Nizaminin yubileyi münasibətilə musiqi albomu hazırlanıb 

13:21 25.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “ETERNITY” (Əbədilik) adlı musiqi albomu ərsəyə gəlib. Albom dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı həyata keçirilən silsilə tədbirlər planına uyğun olaraq hazırlanıb.

Layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, Mimar Sinan Güzel Sanatlar Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, prodüseri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri isə Səbinə Rəhimzadədir.

Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği baxımından olduqca aktual olan layihədə, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev, Dilşad Əliyeva tərəfindən bəstələnmiş mahnı-romanslar yer alıb.
Albomun üz qabığında Nizami Gəncəvinin siması əks olunub, içərisində isə dahi şair haqqında, eləcə də ifalarla bağlı ingilis dilində məlumatlar yerləşdirilıb.

Musiqi albomunda tanınmış vokal ifaçılarından, Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, İlham Nəzərovun ifalarında musiqi nümunələri lentə alınıb. İfaçıları fortepianoda Xalq artisti Ülviyyə Hacıbəyova, həmçinin Dilşad Əliyeva, Svetlana Əhmədova, Təranə Məmmədova, Ülviyyə Kazımova, Bəbir Bəbirli müşayiət edib.
Albom Azərbaycan diasporu tərəfindən mədəniyyətimizin, eləcə də dahi şair və mütəfəkkir Nizami Gəncəvinin beynəlxalq aləmdə tanıdılması və təbliği məqsədilə hazırlanıb.

Oxunma sayı 190