Keyfiyyətsiz şpris təhlükəsi - ekspertlər həyəcan təbili çalır

16:39 07.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, son zamanlar bazarda keyfiyyətsiz şprislərin dövriyyədə olması barədə məlumatlar yayılmaqdadır. Pirallahı Sənaye Parkında yerləşən "Diamed Co" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynovanın bu günlərdə jurnalistlərə verdiyi açıqlama isə sözügedən məsələ ilə bağlı irəli sürülən iddiaları daha da möhkəmləndirib. Belə ki, zavod direktoru jurnalistlərə açıqlamasında Azərbaycanda kimsənin şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmadığını deyib: ““İnsanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil. Azərbaycan istehsalı olan şprislərin içərisində uc hissədə qara rezin olmur. Qara rezin olanda həmin şprislər tam steril sayılmır. Yəni, 3 hissədən ibarət olan şprisin bir hissəsi - 30 faizi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər isə iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni, tibbi polimerlər deyil. Azərbaycan istehsalı şprislərdə isə tibbi xammaldan istifadə olunur".

Direktor qeyd edib ki, şpris iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma" şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır gətirilir: "Artıq ölkədə 2, 5, 10 və 20 qramlıq şpris satışına başlamışıq. Bu günə qədər ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur. Zavodun istehsal etdiyi şprislər hazırda ölkədəki apteklərdə satılan şprislərlə eyni qiymətdə olsa da, keyfiyyəti yüksəkdir. Bu ilin may ayından açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycan əhalisinin şprislərə olan tələbatını ödəyir"

S.Hüseynova əlavə edib ki, əsas məqsəd yerli bazarı keyfiyyətli şprislərlə təmin etməkdir: "Qısa müddət ərzində daxili tələbatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Qarşıdakı illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması da nəzərdə tutulur. Zavodda tibbi kəpənəklər, sistem şlankları, tibb məhlulları, natrium xloridin hazırlanması da planda var".

Qeyd edək ki, Azərbaycanda şprisə olan illik tələbat 140 milyon ədəddir. Hazırda ölkəmizə şpris daha çox Çin və Türkiyədən gətirilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsi isə son zamanlar keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumun aşıqlamasında qeyd edilib ki, mərkəzə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb. Tövsiyə edilib ki, vətəndaşların hər hansı şikayəti yaranarsa, qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, e-mail ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu məsələ çox ciddi narahatlıq doğurur: “ Qeyd edim ki, Azərbaycana müxtəlif yollarla külli miqdarda keyfiyyətsiz və istifadəsi təhlükəli olan məhsullar gətirilir. Biz, Azad İstehlakçılar Birliyi olaraq bu məhsulların satış yerləri, adları, kimin gətirməsi barədə bütün dövlət qurumlarına, məlumat vermişik. Ona görə də, mən ölkəyə mənşəyi məlum olmayan, yoxlamadan keçməyən, təhlükəli şprislər gətirilməsini də istisna etmirəm. Buna qarşı isə dövlət orqanları ciddi mübarizə aparmalıdır.”.

E. Hüseynov vurğulayıb ki, mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsinin qarşısı bu sahəyə nəzarət edən qurumlar tərəfindən qəti şəkildə alınmalıdır: “Ölkəyə belə təhlükəli şprislərin gətirilməsi, əlbəttə ki, yolverilməzdir. Mənşəyi bilinməyən, təhlükəsizliyinə zəmanət olmayan, ekspertizadan keçirilməyən məhsullar, o cümlədən şprislər Azərbaycana buraxılmamalıdır. Ölkədə bir çox xəstəliklərin, o cümlədən hepatitin yayılmasında bu cür mənşəyi məlum olmayan şprislərin də rolunu istisna etmək olmaz. Bizə qarşı düşmən münasibətdə olan ölkə var. Onların da bundan istifadə etmək cəhdlərini istisna etmək olmaz. Müxtəlif viruslara yoluxdurulmuş şprisləri ölkəmizə göndərə bilərlər. Ona görə də, dövlət orqanları bu məsələyə nəzarəti artırmalı, mənşəyi məlum olmayan, keyfiyyətsiz şprisləri ölkəyə buraxmamalıdır”.

