“Savadsız müəllimlər təhsil sistemini kor günə qoyublar“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Şahlar Əsgərov: “Kadr seçimi və biliyin qiymətləndirilməsi düzgün aparılmasa, təhsilmiz daha ağır durumda olacaq“

Bu gün ölkə ictimaiyyətində ciddi müzakirə obyektinə çevrilən mövzulardan biri də təhsil sistemində özünü büruzə verən problemlərlə əlaqədardır. Xatırladaq ki, çoxsaylı çatışmazlıqlara və qanunsuzluqlara görə bir müddət öncə təhsil nazirinin 3 müavini işdən çıxarılıb. Lakin uzun illər öncə mövcud olan və ilbəil dərinləşən problemlər hələ də çözülməmiş qalıb. Redaksiyamızın şənbə qonağı olan keçmiş deputat, Milli Məclisin Təhsil Komissiyasının keçmiş sədri, Prezident təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərovla söhbətimiz də sözügedən məsələlər və çıxış yolları barədədir.
MUSAHIBE

- Şahlar müəllim, Azərbaycan təhsilinin və təhsil sisteminin hazırkı durumunu necə qiymətləndirərdiniz?
- Öncə “Həftə içi“ qəzetinin kollektivinə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, təhsilə diqqət yetirirsiniz, təhsil sistemində mövcud olan problemlərə həmişə yer ayırırsınız. Sualınıza gəlincə, əvvəlcə təhsilin qarşısında duran vəzifələri müəyyənləşdirmək lazımdır. Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da təhsilin, xüsusilə də orta təhsilin əsas vəzifəsi və funksiyası şagirdlərə tərbiyə vermək və bilik öyrətməkdir. Müəllim təkcə bilik verməklə kifayətlənməməlidir. Şagird müəllimi görəndə özünü yığışdırmalıdır, səhv hərəkəti varsa, onun aradan qaldırılması üçün müəllim ona köməklik göstərməlidir. Bir sözlə, şagirdin bir vətəndaş kimi yetişməsində və formalaşmasında müəllimin rolu böyük olmalıdır. Təhsil vermədə isə ən vacib amil biliyin düzgün qiymətləndirilməsidir. Bu gün Azərbaycan məktəblərindəki siniflərdən yalnız bir neçəsində və bir neçə müəllim tərəfindən bu proses düzgün həyata keçirilir. Digərlərində isə qiymətlər şişirdilir. Yəni valideynlər müəllimlərə “hörmət“ edir və nəticədə aşağı biliyə malik şagirdlərə yüksək qiymət yazılır. Nəticədə siniflərdə olan psixoloji durum gərginləşir. Ona görə də əksər şagirdlər fikirləşirlər ki, oxumağın və orta təhsil almağın heç bir əhəmiyyəti yoxdur. Onlar düşünürlər ki, qiymət biliyə görə deyil, şəxsi münasibətlərə və maraqlara görə verilir. Bu amil məktəbin ümumi sütunlarını laxladan səbəblərdən biridir. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul üçün test imtahanları keçirir və tələbə adını qazananların siyahsını ictimaiyyətə təqdim edir. Əgər həmin siyahıya nəzər salsaq görərik ki, 6-8 il bundan qabaq orta Azərbaycan gəncliyinin malik olduğu bilik 230-240 bal səviyyəsində olub. Amma son illərdə bu rəqəm aşağı düşməyə başlayıb. Hətta builki nəticələrə görə orta bal 170-180 bal olub. Bu çox dəhşətli bir mənzərədir. Çünki dövlət büdcəsinin 25 faizi təhsilə ayrılır. Bu, kifayət qədər böyük rəqəm olsa da, həmin pul biliyə çevrilmir. Bunun da bir sıra səbəbləri var. Əvvəllər müəllimlər arasından ən qabiliyyətlisi, təşkilatçılıq və idarəetmə bacarığı olanı, savadlısı seçilər və direktor qoyulardı. Sonra ondan aşağı səviyyədə olan digər müəllimi direktor müavini təyin edərdilər. Digər müəllimlər isə bu seçimi normal qəbul edər və məktəb rəhbərliyinin tapşırıq və əmrlərini yerinə yetirərdilər. Amma indi direktorlar və müavinlər sadaladığım keyfiyyətlərə görə deyil, başqa amillər əsas tutularaq vəzifəyə gətirilirlər. Digər müəllimlər isə buna etiraz edə bilmirlər. Milli Məclisin Təhsil Komissiyasının sədri olanda Gədəbəydən mənə məktub göndərmişdilər ki, dana oğurluğu üzündən azadlıqdan məhrum edilmiş şəxsi kənd məktəbinə direktor təyin ediblər. Bu cür acınacaqlı faktlardan çox sadalamaq olar. Ona görə də belə neqativ hallara görə tədrisin səviyyəsi ilbəil aşağı düşür, bilik və tərbiyə məsələlərində geriləmə özünü büruzə verir. Amma sözügedən problemlərin çözülməsi üçün Azərbaycandakı bütün məktəblərin hər birindəki durum analiz edilməli və çıxış yolları tapılmalıdır. Yəni kadr seçimi və biliyin qiymətləndirilməsi məsələsi düzgün həyata keçirilməzsə, təhsilimiz daha ağır fəsadlarla üz-üzə qalacaq.
