Kərkük qətliamı və 60 il sonrakı Türkməneli

19:55 15.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nə az, nə çox, tam 60 il öncə türk millətinin, xüsusilə biz azərbaycanlıların milli qürur yeri olan Kərkükdə sözün əsl mənasında qətliam yaşandı – canı canımızdan, qanı qanımızdan olan türkmən xalqına amansız divan tutuldu. Onsuz da günləri yox idi, az qala min il ərzində vətən adlandırdıqları İraqda vətənsiz olan türkmənlər mütəmadi məhrumiyyətlər içində yaşayıblar. Ən acınacaqlısı budur ki, bir dəfə ərəb hakimiyyətinin zülmünü yaşayan türkmənlər növbəti dəfə kürdlərin, başqa bir dəfə isə ərəblərlə kürdlərin birlikdə təhqirinə, hücumuna, suiqəsdlərinə tuş gəliblər. 1959-cu ilin 14-16 iyul tarixlərində Kərkük və ətrafında  - bütün Türkmənelidə günahsız və öz milli haqlarını əldə edə bilməyən xalqa qarşı törədilən cinayətlər, hətta deyərdim ki, türkmənlərə qarşı soyqırımın pik nöqtəsi idi.

Birbaşa İraq Silahlı Qüvvələrinin 2-ci ordusunun gözləri qarşısında Kərkük və çevrəsində türkmənlərə qarşı hücuma keçən silahlanmış kürdlər üç gün üç gecə ərzində nə qədər türkməni qətlə yetirdi, nə qədərini yaraladı, onlarla türkmənin ömrünü sərf edərək tikib-qurduğu evini soyub-taladı, yandırıb xarabaya çevirdi, dükanlarını yığıb-yığışdırıb apardılar. Elə isə İraqın 2-ci ordusu niyə kürdlərə gözün üstə qaşın var demədi? Cavab aydındır: çünki onlar türkü öldürürdülər - ərəbin gizli, kürdlərin isə açıq-aşkar nifrət bəslədiyi bir millətin nümayəndələrini...

Maraqlıdır, türkmənlərə qarşı yaşanan qətliam niyə məhz bu tarixdə baş verdi? Sitat: tam bir il öncə - 1958-ci ilin 14 iyul tarixində İraq Kürdüstanının keçmiş rəhbəri Məsud Bərzaninin atası Molla Mustafa Bərzani 11 il yaşadığı SSRİ-dən İraqa qayıtmışdı. Bundan ilhamlanan kürdlər artıq özlərini İraqın sahibi saymağa başlamışdılar. Rəsmi Bağdadın coşan kürdlərin davranışına göz yumması, arxada isə onları türkmənlərə qarşı hücuma həvəsləndirməsi nəticəsində Kərkük qan gölünə çevrildi. Məhz bu tarixdə siyasi və ictimai tribunalarda söz deyə bilən türkmən aydınlar qara siyahıya alınıb, bir-bir evindən və ya iş yerindən qaçırılaraq ya öldürülüb, ya da ağır işgəncələr verilərək ərəb hakimiyyətinin əli ilə zindanlara atılıblar. Bununla da kifayətlənməyən azğınlaşmış kürdlər qədim türk şəhəri Kərkükün bütün idarəetmə orqanlarına kürd və erməniləri təyin ediblər. Nəticədə isə Kərkükdə türkcə yayımlanan mətbuatın fəaliyyəti dayandırılıb, türk dilində danışmaq yasaqlanıb. Ardıyla da Sovet İttifaqında təlim keçmiş kürd kommunistlər kütləvi şəkildə Kərkükə yerləşdirilib, onlar da öz növbələrində yerli kürdləri silahlandıraraq İraqın daxilində de-fakto ordu yaradıblar. İyulun 14-də isə Cümhuriyyət elan olunmasının ilk ilini bayram edən insanlar rəsmi keçid zamanı yuxarıda haqqında söz açdığımız SSRİ agentləri olan kürd silahlılar tərəfindən gülləboran ediliblər. Sadəcə güllələsəydilər nə dərdləri vardı, insanları ailəsinin gözləri qarşısında diri-diri torpağa basdırıblar, meyitləri məftillə maşınlara bağlanaraq küçələrdə sürüyüblər, kimlərinin gözləri çıxarılıb, kimlərinin cəsədləri hissələrə parçalanıb, kimlərininsə meyitləri elektrik dirəklərindən asılıb və sair.