Ekspert bildirib ki, bir ictimai təşkilat olaraq idxal olunan şprislərin xaricdə ekspertizasını keçirməyə hazırdırlar: “Fikrimcə, təhlükəli şprislərin ölkəyə gətirilməsinin qarşısını almaq üçün ictimai müqavimət təşkil etmək lazımdır. Vətəndaşlar da klinikalar da bu cür şprislərdən istifadə olunmasından imtina etməlidirlər. Bir məqamı vurğulayım ki, əslində bizə bu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyevin ölkədəki standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan insan sağlamlığı üçün təhlükə törədən şprislərin mövcudluğu barədə məlumat yaymasından sonra çox sayda narahatlıq ifadə edən istehlakçı zəngləri gəlməyə başlayıb. Gün ərzində bu barədə 10-15 zəng daxil olur. Vətəndaşlar bizə zəng edərək, apteklərdə Çin istehsalı olan saxta şprislərin olduğunu bildiriblər. Şprisləri hardan almağın daha məqsədəuyğun olduğu barədə məsləhət istəyirlər. Amma Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayır ki, onlara bu barədə hansısa müraciət daxil olmayb. Hətta qurum əhaliyə müraciət edərək bu kimi hallarla rastlaşıldığı təqdirdə mərkəzə müraciət etməyi tövsiyyə edir. Bu məsələyə olduqca gülünc bir yanaşmadır. Axı, vətəndaş küyfiyyətsiz şprisi necə müəyyənləşdirə bilər? Vətəndaşın ekspertiza aparmaq üçün hansısa laboratoriyasımı var? Deməli, ciddi siqnal olmasına baxmayaraq aidiyyəti qurumlar hələ də gözləmə mövqeyindədirlər. Mən sabah bununla bağlı müvafiq qurumlara təkrar məktub ünvanlayacam. Çünki bazarın 85 faizi keyfiyyətsiz şpris satır. Bu insan sağlamlığı üçün çox təhlükəlidir və vətəndaşlar buna görə çox narahatdırlar”.

E.Hüseynov qeyd edib ki, satışdakı standartlara uyğun olmayan şprislər üç hissəli olur: "Bu şprislər silindir, porşen və onun sonluğunda yerləşən və ayrıla bilən qara rəngli rezindən ibarətdir. Standartlara uyğun və təhlükəsiz şprislərin isə porşeninin sonluğu qopmur və ayrılmır. Normal şprislər iki hissədən ibarət olur - porşen və silindrdən. İstifadə edildikdən sonra təhlükəlilərdən fərqli olaraq azca əyməklə sındırılıb tullanılır və təkrar istifadəsi mümkünsüz olur".

Birlik sədri onu da əlavə edib ki, bununla bağlı təşkil olunan ekspertizaya Türkiyənin "Ayset Tibbi", "SET MEDİKAL" "Gienjest", Çinin "Changzhou Medikal", "Changzhou", "Shandonq Zibo Medikal" firmalarının istehsalı olan və Azərbaycanda apteklərdə satılan şprislər göndərilib: “Hazırda bu firmaların istehsalı olan təhlükəli şprislər apteklərdə satılır. Aparılan ekspertiza nəticəsində təhlükəli şprislərin bir çox nöqsanları, o cümlədən bölgü şkalasının düzgün olmadığı, porşenin dəyişdirilib yenidən istifadə olunduğu və tullantı materialından hazırlandığı üzə çıxıb. Hətta şprislərin təkrar istifadə olunması, ucluğunda insan damarlarına ciddi zərər verə bilmə nöqsanlarının olduğu aydın olub”.

E.Hüseynov aidiyyəti qurumlara bir daha müraciət edərək vurğulayıb ki, keyfiyyətsiz məhsullar təcili şəkildə bazardan yığışdırılaraq məhv edilməlidir: “Bu məsələyə dırnaqarası baxmaq olmaz.    Mən əlimdə olan bütün faktları müvafiq dövlət orqanlarına göndərmişəm. Hesab edirəm ki, keyfiyyətsiz məhsullar təcili şəkildə bazardan yığışdırılaraq ictimaiyyət nümayəndələrinin iştirakı ilə məhv edilməlidir”.

Məsələ ilə bağlı hafta.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, bazarda keyfiyyətsiz şprislərin satılması barədə məlumatlar ciddi şəkildə araşdırılmalıdır:

“Bu problem mövcuddur. Xeyli vaxtdır ki, biz də öz təcrübəmizdə şahidi oluruq. Məsələn, şprisdən ya vurulan məhlul axır, ya da şpris çat verir. Təbii ki, bu məhsulun keyfiyyətsiz olmasının göstəricisidir. Mən xarici ölkələrdə şprislərdən istifadə etmişəm. Onların keyfiyyəti bizdə satılanlardan çox-çox fərqlənir. Hesab edirəm ki, digər bəzi məhsullar kimi bu məhsulun da ölkəmizə ən keyfiyyətsizi idxal olunur. Əslində şprisin hazırlandığı materiallar insan orqanizmi üçun zərərsiz olmalıdır. O baxımdan keyfiyyətsiz şprislər orqanizm üçün real təhlükə mənbəyidir. Həmin məhsullar əlavə problemlər yarada bilər. Tutaq ki, bəzi dərman maddələri ilə reaksiyaya girə bilər və s. Digər tərəfdən şprislər adətən qamma şüalanma ilə strelizə olunurlar. Amma belə bir keyfiyyətdə hazırlanan şprislərin adekvat strelizasiyası da təbii ki, şübhə doğurur”.

 

 

 

Sosial rubrikasından digər xəbərlər