim yerdə mən müdürlükdən əlavə uşaqlara bir qadın kimi yanaşıram. Valideynlərin, şagirdlərin yanında olub, dəstək oluram. Yəni mən müdür olmaqla yanaşı, qadın tərəfi ilə də yanaşıram. Qadınların idarəetmə qabiliyyətləri kişilərdən yaxşıdır. Burada kişilərimizi gözdən salmaq anlamında demirəm. Ancaq qadın rəhbər hər şeyə elə qadın olaraq, daha kübar davranır. Az olmayıb qadın hökümdarlar, məyər onlar idarə edə bilməyiblər?...

- Şagirdlər hər zaman qadın müəllimləri sevirlər... sizi də sevirlərmi?

- İstər qadın, istər kişi müəllim... Şagirdlər tərəfindən sevilmək üçün özün-özünü sevdirməlisən. Qadınlara qarşı şagirdlərin marağı daha çox olur. Bunu etiraf etmək olar. Xüsusən də oğlan uşaqlarının. Amma, müəllim özünü sevdirməlidir. Burada cinsi ayrı seçkilik olmalı deyil.

- Sovet vaxtı şagirdlər müəllimdən qorxurdu. Müəllim şagirdləri döyə də bilirdi. İndi isə bu yığışdırılıb. Bəs çətin tərbiyyə olunan şagirdi necə yola gətirmək olar?

- Uşaqlarda “mənim hüquqlarım” deyə bir şey formalaşıb. Bir az üstünə getsən şikayət edir ki, müəllim üstümə gəlir, danlayır və s. Bu ola bilsin cəmiyyətin bir problemidir. Bəlkə də heç problem deyil, biz elə düşünürük ki, problemdir. Bizim vaxtımızda müəllimlər düşünürdü ki, nə olur-olsun oxumalıdır. Müasir sistem isə belə demir: onları öz ixtiyarına buraxmaq lazımdır. Seçim onundur. Sən yalnız motivasiya edə bilərsən, əlavə təklif, danlamaq onun sanki o dediyi hüquqlarını əlindən almış qəbul edilirsən. Mən həmişə şagirdlərimlə dost olmuşam.

- İllərdir ki, məzunlarınız olur. Heç onların hardasa uğurunu eşidəndə sizdə sevinc hissi yaranırmı?

- Bu yaxınlarda bir nəfər yaxınlaşıb salam verdi. Tanımadım. Dedi, müəllimə, mənə dərs demisiniz, adım İskəndərdir. Xatırladım, mən orta məktəbdə ona dərs demişəm. Çox nadinc uşaq idi, oxumurdu. Müəllimlər də hamısı şikayətçi olurdular ondan. İndi o, çox yaxşı bir vəzifədə işləyir sən demə. Belə hallar çox olur. Adam o zaman çox sevinir, fərəh hissi keçirir. Xüsusi bir hissdir, onu izah etmək çətindir...

- Artıq təhsilə diqqət getdikcə artır. Siz necə düşünürsünüz təhsilin keyfiyyəti bu diqqətə adekvatdırmı, siz bir pedaqoq kimi bu keyfiyyəti görə bilirsinizmi?

- Biz bu keyfiyyəti ən çox müəllimlərin işə qəbulu prosesində görürük. Çünki kursda müəllimlərin işə qəbulu üçün hazırlıqlarımız olur. Bir neçə il öncə orta məktəbdə müəllim işləmək qlobal bir problem idi. İndi isə Təhsil Nazirliyimiz, dövlətimiz elə bir şəffaf mühit yaratdı ki, elmi olan şəxs imtahan verib, qazanır və işləyir. Bir az pis cəhəti odur ki, azballı  uşaqların qəbul olmasıdır. Təhsil sistemimizdə irəliləyiş var, bunu hiss etməkdən yana, artıq görmək də olur.

- Bir çox ailələr qızlarının təhsil almasına qarşı çıxır. Qızların təhsil almasının nə kimi üstünlükləri var?

- Hər bir uşaq qədər də valideyni ilə biz işləyirik. Bəzən elə valideynlərlər qarşılaşırıq ki, ikinci, üçüncü sinif həcmində olan tapşırıqları bacarmırlar. Yəni belə valideynlərin heç nədən xəbəri yoxdur. Axı hansı zamandır? Valideyn də vardır ki, sən sözə başlayanda o, səni anlayır, sən də əziyyət çəkmirsən. Çünki təhsili var. Rayonlarımızda qızların ali təhsil alması arxa plandadır. Hətta heç oxumayan qızlarımız da çoxdur. Bunun da günahı ailədir. Mənim də belə tanışlarım var. Çoxu 8-ci sinifdən qızı çıxarıb evdə otururlar. Müasir dövrdə qadınlarımızın öz ayağı üstdə durması üçün, hüquqlarının tapdalanmaması üçün təhsil önəmli faktordur.

-  Heç olubmu ki, maddi imkanı çatmayıb və siz onun oxuması üçün rəhbər olduğunuz kursda şərait yaratmısız?

- İnsan elədiyi haqqında danışmamalıdır. Danışırsa gərək etməsin. Bəzən görürsən adi bir köməkliyi şişirdib dağ boyda edirlər. Nəyə lazımdır? Etdiyin səninlə Allah arasında olmalıdır. Əgər imkanın çatırsa köməklik etməlisən. Bu bizim mənəvi missiyamızdır. Qarşımızdakı insanlara yardım əlimizi uzatmalıyıq. Ona görə mən başqa heç nə deyə bilmirəm. Bircə onu deyə bilərəm belə şeylər az olmayıb (gülür).