Anar da istefa verməlidirmi?- Sorğu

12:50 23.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər ölkədə bir neçə yaşlı məmur öz istefa ərizəsini yazdı. Prezident İlham Əliyev də həmin məmurları qəbul edib, nikbin şəkildə bu addımlarını yüksək qiymətləndirdi. Prezident həmçinin onları digər yaşlı məmurlara örnək göstərib, üstüörtülü mesajlar verdi. Yəni, illərlə vəzifədə çalışan və yaşı keçmiş məmurları istefaya çağırdı.  Yazıçılar Birliyinin sədri Anar Rzayevın istefa verməsi məsələsi də  gündəmə gəlib Xatırlatmaq üçün deyək ki, AYB –də yeni qurtultayın keçirilməsi nəzərdə tutulur. Anar müəllim  müsahibəsində yenidən sədrlik postuna namizəd ola biləcəyini deyib. Anar Rzayevin isə 81 yaşı var. Mövzunun aktuallığını nəzərə alıb tanınmış insanların fikrini öyrənmək istədik: Anar Rzayev istefa verə bilərmi, istefa verərsə potensial namizədlər kimlər ola bilər?

Sabir Rüstəmxanlı( xalq şairi): “Mənim Anara böyük hörmətim var. Həm də bir neçə dəfə onun haqqında da məqalələrimdə yazmışam. Əvvəlki qurultaylarda da müdafiə eləmişəm. Mənə elə gəlir ki, bu bəyanatı zarafatdır. İnanmıram. Mən o bəyanata zarafat kimi baxıram. Anar müəllimin o yaşıdır ki, o ağırlıqlar, mübahisələr onun nəyinə lazımdır? İndiyə qədər şövqlə işləyib. Bundan sonra onun üçün çətin olar. Mən istəyirəm Anar uzun ömür sürsün. Öz yaradıcıllığına daha çox vaxt ayırsın. AYB idarəçilik istəyir. Anarın yazdığını başqası yaza bilməz, ancaq AYB-nin görülməli işlərini başqaları da görə bilər”.

Elçin Alıoğlu( jurnalist): “Anar Rzayevin istefa verəcəyini heç güman etmirəm. Baş verən prosesləri izləyirəm. İstefadan öncə o struktur dəyişməlidir. Hələ də Sovet təfəkkürü ilə idarə olunur. Anar bəy, istefa verərsə onun yerinə iki namizəd görürəm və onların ikisi də xalq tərəfindən sevilir: Çingiz Abdullayev və Rəşad Məcid. İkisi də çox istedadlı şəxsdir. Bunlar orada vəzifəyə başlasalar çox ciddi dəyişikliklər baş verə bilər. Lakin bununla belə, ölkədə yetərincə işi bilən, ədəbi mühitdən xəbəri olan gənclərimiz də var. Çox istərdim ki, AYB strukturlarında o gənclər də təmsil olunsun. Salam Sarvan, Qismət, Şərif Ağayar, Kəramət Böyükçöl və s”.

Pərviz Cəbrayıl(yazıçı): “Məni Anar müəllimin orda qalması, ya getməsi qətiyyən maraqlandırmır. Problem Anar müəllimdə deyil, qurumun özündədi. Din dövlətdən ayrıldığı kimi ədəbiyyat da Azərbaycanda bütün mütərəqqi ölkələrdə olduğu kimi, dövlətdən ayrılmalıdır. AYB öz parametrlərinə görə QHT-dir, ya sözün həqiqi mənasında müstəqil QHT olmalıdır, ya da ümumiyyətlə ləğv edilməlidir. İndiki statusunda ora kimin rəhbərlik etməsinin heç bir önəmi yoxdur. Üstəlik, QHT dövlət idarəsi deyil ki, orda yaş senzi nəzərə alınsın. Mənə görə, bu dəqiqə bu statusda olan AYB-yə Anar müəllimdən layiqli namizəd ola bilməz”.

Ülviyyə Tahir(yazıçı): "AYB üzvü deyiləm və bu təşkilat haqqında, onun məşğul olduğu işlər barədə məlumatlı deyiləm. Anarı yazıçı olaraq çox bəyənir və əsərləri ilə böyümüşəm. Amma işlərindən məlumatlı olmadığım təşkilat barədə fikir yürütməyim doğru olmaz. Ora kimin təyin oluna biləcəyi və ya kiminsə olmasını, səhv etmirəmsə, qurultay müəyyən edir. Düşünürəm ki, kim seçiləcəksə, bu insan ən azından Anar kimi ədəbiyyatın içindən gəlməlidi. Yenə vurğulamaq istərdim ki, yazıçı kimi inzivaya çəkilmişlərdən hesab olunuram, təşkilatlanma, vəzifə, çəkişmələr və polemikalara qoşulmadan yazımı yazıram. Həqiqətən, bu gün heç bir təşkilatdan, qrupdan yardım almadan və heç nə ummadan, ədəbiyyat uğrunda yazıçı kimi var olmaq Azərbaycanda qəhrəmanlıqdır".

Tural Turan(şair, gənc namizəd): "AYB sədri Anar da prezidentin çağırışına cavab verib istefa ərizəsi yazmalıdır. Ədəbiyyat siyasi hadisə olmasa da ictimai hadisələrin məcmusudur. Onu obrazlı şəkildə əks etdirir. Fikirlərim ədəbiyyatla siyasətin qarşılaşdırılması və ya qarışdırılması kimi anlaşılmasın amma hesab edirəm ki, ölkə başçısı İlham Əliyevin kadr islahatları ilə bağlı yaşlı məmurlara çağırışına Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim də cavab verməlidir. Artıq Milli Elmlər Akademiyasının prezidenti Akif müəllim Əlizadə bu çağırışı eşitdi. Ərizəsini yazdı. Əgər 85 yaşlı Akif Əlizadə bu addımı atırsa, 82 yaşlı Anar müəllim də AMEA sədrindən iradəsiz olmadığını ortaya qoymalıdır. İstefa ərizəsini yazmaqla iradə nümayiş etdirməlidir. Yolu gənclərə verməlidir. O gənclərə ki, qloballaşan dünya ilə daha yaxşı ayaqlaşa bilirlər. Proseslərdən baş çıxarmağı bacarırlar. Əgər 75 yaşlı Hacıbala Abutalıbov, 71 yaşlı Əli Həsənov dövlət idarətməsində sürətli manevr qabiliyyətinə malik olmadıqlarını boyunlarına alıb, dinamik proseslərlə əhatə olunmuş dünyanın ictimai-siyasi məsələlərindən baş çıxara bilməkdə çətinlik çəkdikləri üçün istefa ərizələrini yazırlarsa, deməli, onlardan 10-12 yaş böyük Anar müəllim Rzayev də anoloji addımı atmalıdır. Çünki dinamik inkişaf və sürətli yeniləşmə ədəbiyyat sahəsində də gedir".

 

Sosial rubrikasından digər xəbərlər