Oksford Universiteti çantaları günəş panelinə çevirən örtük hazırlayıb

10:13 13.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Oksford Universitetinin alimləri kürək çantalarından telefonlara qədər müxtəlif əşyalara yapışdıraraq günəş enerjisi istehsal edən nazik örtük hazırlayıblar.

Hafta.az-ın “Interesting Engineering”ə istinadən yazdığına görə, qalıq yanacaqların mühüm rol oynadığı iqlim böhranı səbəbindən təmiz və bərpa olunan enerjilərə keçid sürətlənir.

Günəş panelləri sənayesi bu istiqamətdə inkişaf edərkən, elm dünyası daim ulduzun enerjisindən daha çox faydalanmağın yollarını axtarır.

Ənənəvi silikon əsaslı günəş panellərindən daha səmərəli olduğu üçün son illərdə perovskit adlı material da gündəmə gəlib. Bu material günəş işığını enerjiyə çevirməkdə uğur qazandığı üçün “möcüzə materialı” da adlandırılır.

Oksford Universitetinin Fizika Departamentinin tədqiqatçıları perovskit təbəqələrindən ibarət örtük hazırlayıblar. Ənənəvi günəş panellərindəki silikon təbəqədən 150 dəfə daha incə olan bu örtük silikondan fərqli olaraq bir çox məhsula yerləşdirilə bilir.

Tədqiqat qrupu örtükdən 27 faiz səmərəliliyə nail ola bilib. Silikon hüceyrələrdən hazırlanan panellər günəş işığının 22 faizini enerjiyə çevirə bilir.

Tədqiqat hələ də resenziyalı bir jurnalda dərc olunmayıb, lakin Oksford Universiteti tərəfindən edilən açıqlamada, yeni örtüyün 27 faiz səmərəlilik təmin etdiyinin müstəqil bir təşkilat tərəfindən təsdiqləndiyi bildirilir.

Araşdırma qrupundan Dr. Şuayfeng Hu deyir: "Yığma və ya çox qovşaq yanaşmasını sınaqdan keçirən cəmi 5 il ərzində biz enerjiyə çevrilmə səmərəliliyini təxminən 6 faizdən 27 faizə qədər artırdıq ki, bu da bir qatlı fotovoltaiklərin bu gün əldə edə biləcəyi hədlərə yaxındır".

Alimlər möcüzə materialının zamanla 45 faizdən çox səmərəlilik təmin edəcəyini düşünürlər.

Günəş enerjisindən istifadə zamanı qarşıya çıxan problemlərdən biri də panellərdən ibarət böyük günəş fermalarının quraşdırılması üçün yerlərin tapılmasıdır. Yeni örtüyü müxtəlif səthlərə yapışdırmaq imkanı bu problemin aradan qaldırılmasına kömək edə bilər.

Tədqiqatçılar deyirlər ki, perovskit örtüyü kürək çantaları, telefonlar və avtomobillər kimi məhsulların üzərinə yerləşdirilə və günəş işığını enerjiyə çevirə bilər. Digər tərəfdən, yeni çevik və nazik örtük günəş fermalarını əvəz etmək üçün nəzərdə tutulmayıb.

Oksford komandasından olan Junk Uanq, CNN-ə deyib: "Mən günəş fermalarını ləğv etmək istədiyimizi söyləməzdim, çünki açıq şəkildə kifayət qədər günəş enerjisi istehsal etmək üçün çox yer və ya səth sahəsi lazımdır".

Möcüzə materialı ilə bağlı əsas problemlərdən biri onun zəif olmasıdır. Əvvəlki araşdırmalarda perovskitin laboratoriya şəraitində qısa müddətdə parçalandığı görülüb.

Alimlər bunun öhdəsindən gəlməyə çalışarkən, Oksford tədqiqatçıları yeni örtükdən tikinti və avtomobil sənayesində istifadə oluna biləcəyini təklif edirlər.

Qrupa rəhbərlik edən Henri Snayt deyir: "Laboratoriyalarımızda görülən günəş enerjisi materialları və texnikalarında ən son yeniliklər, mövcud binalar, nəqliyyat vasitələri və obyektlərdən istifadə edərək, günəş enerjisini daha davamlı və ucuz şəkildə əldə etmək üçün material istehsal edən yeni sənayeyə yol aça bilər".