Bu vəhşət 60 il öncə türkmən qardaşlarımıza qarşı edilsə də, müstəqilliyinin ilk illərində qatil ermənilər eyni üsulu azərbaycanlılara qarşı tətbiq edilib. Türkmənelidə insanlar boş yerə özlərini azərbaycanlı saymırlar. Həqiqət budur: dilimizdəki sözlərin çoxu, şivələr, adət-ənənələr eynidir. Təəssüf ki, tarix boyunca bəxtləri də azərbaycanlılarınkı kimi gətirib. Onlara zərbəni həmişə kürdlər vurub, azərbaycanlılara isə ermənilər. Kürdləri də ruslar və Qərb əlinin altında oynadır, erməniləri də. Amma hər ikisin də hədəf eynidir – türk milləti.

... İyulun 15-də dünyada şok təsiri yaradan Kərkük qətliamına qardaş Türkiyənin sərt reaksiyası Bağdadı özünü toparlamağa məcbur eləyib. Tarixi mənbələr yazır ki, İraqın o vaxtkı hökuməti Türkiyənin Bağdaddakı səfiri vasitəsilə Ankaranı əmin edib ki, türkmənlərə qarşı bir də belə münasibət təkrarlanmayacaq. İlkin addımlar da atılıb: türkmənlərə qarşı qətliamda iştirak edən 260 kürd tutulub, onlardan 28 nəfəri edam edilib, bir çoxu həbs olunub. Amma təəssüf doğuran haldır ki, günahkar olmasına baxmayaraq çox sayda əliqanlı kürd qatil sərbəst buraxılıb. Əlbəttə,  hökumətin kürdlərə sərt davranmadığını görən türkmən fədailər təxminən 40 qatili taparaq qətlə yetirib, xalqın qisasını alıb.

Bir az da müasir Kərkükdən söz açaq. Haqqında danışdığımız və 60 il öncə millətin başına açılan oyunlar o vaxt bitmədi, zaman-zaman təkrarlandı. İqtidarı dövründə Səddah Hüseyn bir cür zülm etdi türkmənlərə, İŞİD gəlib başqa cür qətliamlar törətdi – Təlafərdə 200 günahsız türkməni qanına boyadı , İŞİD-ə qarşı mübarizə apardığını iddia edən kürdlər (peşmərgə) Kərkükə soxularaq yeni bir cinayət seriyasına imza atdı, şəhərin muzeylərini, banklarını, silahını-sursatını Kürdüstana daşıdı. Bunlar türkmənə qarşı soyqırım siyasətinin görünən tərəfidir. Əslində bu siyasətin müəllifləri və onların əlaltısı olan İraq hökuməti isə türkmənlərin haqq və hüquqlarına qarşı siyasi qətliamlar törətməkdədir. Məsələn, ölkə əhalisinin 10 faizə qədərini təşkil edən türkmənlərin sayı ölkə parlamentində əks edilmir və hətta qat-qat aşağıdır. Hökumətdə bir vacib nazirlik, komitə rəhbəri, parlament sədrinin, prezidentin və ya baş nazirin müavinlərindən bircəciyi türkmənlərdən təyin olunmayıb. Bu gün İraq hükuməti milli müstəvidə tamamilə ərəblərlə kürdlər arasında bölünüb. Təxminən 4 milyonluq türkmən əhalinin yaşadığı coğrafi bölgənin – Türkmənelinin özünüidarə statusunun tanınması bir yana, heç yığcam yaşadıqları Kərkükdə yerli rəhbərlik sisteminində onlara layiqli vəzifə belə verilməyib...

