“Ölkəmiz indiki inkişafina şəhidlərin qanı bahasına nail olub" - Finlandiya səfiri

19:45 13.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin himni səsləndirilib.

Tədbirdə çıxış edən Finlandiyanın ölkəmizdəki səfiri Arja Makkonen Finlandiyanın müstəqillik tarixindən söz açıb. Bildirib ki, bu gün Finlandiyanın müstəqilliyinin 102-ci ildönümü qeyd edilir.

"Ölkəmiz kasıb cəmiyyətdən zəngin dövlətə çevrilib. Bu, öz növbəsində, verdiyimiz şəhidlərin qanı bahasına əldə olunub. Bu il biz şərti olaraq "Qış müharibəsi" adlanan hadisənin 80-ci ilini qeyd edirik. Həmin müharibə iştirakçıları hər il prezidentimiz tərəfindən qəbul olunur", – deyən səfir əlavə bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə səy göstərirlər. Xanım səfir qeyd edib ki, ölkələrimizin çiçəklənməsi iqtisadi uğurlardan çox asılıdır və çalışılmalıdır ki, iqtisadi əlaqələr genişləndirilsin.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov deyib ki, Azərbaycanla Finlandiya arasında əlaqələr bütün sahələrdə inkişaf edib. "Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını alqışlayırıq. Son illər ölkələrimizin rəhbər şəxsləri arasında keçirilən görüşlər də əlaqələrin genişlənməsinə təkan verir", – deyən G.Cəfərov əlavə edib ki, ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlıq mövcuddur. Bundan başqa, əlaqələr mədəni və humanitar sahələrdə də qənaətbəxş inkiçaf edib. O, gələcəkdə əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə edib.

Bu yerdə qeyd edək ki, Azərbaycanla Finlandiya arasında əlaqələrin tarixi 100 il geriyə uzanmaqdadır.

Məlumdur ki, hələ Xalq Cümhuriyyəti dövründə Balaxanı ərazisindəki Nobel qardaşlarının ofisində Finlandiyanın rəsmi nümayəndəliyi yerləşib və ofisə konsul agenti Veqelius rəhbərlik edib.

Sonrakı 70 illik Sovetlər dönəmində əlaqələr kəsilsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, iki ölkə arasında əlaqələr də bərpa olunub. Finlandiya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb, 1992-ci il martın 24-də isə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılıb. 2001-ci ilin noyabrında T.Lahelma iqamətgahı Helsinkidə olmaqla, Finlandiyanın Azərbaycanda ilk səfiri təyin edilib. Hazırda Finlandiyanın Azərbaycanda səfiri xanım Arja İnkeri Makkonendir.  Eyni zamanda, 21 oktyabr 2004-cü ildən Azərbaycan vətəndaşı olan Faiq Cəbiyev Finlandiyanın ölkəmizdə fəxri konsulu kimi fəaliyyətə başlayıb.

Azərbaycanın İsveç Krallığındakı səfiri,  eyni zamanda, Finlandiyada da akkreditə olunub. Hazırda səfirliyə Müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə rəhbərlik edir.

Finlandiya ilk gündən Qarabağ münaqişəsinin həlli prosesində müəyyən rol oynamaqdadır; məsələn: bu ölkə Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun tərkibinə daxildir, hətta Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Rusiya ilə birlikdə Finlandiya başçılıq edib.

Ölkələrimiz arasında siyasi müstəvidə sıx əməkdaşlıq mövcuddur. Mütəmadi olaraq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilməkdədir.

Ölkələrimizin parlamentləri arasında da sıx əməkdaşlıq mövcuddur. Milli Məclisdə Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2000-ci il dekabrın 5-də yaradılan işçi qrupa 2016-cı ildən millət vəkili İlham Əliyev rəhbərlik edir.

Hazırda Azərbaycanla-Finlandiya arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artırılması ilə bağlı səy göstərilir. Rəsmi məlumatlara görə, 2018-ci ilin yekunlarına əsasən Azərbaycanla-Finlandiya arasında ticarətin həcmi cəmi 30 milyon dollar olub. Hansı ki, bu rəqəmi artırmaq üçün çox böyük potensial mövcuddur. Misal üçün, 2008-ci ildə ölkələrimiz arasında ticarət əlaqələrinin həcmi 407 milyon dollar civarında olub ki, bunun da əksər hissəsi Azərbaycandan ixrac olunan yanacaq xammalının payına düşüb.

Günümüzdə Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində 13 Finlandiya şirkəti qeydiyyatdan keçib.

Bu gün Finlandiyanın Azərbaycanla iqtisadi əməkdaşlığını genişləndirmək üçün böyük fürsətlər mövcuddur. Hesab olunur ki, Finlandiya Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, sənaye parklarının fəaliyyətində dövlət sərmayəsi və ya şirkətləri ilə iştirak edə bilər. Eləcə də, energetika, ekologiya, peşə təhsili sahəsində əməkdaşlıq üçün imkanlar genişdir. Bundan əlavə, Finlandiya Azərbaycanın geniş nəqliyyat infrastrukturundan və tranzit potensialından, Bakı-Tiflis-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından da yararlana bilər.

Azərbaycanla-Finlandiya arasında elmi-mədəni, humanitar sahələrdə də əlaqələr mövcuddur. Bu il aprelin 26-da Helsinkidə, Finlandiya Təhsil işçilərinin həmkarlar ittifaqı ilə müqavilə və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə layihəsi əsasında, eləcə də Finlandiya Azərbaycan Assosiasiyasının təşəbbüsü və dəstəyi, Azərbaycanlı Qadınlar Cəmiyyətinin, Finladiya Azərbaycan Gənclər Birliyinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii konfrans keçirilib. Konfransda Finlandiya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Max Hatvala, Helsinki təhsil idarəsinin rəsmi nümayəndəsi Laurisalo Niina, Təhsil işçiləri həmkərlar ittifaqının rəsmisi Tiina İsaksson, Finlandiya əmək və sosial nazirliyinin əməkdaşı Puroaho Petri iştirak ediblər. Tədbir zamanı Azərbaycanın tarixinə, mədəniyyətinə və mətbəxinə həsr olunmuş sərgi də təşkil olunub.

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Finlandiyanın ölkəmizdəki səfiri xanım Arja İnkeri Makkoneni və bütün Fin xalqını təbrik edirik.