Rusiyada qadın pensiyaçıların sayı kişi təqaüdçülərdən iki dəfə çoxdur.
Hafta.az “Noviye İzvestiya” portalına istinadən yazır ki, ölkədə cəmi 13,8 milyon kişi, 27,3 milyon qadın pensiyaçı var. Bu uyğunsuzluğun arxasında rus kişilərin yarıdan çoxunun pensiya yaşına çatmamış ölməsi faktı dayanır.
Vəziyyətin əsas səbəbləri arasında spirt və siqaret, həmçinin xroniki stress, səhiyyə sistemindəki səhlənkarlıq və cəmiyyətin kişilərin üzərinə qoyduğu hədsiz məsuliyyətlər göstərilir. Qəfil ölüm halları xüsusilə 40-65 yaş arası kişilərdə baş verir və ekspertlər bu yaş qrupundakı ölümlərin 74 faizinin iş yerlərində qeydə alındığını bildirirlər.
Psixoloqların fikrincə, Rusiyada kişilər uşaqlıqdan “hər şeyi bacaran adam” roluna məcbur edilirlər ki, bu da böyük təzyiq yaradır. Ailədə bütün məsuliyyəti kişinin üzərinə atması, qadınların da bu məsuliyyətdən getdikcə öz üzərini götürməsi və yalnız istehlakçı rolunu mənimsəməsi münasibətləri zəhərləyir. Bu mühitdə kişilər problemlərini boğur, müalicə axtarmır, tez-tez içki və ya həddindən artıq işdə rahatlıq axtarırlar. Psixoloqlar bu fikirdədirlər ki, bir çox evliliklər kişilər üçün az qala ölümcül hala gəlib.
Hüquq ekspertləri isə dövlətin öz qanunları vasitəsilə gender bərabərliyini pozduğunu iddia edirlər. Qadınlara hamiləlik və analıq səbəbi ilə cinayət təqibindən azad olunsa da, kişilər üçün analoji hüquqi müdafiə yoxdur. Kişilərin pensiya yaşının qadınlardan gec olması da əsas ziddiyyət hesab olunur. Üstəlik, statistika evsizlərin, intihar edənlərin, işsizlərin əksəriyyətinin kişilər olduğunu göstərir.
Mütəxəssislər hesab edir ki, təcili olaraq kişilərin sağlamlığı ilə bağlı dövlət siyasəti yaradılmalıdır. Buna uyğun olaraq idman, qidalanma və müntəzəm müayinələr kimi sahələrdə maarifləndirmə artırılmalıdır. Bundan əlavə, kişilərə dəyərli olduqlarını hiss etdirmək üçün sosial dəstək mexanizmləri hazırlanmalıdır.