“Vaxtilə Əli Kərimli, İsa Qəmbər Əli İnsanovla düşmən mövqeyində dayanmışdılar” – Cavid Osmanov

12:47 06.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Dünən müəyyən müxalifət partiyaları dəyirmi masa arxasında görüş keçirdilər. Həm AXCP sədri, həm “Müsavat” başqanı, eləcə də keçmiş səhiyyə naziri Əli İnsanov da bu dəyirmi masada iştirak edirdi. Dünənki görüntü, dünənki mənzərə onu göstərir ki, radikal müxalifət tükəndiyini anlamağa başlayıb. Artıq bunu özləri də başa düşürlər”.

Bunu hafta.az-a açıqlamasında müxalif düşərgənin 5 noyabrda baş tutan “dəyirmi masa”sına münasibət bildirərkən millət vəkili Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, dünənki görüşdə müxalifətin sosial bazasının, elektoratının və ən əsası, xalq tərəfindən dəstəyinin olmaması bir daha hər kəsə aydın oldu: “Onlar çalışırlar ki, bir yerə yığışsınlar. Nəsə əldə eləsinlər. Amma dünənki masadan o da aydın oldu ki, bir dəyirmi masa arxasında otursalar da, özlərini müxalifət lideri adlandıranlar da bir-birlərinə rəğbətlə yanaşmırdılar. Çünki Azərbaycan müstəqillik əldə etdiyi bir gündən bunların bəziləri bir yerdə olublar. Sonra dağılıblar, parçalanıblar. Daha sonra bir-birilərini təhqir ediblər. Biri bir düşərgədə, o biri başqasında olub. Çox maraqlıdır ki, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, başqaları da vaxtilə Əli İnsanovla düşmən mövqeyində dayanmışdılar. Hətta Əli İnsanovun özü də onlara düşmən gözü ilə baxırdı”.

Millət vəkilinin sözlərinə görə, 15-20 il bundan əvvəl keçmiş səhiyyə naziri Əli İnsanov onlardan birini xəstə, digərini faşist adlandırırdı: “Məhz Əli İnsanov radikal müxalifətin faşist siyasət yürütdüyündən danışırdı. Bu insanlar öz amallarına çatmaq üçün satqınlıq da edərlər. Xəyanət də. Onlarda xalqa, millətə nifrət hissi mövcuddur. Azərbaycançılığa qarşı da nifrət püskürürlər. Ona görə də öz məkrli niyyətlərinə çatmaq üçün dünən bir-birlərinə düşmən olduqları halda, bu gün “qardaş” olublar. Bunlar üzdə “qardaş”dırlar. Dünənki dəyirmi masada onların görüntü üçün oturduqlarını üzlərindən aydın şəkildə oxumaq olurdu. Təkcə özlərini radikal müxalifət lideri adlandıranlar yox, onları dəstəkləyən qüvvələr də orada otursalar, həmin dəyirmi masanın bir çəkisi, sanbalı olmayacaq. Çünki bu insanlar Azərbaycan xalqının gözü qarşısında bir-birlərini təhqir edirdilər. Bir-birlərini söyürdülər. Bu gün birləşsələr də onsuz da Azərbaycan xalqının gözündən düşmüşdülər. Onların bir məqsədi var, o da ölkəmizdəki sabitliyə, əmin-amanlığa xələl gətirməkdən ibarətdir”.

Millət vəkili bildirib ki, erməni lobbisi Azərbaycana, Türk dünyasına qarşı hansı siyasəti aparırsa, bunlar da daxildə həmin siyasəti dəstəkləyirlər: “Erməni lobbisi bu qüvvələrin ağalarıdır. Çalışırlar ki, ağalarına xidmətlərini daha geniş şəkildə göstərsinlər. Xalqımız hər şeyi yaxşı görür. Dünənki dəyirmi masa da gülüş doğuran bir mənzərə idi. Təssüf ki, yaşı 70-dən yuxarı olan Əli İnsanov da ağlını itirib. Yəqin ki, belədir, yoxsa bunlara qoşulmazdı. Ataların belə bir məsəli var, insan yaşlaşdıqca müdrikləşir. Görünür, belələri nə gəncliyində, nə orta yaş dövründə, nə də yaşlaşanda ağıllanır. Nə İsa Qəmbəri, nə Əli Kərimlisi, nə də Əli İnsanovu... Bunlar xaricdəki havadarlarına, anti-Azərbaycan qüvvələrinin tapşırıqlarını yerinə yetirən və ən əsası heç bir dəyəri olmayan satqınlardır”.

Siyasət rubrikasından digər xəbərlər