- Ən ağrılı problemlərdən biri də təhsildə pedaqoji mədəniyyətin pozulması ilə əlaqədardır. Pedaqoji tələblərə riayət etməyən müəllimlərin yaratdıqları “qanunların tələbləri“ isə şagirdləri və valideynləri həmişə narahat edib və bu proses hazırda da davam edirg
- Tamamilə doğrudur. Çünki pedaqoji mədəniyyət ilbəil azaldığından müəllim şagirdlərdən və tələbələrdən pul almağa utanmır və hətta bunu tələb edir də. Unutmayaq ki, inkişaf mədəniyyətlə bağlıdır. Əgər pedaqoji mədəniyyət aşağı səviyyədədirsə, yüksək təhsildən danışmağa dəyməz. Hətta bir müddət öncə qonşunun qızına sataşan bir müəllimi telekanala çıxartmışdılar. O da abırsızlığına salıb müxtəlif bəhanələr gətirirdi. Görün Azərbaycan müəllimi nə günə qalıb. Bu çox dəhşətdir. Müəllimlik müqəddəs sənətdir və bu sənəti yaşadanlar müəllimlərdir. Son 50 ildə Azərbaycan müəlliminin xalqımıza və dövlətimizə verdiyi var-dövlət bəlkə də neftimizdən əldə olunan gəlirdən daha çoxdur. Amma biz bu var-dövlətin qədrini bilmirik, onu zay edirik. Ancaq onu qorumaq və daha da artırmaq mütləq lazımdır ki, gələcək nəsillərimiz daha acınacaqlı durumlara düşməsinlər.
Bir dəfə internetdə bir məlumata rast gəldim. Orta məktəb şagirdləri arasında böyüyəndə hansı sənəti seçəcəkləri ilə bağlı sorğu keçirilmişdi. Bəzi şagirdlər demişdilər ki, böyüyəndə “vor zakon“ olacaqlar. Məktəblərdə təhsil və tərbiyə o qədər aşağı düşüb ki, şagirdlər oğru olmağı arzulyarlar. Bir misal da çəkim. Sahəsi 1,4 min kvadrat kilometr olan Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə minlərlə şəhidimiz və fiziki cəhətdən sağlamlıqlarını itirənlərimiz olub. Amma ondan əvvəl itirdiyimiz torpaq sahəsi 28 min kvadrat kilometr olub. Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında ölkəmizin ərazisi 114 min kvadrat kilometr olsa da, sonradan 86,6 min kvadrat kilometr oldu. Yəni 1920-ci ildən üzübəri torpaqlarımız rusların himayədarlığı ilə ermənilər tərəfindən zəbt edilib. Çünki Azərbaycan cəmiyyəti savadsız olduğundan torpaqların işğalından, verilməsindən və alınmasından xəbərsiz idilər. Ölkə ictimaiyyəti hətta bu işğal siyasətinə qarşı mübarizə belə aparmayıblar. Amma sonralar biliklənmə nəticəsində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə canlarını qurban verənlər də, əlil olanlar da çox oldu. Başqa bir misal da çəkim. Ötən əsrin əvvəlində Bakı Realnı Məktəbində slavyanmənşəli şagirdlərin sayı 240, ermənimənşəli şagirdlərin sayı 200-ə yaxın, polyak, yəhudi və digər millətlərə məxsus şagirdlərin sayı isə 3-ə bərabər olub. Hətta o zamanlar bəylər, xanlar və ağalar belə uşaqlarını oxutmayıblar. Dahi