“Baş nazir dürüst insandır, amma siyasi qruplar onu işləməyə qoymurlar” - Türkmənlərin lideri

10:46 11.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl İraqda etiraz aksiyaları başladı və hökumətlə yaşanan toqquşmalar nəticəsində 200 civarında iraqlı həlak oldu, minlərlə insan müxtəlif dərəcədə bədən xəsarəti alaraq yaralandı. Hadisələr şiə mərkəzlərində başladı və davam etdi. Sosial xarakterli şüarlar səsləndirdilər, amma bütün ölkədə kök atmış bu problemlərin həlli üçün başlayan aksiyalarda ölkənin şimal hissəsinin - əsasən də kürdlər və türkmənlər, eləcə də sünnülərin yığcam yaşadıqları rayonların əhalisi iştirak etməməklə müəyyən şübhələr oyatdı.

Yəni baş verənlər sosial problemlərə həll istəməkdən daha çox, xarici qüvvələrin çörəyinə yağ sürtməkdəydi. Bütün baş verənlərə aydınlıq gətirmək üçün İraqla bağlantı qurmağa çalışdıq. Amma ölkədə bir həftədir intenet kəsildiyindən suallara cavab almaqda yubandıq. Nəhayət budur, Türkməneli Partiyasının sədri, türkmən xalqının milli lideri Riyaz Sarıkahya ilə söhbətləşib aldığımız cavabları oxuculara təqdim edirik.

- İraqda xalqın bir hissəsi mövcud hökumətə qarşı etiraz aksiyaları keçirməkdədir. Səbəb də sırf sosial problemlərdir. Bu gün İraqda işsizlik ciddi problemə çevrilib. Yüz minlərlə vətəndaş ali təhsil almalarına baxmayaraq illərdir iş tapa bilmir. Dövlət qurumlarında rüşvətxorluq və korrupsiya, qohumbazlıq halları baş alıb gedir. Mövcud siyasi kadrlardan qurtulmaq üçün son seçkilərə ümid edən xalq, burada da ciddi şəkildə saxtalaşdırma və digər qanun pozuntularının baş verməsi səbəbi ilə heç nə əldə edə bilmədi. Yəni bütün gözləntiləri puç oldu.

- Axı indiki hökumət islahatlar keçirəcəyini vəd edirdi…

- Baş nazir Adil Əbdülmehdi çox yaxşı insandır, dürüst şəxsiyyətdir, amma siyasi qruplaşmalar ona istədiyi kimi işləməyə imkan vermirlər. Bütün bunlar xalqın səbrini daşdırdı.

- Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda çox sayda vətəndaşınız həlak olub. Hökumətinizin onsuz da müharibədən yeni çıxmış, yaraları hələ sağalmayan xalqa bu qədər qaba davranması nə dərəcə düzgündür? Ölkə siyasi cameəsi, siz siyasi partiya sədrləri baş verənlərə necə qiymət verirsiniz?

- Hökumətin dinc aksiyaları yatırmaq üçün gücdən istifadə etməsi faktını İraqın əksər siyasi partiyaları qınayıb və etirazlarını açıq şəkildə bildiriblər. Amma məsələ ondadır ki, etirazçılar arasından kimlərsə ictimai mülkiyyətə ciddi ziyan verməyə, qəsbkarlıq və oğurluq etməyə başladı. Yalnız bundan sonra hökumət gücdən istifadəyə qərar verdi. Xaricdən dəstəklənən qruplar həm hökumətə, həm də etirazçı kütlə arasına sızaraq tərəfləri qarşı-qarşıya qoya bildilər. Nəticəsi də bu oldu ki, iki yüz civarında vətəndaşımız həlak oldu, minlərlə insan yaralandı. Hadisələr başlayandan ölkədə internet kəsilib, bir çox telekanalların yayımı dayanıb və sair. Məsələnin adi etirazdan daha çox silah yolu ilə inqilaba cəhd olduğunu anlayan hökumətin sərt tədbirlərə əl atmaqdan başqa çarəsi qamamışdı. Xalq çıxışlarının dayandırılması üçün İran İraq hökumətinə çox güclü dəstək verdi.

- İran dəstək verdi deyirsiniz, bəs bu ABŞ-ı hövsələdən çıxarmadı?

- Amerika ilk başda etirazçıları dəstəkləyirdi. Bunu onların verdiyi açıqlamalardan da hiss eləmək olurdu. Əlbətdə ki, bu vəziyyət İrana yaxınlığı ilə seçilən şiə mərkəzləri narahat edirdi. Ona görə də etiraz aksiyası keçirən kütləyə sərt mövqe bildirdilər, onlara dəstək vermədilər.

