"Qazaxıstandakı Azərbaycan diasporu cəmiyyətin inkişafına öz töhfəsini verir" - Səfir

19:31 29.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın Azərbaycandakı səfirliyində bu ölkənin birinci Prezidenti günü münasibətilə tədbir keçirilib.
 
Hafta.az yazır ki, tədbirdə çıxış edən Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov bildirib ki, bu bayram 2012-ci ildən başlayaraq qeyd edilir. Diplomat vurğulayıb ki, Nursultan Nazarbayev müstəqilliyimizin atası, görkəmli dövlət xadimi, böyük islahatçıdır. Onun müəllifi olduğu geniş iqtisadi islahatlar Qazaxıstanı böyük inkişaf yoluna çıxardı. Bu gün strateji kursu Prezident Kassım-Jomarat Tokayev tərəfindən davam etdirilir. İqtisadiyyatın diversifikasiyası uğurla həyata keçirilir.
 
 
Səfir deyib ki, birinci Prezidentin adını daşıyan paytaxt Nur-Sultanda bu gün azərbaycanlılar da daxil olmaqla, 170 millətin nümayəndəsi yaşayır. Qazaxıstanda böyük Azərbaycan diasporu var və onlar cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
 
“Nursultan Nazarbayevin həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar ölkəmizi sabitlik və tərəqqi yoluna çıxardı. Məhz bu islahatlar sayəsində Qazaxıstan dünya miqyasında mühüm oyunçulardan birinə çevrilib. Dünyada Avrasiya İqtisadi Şurası və Türk Şurası kimi təşkilatların təşəbbüskarı kimi tanınan Nursultan Nazarbayev həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının, MDB və bəzi başqa qurumların əsasını qoyanlardan olub. Qazaxıstan nüvəsiz dünya uğrunda ümumdünya hərəkatının lideridir. Həmçinin Suriya böhranında da qərəzsiz tərəfdaşlıq edirik”, - diplomat deyib.
 
 
Azərbaycanla əlaqələrə toxunan səfir deyib ki, ölkələrimizi dərin köklərə malik dostluq, oxşar mədəniyyət, dil birləşdirir. "Strateji tərəfdaşlığımızın əsasını böyük öndərlər Heydər Əliyev və Nursaltan Nazarbayev qoyub. Bu gün isə həmin əlaqələr prezidentlər İlham Əliyev və Tokayev tərəfindən uğurla davam etdirilir. Cənab Tokayev Bakı ilə əlaqələrin inkişafına mühün əhəmiyyət verir" deyən səfir əlavə edib ki, iqtisadi-ticarət əlaqələrimizin həcmi ildən ilə artmaqdadır.
 
 
Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti Eldar Günaydın, Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov, Nazarbayevin təkcə Qazaxıstanın deyil, bütün türk dünyasına məxsus olduğunu bildirib.
 
Qeyd edilib ki, Stalin repressiyası zamanı Qazaxıstan azərbaycanlıların evinə çevrilib.
 
Daha sonra səfir Serjan Abdıkarimov tərəfindən ölkələrimiz arasında əlaqələrin inkişafında xidmətlərinə görə bir sıra şəxslər mükafatlandırılıb.
Oxunma sayı 139