Novxanıda bir ədəd əl qumbarası və zenit top mərmisi zərərsizləşdirilib - FOTO

19:06 10.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 10-da saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarasının və mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan hafta.az-a bildirilib ki, məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Sumqayıt şəhər Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd DM-41 əl qumbarası və 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və zenit top mərmisinin ətrafında 150 kvadratmetr əraziyə yerüstü, 30 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən bu ilin yanvar ayının 1-dən noyabr ayının 10-dək 231 siqnal (əməliyyat çağırışı) əsasında 199 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1 915 ədəd partlamamış hərbi sursat (PHS), 28 717 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirərək 169 320 kvadratmetr ərazi yerüstü və 13 807 kvadratmetr ərazi yeraltı yoxlanılıb.