- Amma etiraz edənlər şiələr idilər…

- Əslində bəli, aksiyalar başlıca olaraq paytaxt Bağdad və cənubdakı şiələrin yaşadığı bölgələrdə keçirilib. Hansı ki, sünnilərin yaşadığı bölgələrdə bu aksiyalara dəstək verilmədi. Xüsusilə kürd və türkmənlər baş verənlərə qarışmadı. Şiələrin özləri də var İrana yaxınlığı ilə seçilənlər, bir də var şiə olsalar da ərəb ölkələri ilə həmrəy olanlar. Aksiyaya çıxanlar əslində İranla yaxın olmayanlar idi və buna görə də hökumət sərt tədbirlərə əl atdı.

- Xalqın küçələrə axışmasında İran - ABŞ və ya İran – Səudiyyə Ərəbistanı ziddiyyətlərinin təsiri olduğu söylənilirdi. Yəni belə demək mümkündürsə, hadisələrdə mütləq adıçəkilən ölkələrdən birinin barmağı var. Bu müstəvidə nələr deyərdiniz?

- Aksiyaları Amerikayönümülü telekanallar böyük canfəşanlıqla işıqlandırırdılar ki, bu da təbii olaraq şübhə doğururdu və sonda ABŞ-ın aksiyaları dəstəkləməsi barədə fikir formalaşdırdı. Nəticələrə əsaslanan İran da aksiyaçılara qarşı hökumətin yanında yer aldı. Zərəri isə günahsız İraq xalqına dəydi…

- Siz də qeyd etdiniz ki, aksiyalar əsasən Bağdadda və ondan cənubda qalan bölgələrdə baş verib. Həmin bölgələrdə isə şiələr yaşayır. Bütün bunlar o demək deyilmi ki, ABŞ və Səudiyyə Ərəbistanı məhz şiələr arasında çaxnaşma yaratmaq, məzhəb müstəvisində bölgədə qarışıqlıq salmaq istəyir?

- Çıxışlarda adətən İranı sevməyən və ərəb millətçidi olan şiələr iştirak edib. Bayaq dediyim kimi, işsiz-gücsüz, savadlı şiələr və hökumətin siyasətindən narazı qalan kütlə də onlara dəstək verdi ki, bəlkə nəticədə öz sosial problemlərindən qurtulalar. Amerika dəstəkli bəzi qeyri hökumət təşkilatları və telekanallar da onların yanaında yer aldılar. Yəni belə demək mümkündürsə, hadisələr ABŞ – İran qarşıdurmasını xatırladırdı. Hələlik, Amerika prosesləri qazanmadı və yumşaq “U” dönüşü edərək hökumətə dəstək verəcəklərini bildirərək hadisələrdə əli olmadıqlarına inandırmağa çalışırlar.  

- Bəs hadisələrin axarından kənarda qalan Türkmənelidə, Ərbildə, Mosulda vəziyyət necədir? Baş verənlərə siz türkmənlər nə deyirsiniz?

- Türkmənlər olaraq bölgəmizin sabitliyi naminə hər hansı aksiyaya qoşulmamışıq. Hesab edirik bu cür aksiyalarla problemləri həll edə bilmərik – bunlar Bağdadda yoluna qoyulmalıdır və qoyulacaq da. Əlbətdə ki, biz də İraq hökumətində yeniliyin, islahatların baş verməsini istəyirik. Amma qəti olaraq hökumətin devrilməsinə qarşıyıq. Çünki problemin arxaında xaricdən uzanan barmaqları açıq-aşkar görürük. Ona görə də xarici müdaxilələrin yolu dövlətdə çox ciddi islahatlar aparmaq, işsizliyin səviyyəsini azaltmaq, rüşvət və korrupsiyanın qarşısı kəsilməklə bağlanmalıdır. İstəyirik ki, dövlət ictimailəşsin, hökumət institutlarımız güclü olsun. Xüsusilə də seçki prosesi şəffaflaşsın, bu müstəvidə müdaxilələr aradan qaldırılsın.

- Bir narahatlıq da odur ki, hadisələr gərginləşərsə peşmərgə yenidən Kərkükə hücum edə bilər. Kürdlərin baş verənlərə münasibəti necədir? Peşmərgə yenidən Kərkükə gələ bilərmi?

- Əlbəttə. Kərkükdə hadisələr qarışarsa, yaxın ətrafda yerləşib fürsət gözləyən peşmərgə qüvvələri şəhərə girə bilər. Onlara zatən bəhanə lazımdır. Məncə bu hadisələrin başlıca səbəbi baş nazir Adil Əbdülmehdinin Çinə səfəridir. İraq bir neçə gün öncə Çinlə büyük anlaşmalar imzaladı və təbii olaraq Amerikanın planlarına qarşı çıxdı. Yoxsa ki, etiraz aksiyalarının müqavilələr imzalan günün sabahı başlaması təsadüfi sayıla bilməz. Vaşinqtona nəzarətdə saxlaya biləcəyi hökumət lazımdır və ona görə də indiki kabineti devirməyə çalışdı. Hər halda hadisələr səngiyib, amma aksiyaların yenidən başlaya bilmə ehtimalları də az deyil…