Bu gün Türkiyənin dünyada sözünü deyəcək gücə yüksəlməsi, SSRİ-nin siyasi meydanda olmaması, eləcə də Türkməneli insanlarının təşkilatlanması və sair səbəblərdən türkmənlərin mövqeyi heç də 1959-cu ildəki kimi deyil. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, Bağdadın və qonşuluqda pusquya yatan Ərbilin düşmənçiliyi gizli də olsa davam edir, hər halda türkmənlər artıq öz sözlərini daha yüksəkdən deyə bilirlər. Lakin ortada bir sual var – türkmənlər İraq daxilində kürdlər kimi birləşib vahidləşə bilirlərmi? Öz şəxsi düşüncəmə əsasən deyəcəm ki, yox. Hər zaman olduğu kimi yenə də bəzi idarəolunan bölücülər öz işlərindədir. İraqın mərkəzi hökuməti bir yandan, Kürdüstan yerli hakimiyyəti də o yandan türkmən ziyalıların qaymaqlarını ya vəzifəyə çəkmə, ya da maddi şirnikləndirmə yoluyla əsas hədəfdən – milli vahidləşmə prosesindən kənarlaşdırır. Bu gün biri millət vəkili mandatı ilə mükafatlandırılıb, özünü milli lider elan edirsə, amma fikri, amalı və əməli digər türkmən liderlərininki ilə üst-üstə düşmürsə, buna nə ad vermək olar? Bu gün türkmən xalqının az qala milli-mənəvi dəyəri, fikir, ideya mənbəyi hesab olunan, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya xalqın yüksək sevgisinə baxmayaraq adi millət vəkili seçilə bilmirsə, əvəzində ondan qat-qat aşağı pillədə dayanan başqaları parlamentdə təmsil olunursa, bundan necə şübhələnməyək? Bu gün türkmən xalqının milli mübarizəsini dünyaya tanıtmaq üçün cibinin pulunu xərcləyən, hətta şəxsi vəsaiti hesabına, məsələn, azərbaycanlı jurnalist olaraq məni iki ildə iki dəfə İraqa və xüsusilə də Türkməneli yurduna dəvət edən Riyaz Sarıkahya ilə yaşadığı villanı darısqal hesab edən, əliavtomatlı əsgərlərin kordonu arasında gəzən, amma özünü xalqın etibar etdiyi şəriksiz lider sayan başqa bir partiya sədrini necə müqayisə edək? Riyaz Sarıkahya türkmən milli mübarizəsini dünyaya tanıtmaq üçün gecə yatmayıb məni – xaricdən dəvət etdiyi jurnalisti hava limanında şəxsən gözlədiyi halda, özünü xalqın lideri sayan, millət vəkili Ərşad Salehi evinə gələn həmin jurnalisti qonşu otaqda xeyli gözlədib, yanına gələndə isə əl sıxıb görüşməyi unutdu... Bəs Riyaz Sarıkahya niyə millət vəkili seçilmir, cavab aydındır - Bağdad parlamentə türk millət atasının daxil olmasını istəmir. Kürdüstanda millət vəkili Aydın Maruf biz jurnalistlərlə görüşməyi özünə çox gördü, internet üzərindən Ərbildə yaşayan türkmənlərin durumu ilə bağlı sualımıza isə “sizə nə” cavabı verdi. Mən deyə bilmərəm, ola bilər bu insanlar türkmən xalqının irəli çıxardığı əsl liderlərdir. O zaman nə baş verib, vəzifə onları əlçatmazamı çevirib, bilmirəm. Əgər millət vəkili mandatı onları belə qüdrət sahibi edirsə, nazir olsalar necə olacaq? Məsələn, Muna Kahveçi, Kürdüstan muxtariyyətində parlament sədrinin müavini seçiləndən sonra yazdığımız salamları belə oxuyub cavablamır. Bu təkəbbür nədən yaranır, axı siz türkmən milli mübarizəsinin liderlərisiniz, siz xalqın yanında, onun maraqlarını qoruyan mənim kimi hər kəsin yanında olmalısınız. Xahiş edirəm, yalvarıram, türk millətinin adət-ənənələrini, milli dəyərlərini başınıza tac edin, mübarizənizə zərrə qədər töhfəsi olan hər kəsi bağrınıza basmağı öyrənin. Heç olmaya böyük türk qızı Feyha Bayatlı və ya sadə türkmən oğlu Yılmaz Hüseyn qədər millət üçün ürəkdən yanın. Yoxsa 1959-cu il qətliamları yenə qarşınıza çıxacaq və ziyan əzabkeş türkmənlərə və bütün türk millətinə dəyəcək...    

Siyasət rubrikasından digər xəbərlər