“Nikol Paşinyan rəqiblərini aradan götürmək istəyir” – Fikrət Sadıqov

16:21 13.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda siyasi durum yenə qarışıb. Baş nazir Nikol Paşinyan sələfləri Robert Köçəryanla, Serj Sarkisyanı hər vəchlə məngənə arasında sıxmağa çalışır. Hətta məhkəmələr Robert Köçəryanla bağlı əsaslı dəlillər tapmadı. Ancaq Paşinyanın göstərişi ilə eks-prezident yenə də dəmir barmaqlıqlar arasına göndərildi. Üstəlik Serj Sarkisyanın da həbsi ilə bağlı yayılan şaiyələr həqiqət donunu geyinməyə başlayır.

Serj Sarkisyanı özünə əsas rəqiblərdən biri kimi görən işğalçı ölkənin baş naziri onu da dəmir barmaqlıqlar arasına göndərməyə çalışır.

Politoloq, siyasi elmlər üzrə professor Fikət Sadıqov hafta.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan hakimiyyətdən gedərsə, onun yerinə kimin gələcəyi də naməlum olaraq qalır: “İndiki halda onların Dağlıq Qarabağ münaqişəsinə prqamatik yanaşan siyasətçiləri də yoxdur. Nə Paşinyan, nə Sarkisyan, nə də Köçəryan bu problemə prqamatik yanaşır. Bilinən odur ki, Paşinyan hakimiyyətə gəldikdən sonra rəqiblərini aradan götürmək istəyir. Birinci mərhələdə o siyasi rəqiblərini aradan götürdü. İkinci mərhələdə o, özünün təyin etdiyi adamları işdən çıxardı. Onların siyahısında Təhlükəsizlik Xidmətinin rəhbəri, polis rəisləri, nazirlər də var. Görünür, o vaxt Nikol Paşinyan Serj Sarkisyana söz veribmiş ki, hakimiyyəti səs-küysüz versə, ona dəyməyəcək. Amma indi Serj Sarkisyan onun əleyhinə danışmağa, bəyanatlar verməyə başlayıb. Bütün bunlar Paşinyanı bu barədə yenidən düşünməyə vadar edir və Sarkiysana da iş açdırmaq istəyir. Artıq bununla bağlı addımlar da atılmağa başlayıb”.

Politoloq onu da əlavə edib ki, Nikol Paşinyanın idarəetməsində heç bir sistemlik yoxdur. Professorun sözlərinə görə, onun bu istiqamətdə təcrübəsi yoxdur: “Onun xasiyyətinə, xarakterinə də baxdıqda görünür ki, qeyri-sabit insandır. Bu da onun hakimiyyətini zəiflədə bilər. Artıq ona qarşı bir sıra dairələr çıxış edir. Keçmiş tərəfdarlarının da iradlarına, tənqidlərinə məruz qalır. Yaranmış vəziyyətlə bağlı narazılıqlarını ifadə edirlər. Düşünürəm ki, bu nüans gec-tez həm onun zəiflənməsinə, hətta hakimiyyətdən uzaqlaşmasına gətirib çıxara bilər”.

Prosesləri isə zaman göstərəcək. Paşinyan hakimiyyətinin bundan sonrakı müddətini iqtisadi və sosial çətinliklər içərisində çırpınan sadə xalq kütlələri müəyyənləşdirəcək.