“Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası gələcəkdə nüfuzlu təşkilata çevriləcək” – Azər Badamov

14:59 16.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının builki zirvə görüşü ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu ildən Azərbaycan Əməkdaşlıq Şurasına sədrlik edəcək. Bu ilin zirvə görüşündə müəyyənləşmiş mövzu da türkdilli dövlətlər üçün aktual bir mövzudur. Mövzu kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır. Yəni, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi türkdilli ölkələrin iqtisadiyyatlarını sürətləndirəcək”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkili bildirib ki, artıq Azərbaycan bu yolda ilk addımlarını atıb. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində böyük islahatlar həyata keçirilməkdədir: “2017-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin – KOBİA-nın yaradılması, eləcə də bu agentlik vasitəsi ilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ölkədə aparılan tədbirləri misal göstərmək olar. Kiçik və orta biznesin inkişafı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Bu gün kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət tərəfindən yaradılmış münbit şərait türkdilli dövlətlər üçün də strateji yol xəritəsi kimi görünəcək”.

Azər Badamov onu da xüsusi vurğulayıb ki, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində 1,4 ABŞ dolları həcmində sahibkarlara güzəştli kreditlər verilib. O, bildirib ki, sahibkarların fəaliyyəti, onların yeni sahibkarlıq strukturu kimi qeydiyyata alınması istiqamətində dövlət ciddi sadələşdirmə tədbirləri həyata keçirib: “Kiçik və orta sahibkarlığa vergi güzəştləri tətbiq olunur. Bunun nəticəsi və göstəricisidir ki, 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faizə çatıb. Bu, çox böyük göstəricidir. Çünki Azərbaycan iqtisadiyyatında bir neçə il bundan əvvəl ümumi daxili məhsul neft sektoru üzərində formalaşırdı. Artıq ölkəmizdə aparılan iqtisadi islahatların bəhrəsidir ki, özəl sektor özünü təqdim edə bilir”.

Millət vəkilinin sözlərinə görə, son 16 ildə ölkəmizə 270 milyard dollardan çox sərmayə qoyulub. Milli Məclisin deputatı onu da bildirib ki, burada həm daxili, həm də xarici xərmayənin öz payı mövcuddur: “Bu sərmayələrin qoyulması Azərbaycan iqtisadiyyatını sürətləndirib. Eyni zamanda, Azərbaycanın xarici dövlət borcunu kifayət qədər azaldıb. Bir neçə il bundan qabaq ölkəmizin xarici dövlət borcu 24 faizdən yuxarı idisə, indi bu rəqəm 17 faizə enib. Xarici dövlət borcu indeksində Azərbaycan dünyada 9-cu yerdədir. Dünyada 200-ə yaxın dövlətin olduğunu nəzərə alsaq, 9-cu yerdə qərarlaşmaq ölkə başçısının rəhbərliyi altında aparılan uğurlu iqtisadi siyasətin bəhrəsidir”.

Deputatın fikrincə beynəlxalq təşkilatlar Azərbaycanda aparılan iqtisadi və sosial islahatları müşahidə edir və dəyərləndirir. Azər Badamov deyib ki, Dünya Bankının 2020-ci il üzrə hazırladığı “Doing businnes” hesabatında Azərbaycan ən islahatçı ölkə sırasında yer alır: “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə isə Azərbaycan 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Bu göstəricilərin hamısı demək olar ki, ölkə başçısının rəhbərliyi altında aparılan uğurlu uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir”.

Milli Məclisin üzvünün fikrincə Azərbaycan türk dünyasında, eləcə də bütün dünyada etibarlı tərəfdaşa çevrilib. Belə bir nüfuzlu ölkənin Türkdilli ölkələrin Əməkdaşlıq Şurasında təmsil olunması və bu təşkilatda sədrliyin Azərbaycana keçməsi düşünürəm ki, bu ölkələr arasında iqtisadi əməkdaşlıqlar sahəsində böyük irəliləyişə səbəb olacaq. Əsas mövzulardan biri də kiçik və orta sahibkarlığın inkişafıdır. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, Azərbaycan sədrlik dövründə türkdilli ölkələr arasındakı iqtisadi əlaqələrin inkişafına böyük töhfələr verəcək. Həm də Azərbaycan sərmayə yatıran ölkədir. Türkiyə kimi böyük iqtisadiyyata malik ölkəyə Azərbaycan 15 milyard ABŞ dolları sərmayə yatırıb. Eyni zamanda, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar sərmayə qoyub”.

Azər Badamov qeyd edib ki, burada təkcə dövlət sərmayələri yoxdur, biznes strukturlarının sərmayələrini də qeyd olunmalıdır: “Bu gün Azərbaycanda yaranmış biznes strukturları ölkə daxilində olduğu kimi, ölkə xaricinə də sərmayələr yatırır. Düşünürəm ki, bu sərmayələr türkdilli ölkələrin – ayrı-ayrı dövlətlərin iqtisadiyyatına da yönələ bilər. Ümumilikdə götürəndə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası gələcək perspektiv baxımından böyük təşkilat statusu qazanacaq. Çünki Macarıstan kimi bir ölkənin burada nümayəndə kimi təmsil olunması, eyni zamanda, Budapeştdə bu şuranın ofisinin açılması türkdilli ölkələrin inteqrasiya prosesini sürətləndirəcək. Bu əməkdaşlıqlar öz müsbət nəticələrini verəcək. Düşünürəm ki, bu şuranın gələcək perspetivdə fəaliyyəti daha da genişlənəcək. Eyni zamanda nüfuzlu təşkilata çevriləcək. Artıq bu gün 6 ölkə bu təşkilatda təmsil olunur. Fikrimcə, başqa tükdilli ölkələr də bu təşkilatın sıralarına qatılacaq. TÖƏŞ-in qloballaşaraq dünya əhəmiyyətli bir təşkilata çevriləcəyini düşünürəm”.

Siyasət rubrikasından digər xəbərlər