şairimiz Mirzə Ələkbər Sabir də yazırdı ki, oğul mənimdir əgər oxutmuram əl çəkin. Bu misalları ona görə çəkirəm ki, savadsızlıq, biliksizlik gələcək nəsillərimiz üçün çox böyük təhlükələr yarada bilər. Ona görə də təhsilin səviyyəsinin artırılması üçün yuxarıda haqqında danışdığımız problemlər hökmən çözülməlidir. Yoxsa müəyyən müddətdən sonra hazırda hökm sürən və gələcəkdə daha geniş şəkildə özünü göstərən neqativ hallara görə məktəblərdən diksinən və iyrənən valideynlər övladlarını oxumağa göndərməyəcəklər və “oxutmuram, əl çəkin“ deyəcəklər.
- Yeni tədris ilindən başlayaraq, pensiya yaşı çatmış müəllimlərin məktəb həyatından uzaqlaşdırılmaları da ciddi narahatlıq və narazılıq yaradıb. Bəziləri düşünür ki, onlardan bəhrələnmək əvəzinə, təhsil sistemindən uzaqlaşdırmaq təhsilə çox böyük zərbə vurdu və gələcəkdə daha ciddi problemlərə yol açacaqg
- Məncə, bu məsələdə hökuməti qınamağa dəyməz. Çünki təhsil sisteminin öz günahı üzündən bu cür uzaqlaşdırmalar baş verdi. Hətta bu sistemdə baş alıb gedən nöqsanlar üzündən belə dövlət başçısı təhsil nazirinin 3 müavinini işdən çıxartdı. Pensiya yaşı çatmış müəllimlərlə bağlı başqa tədbirlər həyata keçirmək olardı. Yəni baxmaq lazım idi ki, ölkədə nə qədər şagird var və onlara düşən müəllimlərin sayı nə qədərdir. SSRİ dövründə bir müəllimə 18-21 şagird düşürdü. Amma indi bu say kifayət qədər azalıb. Çünki müxtəlif yollarla diplom alan savadsız müəllimlərin hesabına müəllim kontingentinin sayı 360 min nəfəri ötüb. Üstəlik bu savadsızlar müəyyən yollarla məktəb rəhbərliyində təmsil olunmağa can atırlar və buna nail olanlar da kifayət qədərdir. Ona görə də məktəblərdə pedaqoji mədəniyyətin səviyyəsi ilbəil azalır. Bu səbəbdən də pensiya yaşı çatmış müəllimlərdən yenə də bəhrələnmək lazımdır. Hesab edirəm ki, onları yenidən təhsil sisteminə qaytarmaqla bəzi problemləri çözmək, ictimai narahatlığı və narazılığı azaltmaq olar.
- Təhsil sistemində 6 günlük tədrisin 5 günlük tədislə əvəzlənməsi də ciddi problemlərin yaşanmasına yol açıb. Dərs yüklərinin artıq olması və dərslərə sərf olunacaq vaxtın azlığı da şagirdlərə psixi təsir göstərməyə başlayıbg
- 5 günlük tədrisə etiraz buna etiraz edənlər sırasında mən də olmuşam. Çünki buna ehtiyac yox idi. Həddən artıq yüklənmə həm müəllimlər, həm də şagirdlər üçün ciddi problemlər yaradıb və yaradacaq da. Hazırda da bu məsələ ilə bağlı narahatlıqlar və narazılıqlar davam edir. Bu barədə də ciddi düşünmək lazımdır. Əks halda psixi gərginliyə düşən şagirdlərdə normal inkişaf olmaz və onlar biliyə yetərincə maraq göstərməzlər.
Təbriz Vəfalı