“Qarabağ üçün oxu” ilə istədiyimiz ismarışları çatdırdıq” – Samir Abbasov

14:43 15.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Budəfəki həmsöhbətimiz Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Onunla mərkəzin fəaliyyətindən, görülən işlərdən danışmışıq. Həmsöhbətimiz hafta.az-a müsahibəsində özbəkistanlı gənclərin ifasında “Qarabağ üçün oxu” klipindən danışıb. Özbəkistanın Türk Şurasına tam hüquqlu üzv olmasının yaratdığı imkanlara toxunub.

-Özbək gənclərin ifasında Azərbaycan mahnılarını eşitdik. “Qarabağ üçün oxu” layihəsi çərçivəsində gerçəkləşdirilən bu proje ilə bağlı ətraflı məlumat verməyinizi istərdik…

-Mən həmişə fəaliyyət göstərdiyim ölkədə çalışırdım ki, qardaş Özbəkistanın dilində, özbək gənclərinin dili ilə baş vermiş faciəni, işğalı, bizə qarşı edilən haqsızlıqları dünya birliyinə, eləcə də Özbəkistana çatdırım. Ona görə də Özbəkistanda fəaliyyət göstərdiyimiz müddətdə hər zaman Azərbaycan həqiqətləri ilə bağlı çoxsaylı məqalələrlə özbək mətbuatında çıxışlarımız olub. Kitablarımız çap edilib. Tarixçi alimimiz Şöhrəm Salamovun kitabları orada çapdan çıxdı. Buna qədər də çox böyük işlər həyata keçirilib. Amma bunu müxtəlif metodlarla həyata keçirməyə qərar verdik. Bu məsələni ictimaiyyətin anladığı və qəbul etdiyi dildə çatdırmağı əsas məqsəd kimi qarşıma qoymuşdum. Allaha şükür ki, bu nəsib oldu.

-“Qarabağ üçün oxu” layihəsini ərsəyə gətirmək nə qədər müddətə başa gəldi?

-İki ilə biz bu layihəni reallaşdırdıq. Əvvəlcə ideya meydana gəldi. Sonra onu reallaşdırmağa başladıq. Bir ildən çox çəkilişlər aparıldı. Özü də bu çəkilişlər Özbəkistanın müxtəlif regionlarında gerçəkləşdirildi. Təsəvvür edin ki, yüzlərlə çıxışlar olurdu. Biz onları seçirdik. Müsabiqələr keçirirdik. Bəzən anlaşılmaz olurdu. Azərbaycan musiqisini oxuyarkən bəzən fərqli ifadələr işlənirdi. Sonradan biz belə qərara gəldik ki, onların ifaları heç Azərbaycan aksentinə oxşamasın. Öz ləhcələrində, şivələrində olsun. Onda daha maraqlı və orijinal alınırdı. Həm də daha təbiidir. Nəhayət, biz bunu reallaşdırdıq.

-Kadrlara baxanda özbək gənclərinin fərqli şivələrdə Azərbaycan mahnılarını səsləndirdiklərinin şahidi oluruq. Çəkilişlər hansı şəhərlərdə aparlıb?

- Ondan çox şəhərdə - Gülüstan, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Daşkənd kimi şəhərlərdə çəkilişlər aparıldı. Fikrimcə, çıxışlar da pis alınmadı. 30-dan çox özbək gənci çıxış edib.

-Layihənin əsas qayəsi nədən ibarətdir?

-Layihənin əsas qayəsi ondan ibarət idi ki, onlar öz səslərini bizə verdilər. Sülhə, ədalətə, işğala son qoyulmasına… Bir sözlə, onlar bu məsələdə öz səslərini Azərbaycana verdilər. Layihədə bizim çatdırmaq istədiyimiz ismarışlar var idi. Təbii ki, həmin mesajlar da çatdı. Hansı tərəf istəyirdisə, o mesajları götürdü. Layihə uğurla başa çatdı. Bu layihə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsidir. Mərkəzimizin “youtube” kanalında da yerləşdirmişik. Biz daima bu məsələni təbliğ edəcəyik.

-Özbəkistan prezidenti Şövkət Mirziyoyev ilk dəfə Azərbaycana gəldi. Bu səfəri ölkələrimiz arasındakı mədəni, ictimai əlaqələrin inkişafı baxımından necə qiymətləndirə bilərsiniz?

-Təbii ki, mənim sahəm mədəniyyətdir. Mədəniyyət sahəsində də xeyli işlər görülüb. Dövlət başçılarımız arasındakı münasibətlər, Özbəkistanla Azərbaycan arasındakı tarixi dostluq, qardaşlıq əlaqələri bizə çox böyük imkanlar açır. Bu əməkdaşlığı daha da inkişaf etdirmək əsas məqsədimizdir. Bildiyimiz kimi türklər Özbəkistana ata vətən deyirlər. Nəhayət ki, Özbəkistan Türk Şurasının, birliyinin tam hüquqlu üzvüdür. Yəni, Türk Birliyinin mərkəzi olan Özbəkistan da bu qurumda üzv kimi iştirak edəcək. Hesab edirəm ki, bu, bizə yeni imkanlar açacaq. Eyni zamanda, Azərbaycan və Özbəkistan arasındakı əlaqələrin daha da inkişafı baxımından yeni imkanlar açacaq. İqtisadi və digər sahələrdə böyük bir platform yaranır. Təbii ki, əlaqələrimiz yüksək səviyyədədir. İki ölkə arasındakı əlaqələrin təməli ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci prezidenti İslam Kərimovdan başlayır. Bu gün də bu əlaqələr davam etdirilir.

-Bəs ədəbiyyat sahəsində nə kimi layihələrin reallaşdırılması nəzərdə tutulub?

-Özbək dilində 20-ci əsr Azərbaycan Antologiyasını çap etmişik. Burada bütün şairlərimiz – Bəxtiyar, Şəhriyar yəni, Azərbaycan ədəbiyyatının nəhənglərinin hamısı buraya düşüb. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi – bütün klassiklərimizin əsərləri özbək dilinə tərcümə olunub. Mədəniyyət Mərkəzinin layihəsi əsasında 60-dan çox kitab çap edilib. Mədəniyyət Mərkəzimizin tərkibində artıq tərcüməçilik məktəbi də fəaliyyət göstərir. Bu günlərdə çap olunan irihəcmli lüğət də bunun əyani sübutudur. Gələcəklə də bağlı böyük layihələrimiz var. Mən daha çox Azərbaycanın tarixinə önəm verəcəyəm. Hazırda Özbəkistanda Nəsimi festivalı davam edir. Biz Özbəkistanda Nəsimi müsabiqəsi keçiririk. Nəsiminin əsərləri də çap olunur.  ədəbiyyatla bağlı böyük işlər, layihələr nəzərdə tutulub.