“Bu gün deyə bilərik ki, məqsədimizə çatmışıq " - Kolumbiya səfiri

20:02 11.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasından 25 il ötür. Bu münasibətlə Kolumbiyanın ölkəmizdəki səfirliyi rəsmi qəbul keçirib.

Hafta.az yazır ki, bir sıra rəsmi şəxslərin, diplomatik korpus nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş çıxışı ilə açan Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kordinas ölkələrimiz arasında əlaqələrdən danışıb. Bildirib ki, geridə buraxdığımız 25 il ərzində Kolumbiya ilə Azərbaycan arasında iqtisadi, siyasi, elmi-mədəni sferalarda çox sayda layihələr reallaşdırılıb. O, bu gün Kolumbiya ilə Azərbaycan atasında dost münasibətlərin mövcud olduğunu qeyd edərək, beynəlxalq təşkilatlar səviyyəsində də qarşılıqlı şəkildə bir-birilərini dəstəklədiklərini nəzərə çatdırıb.

“25 il əvvəl Kolumbiya Azərbaycanla diplomatik əlaqələr qurub və bu gün deyə bilərik ki, məqsədimizə çatmışıq”, - səfir deyib.

Tədbirdə “Bakuba Band” çıxış edib, “Ağ çiçək” Kolumbiya mədəniyyətinə xas olan “Currulao del Pacifico”, “Sanjuanero”, “Cumbia” “Salsa” rəqsləri ifa olunub, “La Chimba” musiqi qrupu tərəfindən mahnılar səsləndirilib.

Ümumiyyətlə, ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin vəziyyəti necədir? Əvvəla, Azərbaycanla Kolumbiya arasında diplomatik əlaqələr 1994-cü il dekabr ayının 13-də qurulub. Kolumbiyanın ölkəmizdə səfirliyi 2014-cü ildən fəaliyyət göstərsə də, Azərbaycanın bu ölkədəki səfirliyinin iqamətgahı hələlik, Meksikada yerləşir. Buna baxmayaraq, ölkələrimiz arasında diplomatik əlaqələri inkişaf etdirmək üçün heç bir maneə yoxdur.

Bu arada qeyd edək ki, hazırda ölkəmizin Meksikada, eləcə də Kolumbiyada səfiri Məmməd Talıbovdur. Səfirliyin Kolumbiyanın paytaxtı Boqotadakı ofisinə isə, səfirliyin 1-ci katibi Elnur İskəndərov rəhbərlik edir.

Kolumbiyanın ölkəmizdəki səfiri isə Luis Antonio Dimate Kordinasdır.

Bu 25 il ərzində Azərbaycanla Kolumbiya arasında, baxmayaraq ki, iki ölkə arasında coğrafi məsafə çox böyükdür, geniş əlaqələr yaradılıb. İki ölkə rəhbər şəxslərinin, o cümlədən Xarici işlər nazirlərinin dəfələrlə qarşılıqlı səfərləri həyata keçirilib ki, bu da iqtisadi-siyasi, elmi-mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə stimul verib.

Ölkələrimizin bir-birinə hörmətinin başlıca təzahürü kimi qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıma, ölkələrimizin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına sayğı və dəstəyi göstərə bilərik. Hər iki ölkə güc yolu ilə ərazilərin tutulmasının qəbuledilməz olduğunu qıbul edir.

Kolumbiya dövləti ilk gündən Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan ordusu tərəfindən işğal edilməsi faktına qarşı ciddi etirazını ortaya qoymaqdadır. Rəsmi Kolombo hökuməti bu fikirdədir ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır. Bunun üçün isə BMT nizamnaməsinin məqsədləri, prinsipləri və müddəalarına, beynəlxalq hüququn qaydalarına və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrinə əməl edilməlidir.

Bu yerdə xatırlatmaq vacibdir ki, Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamə, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənəd qəbul edib.

Ölkələrimiz arasında iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, logistika, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində tələbə və tədqiqatçıların mübadiləsi xüsusilə diqqət çəkir. Hazırda iki ölkənin müvafiq diplomatik tədris və təlim müəssisələri arasında əməkdaşlıq mövcuddur. Kolumbiya XİN-nin dəstəyi ilə Azərbaycan XİN-in əməkdaşları üçün ispan dili kursları təşkil edilir.

Bütün bu yaxın münasibətlərə baxmayaraq ölkələrarası ticarətin həcmi çox azdır ki (2018-ci ilin yekunlarına görə cəmi 734 min dollar), bu da mövcud iqtisadi potensiala qətiyyən cavab vermir. Ona görə də ticarətin həcmini artırmaq üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmaslar qurmaq vacibdir. Ticarətdə əlaqələrin şaxələndirilməsi məqsədilə Qafqaz regionuna yad olan yeni tropik meyvələrin gətirilməsi üçün xüsusi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Kolumbiya tərəfi Göyçay, Kürdəmir, Zaqatala və Hacıqabul kimi Azərbaycan rayonlarında nar və fındıq istehsalında əməkdaşlıq etmək istəyini açıq şəkildə bildirməkdədir. “Red Valley” Azərbaycan şirkətinin Kolumbiyaya bəxş etdiyi 1200 nar ağacı artıq Kolumbiyanın Kauka Cayl vadisində yetişdirilməkdədir.

Bu gün ölkələrimizin parlamentləri arasında da geniş əməkdaşlıq mövcuddur. Milli Məclisdə Azərbaycan-Kolumbiya Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir ki, hazırda qrupun sədri millət vəkili Əsabil Qasımovdur.

Ölkələrimiz arasında humanitar sahədə də ciddi əlaqələr mövcuddur. Məsələn, Kolumbiyanın Eksternado Universitetində yaradılan Türkiyə-Azərbaycan Araşdırmalar Mərkəzinin qarşılıqlı əlaqələrin gücləndirilməsində böyük rolu var.